Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:36

Attraksionların təhlükəsizliyinə hansı qurum cavabdehdir?


Milli Park, 30 may 2006
Milli Park, 30 may 2006

Respublika prokurorluğu Bakı şəhər İcra hakimiyyətinə müraciət edib. Şəhər meriyasının təsərrüfat şöbəsindən isə sözügedən qurğuları yoxlamaq üçün səlahiyyətləri olmadığını bildirirlər


Mayın 18-də Dənizkənarı Parkda “şeytan yelləncəyi” adlandırılan çarxlı karuseldə ana və körpə uşağının həlak olmasından sonra Bakıdakı attraksionların – uşaqların əyləncə vasitələrinin təhlükəsizliyi məsələsi gündəmə gəlib. Bulvardakı attraksionların təhlükəsizliyinin yoxlanması üçün Respublika prokurorluğu Bakı şəhər İcra hakimiyyətinə müraciət edib. Şəhər meriyasının təsərrüfat şöbəsindən isə sözügedən qurğuları yoxlamaq üçün səlahiyyətləri olmadığını bildirirlər. Şöbədən deyirlər ki, bu funksiyanı indiyə qədər Dövlət Dağ Texniki Nəzarət İdarəsi yerinə yetirimiş. Hadisənin baş verdiyi Dənizkənarı Parkın rəhbərliyi isə onsuz da belə yoxlamaların hər gün aparıldığını bildirir. Parkın Attraksionlar üzrə müdiri Hümbət Məmmədov bildirdi ki, hər gün səhər parkın texniki nəzarətçiləri attraksionları yoxlayır və ancaq bu haqda texniki nəzarət gündəliyinə imza atıldıqdan sonra karusellərin işlədilməsinə icazə verilir.


Bulvarda baş verən hadisə əhali arasında narahatlığa səbəb olsa da, uşaqları ilə gəzməyə çıxanların əksəriyyəti təhlükəsizlik məsələsində çox şeyin əslində valideynin özündən asılı olduğu fikrindədirlər. Elə buna görə də çoxları risk eləməməyi, uşaqlarını yüksək sürətli attraksionlara mindirməməyi üstün tuturlar.


“Şeytan yelləncəyi” adlanan karuseldəki olayla bağlı attraksionun nəzarətçisini hüquq mühafizə orqanları məsuliyyətsizlikdə ittiham edirlər. 12 yaşı tamam olmayan körpə uşağı karuselə buraxdığına görə. Amma attraksionlar üzrə təhlükəsizlik texnikası qaydalarında yazılır ki, içkili halda, və ya fiziki qüsurlu, ya da 50 yaşdan yuxarı insanların və 12 yaşına qədər uşaqların belə karusellərə tək buraxılması qadağandır.


Milli Parkdakı karusellərin texniki istismar müddətinə gəlincə, rəhbərlik burdakı avadanlıqların 1992-96-cı illərdə quraşdırıldığını və vaxtaşırı təmir olunduğunu bildirir. Rusiyadan gətirilən karusellər çox bahadır məsələn, elektrikli avtodromun bir maşının qiyməti real avtomobil qiymətinə - 6 min dollaradır. Ona görə də İran və Türkiyə istehsal olunan attraksionlara üstünlük verilir. Belələrindən 3-ü parkda bir neçə aydır ki, istifadəyə verilib. Qiyməti də digər karusellərdən 2 dəfə bahadır - 2 min manat. Nəzarətçilərin sözlərinə görə, təzə attraksionlar daha sürətli olduğundan uşaqlara məhdudiyyət qoyulub. Üstəlik, karusellərin idarə olunmasıyla bağlı texniki kurslar da keçiblər.


Nəhayət, Bakının mərkəzi parklarındakı əksər attraksionlar dövlətə məxsusdur. Elə Milli Park statuslu bulvarda da. Amma bu o demək deyil ki, burda hər hansı bir şəxs və ya qurum özü attraksion quraşdıra və işlədə bilməz. Qaydalara görə, məsələn Dənizkənarı Parkda attraksion quraşdırmaq istəyən şəxs, texniki nəzarət qurumundan yoxlamadan keçən karuseli dövlətin qoyduğu icarə planına, enerji məsrəfləri və başqa xərcləri ödəməklə icarəyə götürə bilər.


XS
SM
MD
LG