Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Azərbaycanda təxminən 3 milyon 200 min nəfər siqaret çəkir


Siqaret çəkəndən fərqli olaraq onun tüstüsünü udan üç dəfə çox zəhərlənir
Siqaret çəkəndən fərqli olaraq onun tüstüsünü udan üç dəfə çox zəhərlənir

Ümumdünya Səhiyyə Təşkilatının ekspertinin fikrincə, ölkədə siqaret çəkənlərin 2-10 faizini qadınlar, 40-60 faizini isə kişilər təşkil edir


Azərbaycanda son vaxtlar həm kişilər, həm də qadınlar arasında siqaret çəkənlərin sayı artıb. Səhiyyə Nazirliyi yeniyetmələr arasında tütün çəkənlərin sayının çoxaldığını xüsusi vurğulayır. Nazirlik bunun əsas səbəbini narkotik maddə kimi tanınan nikotinlə izah edir.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sağlam Həyat Tərzi Proqramının milli koordinatoru Azad Hacıyevin sözlərinə görə, Azərbaycanda daha çox kişilər siqaret çəkir: «Azərbaycanda təxminən 3 milyon 200 min nəfər siqaret çəkir, onun da 2-10 faizi qadınlar, 40-60 faizi kişilərdir».


Azərbaycan hökuməti 1993-cü ildə tütünlə mübarizə üzrə Avropa strategiyasına qoşulub. 1995-ci ildə ÜST-ün təşəbbüsü ilə Səhiyyə Nazirliyi nəzdində tütünlə mübarizə üzrə Koordinasiya Şurası yaradılıb. Hazırda həmin şura nəzdində yaradılmış işçi qrupu siqaretlə mübarizə üçün ÜST-ün tövsiyələrini nəzərə almaqla Milli Proqram hazırlayıb və bu yaxınlarda həmin layihənin müzakirəsi keçiriləcək.



Həkim-terapevt Zülfruz Yaqubova, Bakı, 31 may 2006
Azad Hacıyev deyir ki, həmin proqramda həm yeniyetmələrin siqaret çəkməsinin azalmasına nail olmaq üçün profilaktik tədbirlər, maarifləndirmə, həm də uzun müddət siqaret çəkənlər üçün reabilitasiya işləri nəzərdə tutulub.

Söhbət etdiyimiz adamların çoxu siqareti çəkməyə adət etdiyini, bəziləri isə artıq bir neçə dəfə tərgitdiyini bildirir. Həkim-terapevt Zülfruz Yaqubova isə siqaret çəkmənin insan orqanizmi üçün yaratdığı xəstəlikləri belə təsvir edir: «Siqaretin yaratmadığı xəstəlik varmı? Vaxtından əvvəl qocalma, hipertoniya, asma, ən dəhşətlisi isə daxili orqanların xərçəngi. Siqaretin tərkibində radioaktiv maddə isə illərlə toplanaraq müxtəlif xəstəliklər törədir, immun sistemini pozur».


Passiv tütünçəkmə də insan orqanizmi üçün ciddi təhlükə mənbəyi hesab olunur. Və yaxud hamilə qadınların tütün çəkməsi reproduktiv funksiyanın pozulması riskini artırır. Nəticədə uşağın sağlamlığı üçün təhlükə yaranır.


Zülfruz Yaqubova: «Əgər siqaret çəkən özü zəhərlənirsə, onun tüstüsünü udan üç dəfə çox zəhərlənir. Məsələn, bəzən məlum olur ki, müayinə etdiyim xəstə siqaret çəkənlərlə bir otaqda oturur. Xəstəliyinin səbəbi də elə budur. Bunun qarşısını almaq lazımdır».


2000-ci ildə Milli Məclis «Reklam haqqında» qanuna tütün məhsullarının kütləvi informasiya vasitələri və ictimai yerlərdə reklamını qadağan edən dəyişikliyi qəbul edib. Bir il sonra isə Milli Məclis «Tütün və tütün məhsulları haqqında» qanunu qəbul edib. Bəzi ictimai yerlərdə, məsələn tibb müəssisələrində, nəqliyyat vasitələrində siqaret çəkməyə qadağa qoyulsa da, buna heç də həmişə əməl olunmur, ekspertlərsə bu sahəyə nəzarəti vacib sayır.


XS
SM
MD
LG