Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:47

Azərbaycan uşaqlarının hüquqları


İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Ekspertlərin fikrincə, ölkədə uşaq problemləri yalnız iyunun 1-də yada düşməməlidir, bu hüquqlar hər gün qorunmalıdır


1999-cu ildə Azərbaycanda Uşaq Hüquqları Konvensiyasını həyata keçirmək üçün dövlət proqramı qəbul olunub. Bu ilin əvvəlində xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin Cenevrədəki ofisində Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı çıxış edib. BMT-nin uşaq komitəsi isə Azərbaycan hökumətinə uşaqların vəziyyətini yaxşılaşdırmaq məqsədilə 38 tövsiyə verib. Bu tövsiyələrə uşaqlarla məşğul olan xüsusi bir qurumun yaradılması, əlil uşaqlara qayğı, internat uşaqlarının ailələrə verilməsi və sairə daxildir.


Tövsiyələrin yerinə yetirilməsi üçün hökumət bəzi işləri görüb. Ancaq ekspertlər bunu yetərli saymırlar. Məsələn, Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılsa da, bu komitənin əsasnaməsi hələ təsdiqlənməyib.


Bir müddət əvvəl prezident İlham Əliyev valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısı haqqında proqramını imzalayıb. Ancaq hələ ki, bu proqram çərçivəsində konkret hansı işləri görülməsi məlum deyil.


Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov: «Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlarla yanaşı, ailədə yaşayanların hüquqlarının qorunmasıyla bağlı da problemlər az deyil». Yusif Bəkirov hesab edir ki, ölən uşaqların statistikası yoxdur, intihar edənlərin də dəqiq statistikası aparılmır. «2004-cü ildə 35 uşağın özünə qəsd etməsi məlumdur. Ancaq nə səbəbə, bəlli deyil».


Artıq Azərbaycanda «Yuvenal Ədliyyə» adlı layihənin də həyata keçirilməsinə başlanıb. Bu layihədə məqsəd uşaq hüquqlarını qorumaq üçün qanunlarda olan boşluqların tənzimlənməsidir. Milli Valideyn-Müəllim Assosiasiyanın icraçı direktoru Təranə Şərifova bildirir ki, Azərbaycanda uşaq məhkəmələri yoxdur, bizdə ixtisaslaşdırılmış uşaq hakimləri, vəkilləri olmadığından uşaqların taleyi çox vaxt düzgün həll olunmur.


UNİCEF-in Uşaqlar üzrə Proqramının rəhbəri Radoslav Rejaksa da bu fikirdədir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur. Bunun üçün Qərbi Avropa ölkələrinin təcrübəsindən istifadə oluna bilər. «Məsələn, nazirlərin, nazir müavinlərinin iştirakıyla şura yaradılaraq uşaq hüquqlarının qanunlara uyğun olaraq qorunmasına nəzarət etmək olar».


Hazırda UNİCEF Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirlikləri, Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı ilə birlikdə işləyir. Cənab Rejakın fikrincə, bütün bu işləri əlaqələndirmək üçün müvafiq bir qurum yaradılsaydı, daha yaxşı olardı.


Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun fikrincə, əslində Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçmiş sovet məkanında olduğu kimi, iyunun 1-də deyil, noyabrın 20-də qeyd olunmalıdır - yəni Uşaq Hüquqları Konvensiyasının qəbul olunduğu gün. Ümumilikdə isə uşaqların hüquqlarından yalnız bir gün danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır.


XS
SM
MD
LG