Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

«Azərbaycanın gələcəyi neftdən asılıdır»


«Azərbaycandakı iqtisadi artımın azalmasının əsas səbəbi dünyada neftin qiymətlərinin azalmasıdır»
«Azərbaycandakı iqtisadi artımın azalmasının əsas səbəbi dünyada neftin qiymətlərinin azalmasıdır»
«Azərbaycanın gələcəyi neftdən asılıdır. Daha doğrusu, neftin qiymətlərindən. Və bir də hökumətin bu gəlirləri necə istifadə edəcəyindən».

Asiya İnkişaf Bankının növbəti iki il üçün verdiyi iqtisadi proqnozlarda belə deyilir.

Hesabatda qeyd olunur ki, 2009-2010-cu illərdə Azərbaycanın iqtisadi inkişafı bütün Asiya ölkələrində olduğu kimi yavaşıyacaq. Məsələn, artım tempi 2008-ci ildə 10.8 idisə, bu il 8 faizə, gələn il isə 6.7 faizə düşəcək.

Baxmayaraq ki, proqnoza görə, ümumilikdə Asiya qitəsi üzrə artım 2009-cu ildə azalsa da, 2010-cu ildə yenidən artmağa başlamalıdır.

Azərbaycandakı iqtisadi artımın azalmasının əsas səbəbi isə dünyada neftin qiymətlərinin azalmasıdır. İxracın azalması neft sektoruna qoyulan investisiyaları da azaldacaq, bu isə büdcə gəlirlərinin azalmasına səbəb olacaq.

Bankın fikrincə, büdcə gəlirlərinin azalması nəticəsində sosial müdafiəyə ayrılan xərclərdəki artım da dayanacaq. Yəni maaşların artırılmasını indiki templərlə də gözləmək çətin olacaq.

Amma «şər deməsən, xeyir gəlməz məsəli» Asiya İnkişaf Bankının proqnozunda da yada düşüb.

Bank iddia edir ki, neftdən gələn gəlirlərlə Azərbaycan hökuməti əvvəlki illərdə daxili investisiyaları artırıb, infrastruktur layihələrinə pul ayırırdı. Bu isə ölkə içində əlavə pul kütləsinin yaratdığı inflyasiyaya səbəb olurdu.

Bank 2008-ci ildə inflyasiyanın 20 faizi keçməsinin əsas səbəbi kimi məhz bunu göstərir. Amma hökumətin bu cür investisiyalara az pul ayırması nəticəsində inflyasiya 2009-cu ildə orta hesabla 12, 2010-cu ildə 7 faizə qədər azalacaq.

Neftin qiyməti üzündən Azərbaycanın xarici ticarət saldosu 25.5 və 17.7 faizə qədər geriləyəcək. Amma bunun da yaxşı tərəfi odur ki, kənd təsərrüfatı məhsulları və metal məmulatların ixracı artıma doğru gedəcək.

O ki qaldı idxala, Bankın fikrincə, Azərbaycanda qiymətlərin artımı, inflyasiyanın bir əsas səbəbi də məhz ixrac sahəsindəki vergilər və rüsumlar olub. Məsələn, Azərbaycan istehlakçısının zənbilində 30 faizə qədər yer tutan taxıl məhsullarının idxalı üçün rüsumlar və vergilər müvəqqəti götürüləndən sonra, qiymətlər sabitləşib və aşağı düşməyə başlayıb.

Bank hesab edir ki, əgər Azərbaycan hökuməti bundan sonra da istehsal olunan və gətirilən məhsullar arasında aşağı vergi dərəcələri tətbiq etməklə normal balans yarada bilsə, həm daxili istehsal zərər çəkməz, həm də ixracın azalması üzündən qıtlıq və ya qiymət artımı yaranmaz.

O ki qaldı Azərbaycanın qonşularına, Ermənistanda bu il ümumiyyətlə fəlakət olacaq. Bu ölkədə 0.5 faiz proqnozlaşdırılan artım demək olar ki, iqtisadi durğunluğun göstəricisidir. Düzdür, gələn il Ermənistanda artım 3 faizə qədər proqnozlaşdırılır.

Bankın hesabatına görə, Gürcüstan iqtisadi durğunluq həddinə 2008-ci ildən düşüb. Odur ki, 2009-cu ildə 2.5, 2010-cu ildəsə 6 faizlik artım belə, orda inkişaf göstəricisidir.

Ümumilikdə götürəndə bütün Asiya qitəsində ortalama iqtisadi inkişaf tempi bu il iki dəfə azalacaq, 3.4 faizə düşəcək. Amma gələn ildən Asiya yenidən özünə gələcək – artım tempi 6 faizə çatacaq.

Amma regionu bürüyən iqtisadi böhran ən çox kasıbların sayının artmasına təsir edəcək. Asiya İnkişaf Bankının proqnozuna görə, bu il qitədə aclıq həddində yaşayanların – yəni günə cəmi 1.25 dollar qazananların sayı 60, gələn il isə 100 milyonu keçəcək.
XS
SM
MD
LG