Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:37

ABŞ Türkiyəni itirmək istəmir


Türkiyəyə verilən önəm artsa, bu, Azərbaycan üçün də yaxşı nəticələrə gətirib çıxara bilər
Türkiyəyə verilən önəm artsa, bu, Azərbaycan üçün də yaxşı nəticələrə gətirib çıxara bilər
Xarici siyasətin qapalı olmasının zəruriliyini iddia edən azərbaycanlı məmurlardan fərqli olaraq ABŞ-ın yeni administrasiyası artıq növbəti dövr üçün xarici siyasətin konturlarını açıqlayıb. Qısa müddət ərzində ABŞ prezidentinin bir neçə ölkəyə səfəri planlaşdırılır.

Burada ən çox maraq doğuran Türkiyə və ona verilən qiymətdir. Yenidən ABŞ siyasətində nüfuzu artan Z.Bjezinskinin prezident üçün hazırladığı məsləhətlər paketində bununla bağlı müəyyən detallar aşkarlanıb.

«Soyuq müharibə» bitəndən sonra Türkiyənin ABŞ üçün əhəmiyyətinin azaldığını iddia edən ekspertlərin rəyinə rəğmən indi bu prosesin əksi baş verir. Məsələ bundadır ki, regionda Türkiyədən başqa güclü, həm demokratik dövlət yoxdur. Məsləhətlər paketində məhz bu amil özünü büruzə verir. Hiss olunur ki, son dövrdə Türkiyənin Rusiya ilə əməkdaşlığı ABŞ-ın bir o qədər də xoşuna gəlmir. Zbiqnev Bjezinskiyə görə, Türkiyə qeyri – demokratik dövlətlərlə əməkdaşlıq etməməlidir. Bu əsas şərtlərdən biri kimi xüsusilə qabardılır.

Türkiyəyə verilən önəm artsa, bu, Azərbaycan üçün də yaxşı nəticələrə gətirib çıxara bilər. Necə deyərlər, dostun güclüdürsə, sən də güclənə bilərsən. Türkiyə həm də NATO üzvü olan ölkədir. Sadəcə Türkiyə son vaxtlar Ermənistan amilindən ehtiyat edərək bir qədər ABŞ-dan kənarlaşmışdı. Bu amillə bağlı olaraq qeyd etmək lazımdır ki, yeni ABŞ prezidentinə də seçki dövründən fərqli olaraq bu dəfə 1915-ci il hadisələrinə toxunmamaq tövsiyə olunub. Çox güman ki, elə belə də olacaq.

Namizədlər siyasi xal qazanmaq üçün çoxlu vədlər verirlər, ancaq seçki bitəndən, artıq fəaliyyətə başlayandan sonra bu vədlərin bir hissəsi unudulur. Siyasətçilər bir qayda olaraq dediklərini etmir, etdiklərini isə demirlər. Siyasətdə belə hallar olur.

Təbii ki, səfər tamamilə Türkiyə ilə məhdudlaşmır. NATO-nun yaranmasının 60 illiyi, 20-lərlə görüş də protokolda öz əksini tapıb. Amma əsas məsələ Türkiyənin ABŞ siyasətində hansı rolu oynayacağının aydınlaşmasıdır.

Bu isə yaxın günlərdə bilinəcək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG