Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:33

Əmanətlərin qaytarılması niyə ləngiyir?


«İndidən əhali arasında çaşqınlıq yaratmaq istəmirəm»
«İndidən əhali arasında çaşqınlıq yaratmaq istəmirəm»

«Parlamentdə əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsinin ətrafında qızğın mübarizə gözlənilir». Maliyyə naziri Samir Şərifov iyunun 12-də jurnalistlərlə söhbətində belə dedi. Onun sözlərinə görə, hələ ki, əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hökumətdə müzakirə olunur. Nazir deyir ki, əmanətçilərin siyahıyaalınması zamanı məlum olub ki, bu sahədə xeyli problem var. O, «indidən əhali arasında çaşqınlıq yaratmaq istəmirəm» deyərək təfərrüatlar barədə danışmayıb: «Məlum olub ki, əmanətçilərin arasında sənədi itənlər, hesab nömrəsi tapılmayanlar da var. Elələri var ki, kitabçalarını da itiriblər. Hazırda bu istiqamətdə iş gedir».


Cənab Şərifovun sözlərinə görə, əmanətlərin inventarlaşması ilə bağlı qanun layihəsi yaxın vaxtlarda Maliyyə Nazirliyinə təqdim olunacaq.


Prezidentin İqtisadi Siyasət Məsələləri üzrə dövlət müşaviri Vahid Axundov da bildirdi ki, hazırda hökumət əmanətlərin necə və ilk növbədə kimlərə qaytarılması ilə bağlı müzakirələri davam etdirir. Onun sözlərinə görə, «Əmanətlərin indeksasiyası ilə bağlı qanun layihəsi» artıq Prezident Aparatına təqdim olunub.


Cənab Axundov deyir ki, hökumət ona görə belə çox müzakirə aparır ki, proses başlayandan sonra onu dayandırmaq istəmir: «Keçmiş sovet respublikalarının bəzilərində əmanətlərin qaytarılması ilə bağlı qanunlar tez-tələsik qəbul olundu, sonra məlum oldu ki, dəqiqləşdirilməmiş məqamlar var, ona görə də proses dayandı. İstəmirik ki, bizdə eyni vəziyyət alınsın».


Hökumətdə əsasən 1992-ci ilin yanvarın 1-nə qədər pulunu banklara etibar etmiş şəxslərin əmanətlərini qaytarmaq müzakirə edilir. İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ekspertlərin fikrincə, əmanətlər qaytarılarkən, 1 rus rublu 1 dollara bərabər tutulmalıdır.


Keçmiş Maliyyə naziri Əvəz Ələkbərov demişdi ki, əmanətlər bu ilin iyul ayında qaytarılmalıdır, sonra məlum oldu ki, bu barədə qanun parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Əmanətlərin 10 il ərzində qaytarılması nəzərdə tutulub.


XS
SM
MD
LG