Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

İşğal altında olan Azərbaycan əraziləri niyə yandırılır?


Xocavənd rayonu, noyabr, 2003
Xocavənd rayonu, noyabr, 2003

Ekologiya və Təbii Sərvətlər, həmçinin Xarici İşlər nazirlikləri işğal altında olan ərazilərdə baş verən yanğınlarla bağlı beynəlxalq təşkilatlara təqdim olunacaq sənədlər hazırlayırlar


Son günlər Azərbaycanın işğal altında olan ərazilərində yanğınların olduğu barədə məlumatlar yayılmaqdadır. Daha çox həmin yanğınların Xocavənd və Ağdam rayonlarının işğal altında olan ərazilərində baş verdiyi bildirilir. Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyir ki, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərdən başlanan yanğınlar təmas xəttini keçərək rayonun xeyli ərazisinə yayılıb. Yanğınlardan yerli təsərrüfatlar ziyan çəkib. Hətta bir neçə ailə yanğınla mübarizə apara bilmədiklərindən ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Eyvaz Hüseynovun dediyinə görə, hava küləkli olduğundan birinci gün yanğını söndürmək mümkün olmayıb. Yanğın yalnız külək dayanandan sonra yerli sakinlərin və yanğınsöndürənlərin köməyi sayəsində söndürülüb. Bundan başqa, rayon ərazisindəki Nərgiztəpə adlandırılan ərazidəki qədim tarixi abidə hesab edilən qəbiristanlıq da tamamilə yanıb. Həmin qəbiristanlıqda Dədə Qorqud dastanın qəhrəmanlarından biri olan Qaraca Çobanın qəbri də var. Eyvaz Hüseynovun sözlərinə görə, yanğın qəbir daşlarını tamamilə tanınmaz hala salıb. «İndi mənim dayandığım yer Nərgiztəpə adlanan yerdir, bura Dədə Qorqud dastanındakı Qaraca Çobanın yurdudur, onun qəbri də burdadır. Bu abidə mədəniyyət nazirliyi tərəfindən də qədim tarixi abidə kimi qeydiyyata alınıb».


İcra başçısı Eyvaz Hüseynov yanğınların qəsdən törədildiyi qənaətindədir. Onun sözlərinə görə, bu, bir tərəfdən taxıl sahələrin yandırılmasına yönəlmiş addımdırsa, digər tərəfdən işğal altında olan ərazilərdə narkotik bitki plantasiyalarının məhv edilməsi ilə bağlıdır. Cənab Hüseynov hesab edir ki, indiyə qədər işğal olunmuş ərazilərdə narkotik bitkilərin əkilib becərilməsiylə bağlı Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara etdiyi müraciətlər qarşı tərəfi qabaqlayıcı addımlar atmağa vadar edir.


Belə yanğınlar Ağdam rayonunun işğal altında olan ərazilərində də baş verməkdədir. Hazırda millət vəkilləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva və İqbal Ağazadə Ağdam rayonundadırlar. Sabir Rüstəmxanlının “Azadlıq” radiosuna verdiyi məlumata görə, təmas xəttinin Azərbaycan tərəfinə keçən yanğın söndürülsə də işğal altında olan yerlər hələ də yanmaqdadır. Sabir Rüstəmxanlının sözlərinə görə, onlar qayıdandan sonra Avropa Şurası Parlament Assambleyasının yay sessiyasına müraciət hazırlamaq fikrindədirlər.


Bundan başqa, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər(ETSN), həmçinin Xarici İşlər (XİN) nazirliklərinin ekspertləri də işğal altında olan ərazilərdə baş verən yanğınlarla bağlı beynəlxalq təşkilatlara təqdim olunacaq sənədlər üzərində işləyirlər. ETSN-in mətbuat xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, artıq video görüntülər və bir sıra müxtəlif faktlar toplanmaqdadır. XİN-in rəsmisi Tahir Tağızadənin sözlərinə görə, məlumatlar tam yığılandan sonra iki nazirliyin birgə hazırladığı sənəd beynəlxalq təşkilatlara təqdim olunacaq.


Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti, deputat Azay Quliyev Azərbaycan torpaqlarının yandırılması ilə bağlı BMT-nin, Avropa Şurasının və ATƏT-in rəhbərliklərinə müraciət edib.



“Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl hesab edir ki, bu yanğınlar ötən illərdə əkin sahələrinin yandırılmasıyla müşahidə olunurdusa indi belə yanğınlar təmas xətti boyunca hər yerdə baş verməkdədir. Bir gün əvvəl Tərtər rayonunda olarkən belə yanğınları müşahidə etdiyini deyən İlham İsmayıla görə, bu daha çox işğal altında olmayan Azərbaycanın digər ərazilərinə ziyan vurmaq məqsədilə atılan bir addımdır. Amma bununla yanaşı cənab İsmayıl hesab edir ki, bu yanğınlar mövqelərə nəzarət baxımından da edilə bilər ki, ətraf ərazilərə müşahidə asan olsun.


XS
SM
MD
LG