Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:07

MSK-nın formalaşdırılması Müsavatdan asılı qalıb


Müsavatın mövqeyində nə qədər israr edəcəyini demək çətindir
Müsavatın mövqeyində nə qədər israr edəcəyini demək çətindir

Müsavat başqanının müavini Arif Hacılı deyir ki, komissiyaların bərabər əsasda formalaşdırılması ideyasından geri çəkilmədiklərindən heç bir nümayəndə təqdim etməyiblər


Bugünlərdə Mərkəzi Seçki Komissiyasında (MSK) boş qalan beş yerin taleyi müəyyən edilməlidir. Eyni zamanda, Dairə Seçki komissiyalarında da boş yerlər doldurulmalıdır. Bu yerlər üçün bir neçə müxalifət partiyası razılaşıb bir nümayəndə verməlidir. Amma razılaşma prosesi deyəsən, partiyalar arasında ziddiyyətləri qızışdırır.


MSK-da hələ də beş yerin boş qalmasının sadə bir səbəbi var. Müsavat Partiyası bu quruma öz namizədini verməyib. Məsələ ondadır ki, Seçki Məcəlləsinə görə, MSK-dakı 18 yerdən 6-sı parlamentdəki çoxluğun – yəni Yeni Azərbaycan Partiyasının, 6-sı bitərəflərin, 6-sı da parlamentdə azlıqda qalan 10 partiyanın payına düşür. Yeni Azərbaycan Partiyası öz payına düşən yerlərin hamısını, bitərəflər isə 5-ni artıq tutub. İki yeri də parlamentdə azlıqda qalan partiyalardan 6-sı, yəni Ana Vətən, Sosial Rifah, Vətəndaş Birliyi, Böyük Quruluş, Demokratik İslahatlar və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları öz aralarında bölüşdürüblər. Yerdə qalan 4 yerə isə Müsavat Partiyasından əlavə Ümid və Vətəndaş Həmrəyliyi partiyaları da iddia edir. Ümid və Vətəndaş Həmrəyliyi partiyaları öz namizədlərini təqdim etsələr də, Müsavat Partiyası gözləmə mövqeyi tutduğundan parlamentdə azlıqda qalan partiyalar üçün nəzərdə tutulan yerlərdən 4-ünün taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. Üstəlik bir boş yer də bitərəflərindir.


Müsavat Partiyası başqanının müavini Arif Hacılı deyir ki, hakimiyyət ciddi-cəhdlə onları da MSK-ya gətirməyə çalışır. Bunun hakimiyyətə görüntü yaratmaq üçün lazım olduğunu deyən cənab Hacılının sözlərinə görə, sadəcə, onlar əvvəlki təkliflərindən - yəni komissiyaların bərabər əsasda formalaşdırılması ideyasından geri çəkilmədiklərindən heç bir nümayəndə təqdim etməyiblər.


Başqan müavini bildirir ki, bəzi hakimiyyət nümayəndələri hətta qeyri-rəsmi olaraq onlara iki yer də təklif ediblər: «Hakimiyyət bəzi aparıcı müxalifət partiyalarını tamam kənarda saxlayıb. Biz istəyirik ki, bu yerlər bütün aparıcı müxalifət partiyaları arasında bölüşdürülsün. Əgər bizə təklif edilən yerləri tutarıqsa, onda belə çıxacaq ki, başqa partiyaların da yerlərini tutmuş oluruq».


Arif Hacılının sözlərinə görə, təklif edilən qaydada MSK-nın formalaşmasında iştirak etməklə Müsavat Partiyası hakimiyyətlə əməkdaşlığın əsasını qoymuş olar. Ancaq onlar bu şəkildə hakimiyyətlə yox, komissiyaların paritet əsasda formalaşdırılması tələbi ilə AXCP və başqa aparıcı müxalifət partiyaları ilə əməkdaşlıq etmək niyyətindədirlər.


Milli Məclis sədrinin müavini Bahar Muradova isə deyir ki, komissiyaların formalaşma prosesi Müsavat Partiyasının istəyindən asılı deyil, qanunvericiliyin tələblərinə uyğun şəkildə proses başa çatdırılacaq: «Müsavatın təklifinin qəbul ediləcəyi ağlabatan deyil. Hər hansı qurum formalaşarkən qanunvericilik əsas götürülür, kiminsə istəyi yox».


Vəziyyətin belə qeyri-müəyyən qalması parlamentdə azlıqda qalan partiyalar arasında ciddi ixtilaflar yaradıb. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu deyir ki, 6 partiyaya iki yer verildiyi halda, hansısa partiyaya ayrılıqda iki yerin verilməsi yolverilməzdir və əgər belə hal baş verərsə, onlar etiraz edəcəklər. Üstəlik Ümid Partiyası da namizədi təsdiq edilmədiyindən Milli Məclisin rəhbərliyinə şikayət etməyə başlayıb. Ancaq deyəsən, bütün bunlar keçmiş müttəfiqlərin - Müsavat və AXCP-nin yenidən əməkdaşlığını qaçılmaz edir.


AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, komissiyaların paritet əsasda formalaşması ideyası uğrunda bütün partiyalarla əməkdaşlığa hazırdırlar: «Azlıq da özləridir, çoxluq da. Bu dəqiqə bütün komissiyalar YAP-ın nəzarəti altındadır».


Müsavat Partiyasının bu mövqedə nə qədər israr edəcəyini indidən demək çox çətindir. Partiyanın ayrı-ayrı funksionerləri şərtlər dəyişməyənə qədər MSK-ya nümayəndə göndərməyəcəklərini desələr də, partiya daxili müzakirələrdə hətta indidən bir neçə namizədin adı çəkilir.


XS
SM
MD
LG