Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:11

Sovet dövründə banklara qoyulan əmanətlərin 90 faizi inventarlaşdırılıb


İnventarlaşma işi Milli Məclisin payız sessiyasına qədər başa çatacaq
İnventarlaşma işi Milli Məclisin payız sessiyasına qədər başa çatacaq

«Sovet dövründə banklara qoyulan əmanətlərin 90 faizi inventarlaşdırılıb. Yəni sənədlər əsasında əmanətlərin məbləği təsdiqlənib». Keçmiş «Əmanət Bankı»n varisi «Kapitalbank»ın Xəzinadarlıq Departamentinin direktoru Araz Əliyev «Azadlıq» radiosuna müsahibəsində deyib ki, indi əsas problem məhz Dağlıq Qarabağ ərazisində yaşamış azərbaycanlı əmanətçilərin sənədlərini dəqiqləşdirilməsi ilə bağlıdır. Belə ki, münaqişə başlamamışdan əvvəl «Əmanət Bankı»n ərazidəki filialları Bakıya yox, Xankəndində yerləşən Dağlıq Qarabağ Muxtar Vilayəti İdarəsinə tabe olub. Azərbaycanla Ermənistan arasında heç bir sahədə əməkdaşlıq olmadığından indi həmin sənədlərlə bağlı dəqiqləşdirmə aparmaq mümkün deyil. Amma cənab Əliyev deyir ki, Dağlıq Qarabağ ərazisində yaşamış azərbaycanlılar «əmanət kitabçaları»nı saxlayıblarsa, onların əmanətlərinin qaytarılması ilə bağlı problem olmayacaq.


Əmanətlərin qaytarılması ilə bağlı başqa bir problem isə Kəlbəcər sakinləri ilə bağlıdır. Araz Əliyev deyir ki, bu rayon işğal olunanda «Əmanət Bankı»nın oradakı filialı sənədləri çıxara bilməyib. Amma indiyə kimi Kəlbəcərdən olan 5 minə qədər əmanətçi ilə bağlı dəqiqləşdirmə aparmaq mümkün olub. Araz Əliyev bildirir ki, «əmanət kitabçası» olan və ya bankda əmanətin kökünün sənədi olan bütün əmanətçilərin pulu qaytarılacaq. Dağlıq Qarabağ və Kəlbəcərlə bağlı yaranmış problemi isə hökumətin qərarı ilə həll etmək mümkündür. Bu, öz əksini əmanətlərin qaytarılması ilə bağlı qanunda tapa bilər. Cənab Əliyev deyir ki, həmin ərazilərə aid olan əmanətlər o qədər də böyük məbləğ təşkil etmir. Departament rəhbəri onu da bildir ki, inventarlaşma işi Milli Məclisin payız sessiyasına qədər başa çatacaq. Bir müddət əvvəl maliyyə naziri Samir Şərifov bildirmişdi ki, qanun layihəsinin hazırlanmasında əsas problem məhz inventarlaşma ilə bağlıdır.


Hökumətdə əsasən 1992-ci ilin yanvarın 1-nə qədər pulunu banklara etibar etmiş şəxslərin əmanətlərini qaytarmaq müzakirə edilir. İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ekspertlərin fikrincə, əmanətlər qaytarılarkən, 1 rus rublu 1 dollara bərabər tutulmalıdır.


Keçmiş Maliyyə naziri Əvəz Ələkbərov demişdi ki, əmanətlər bu ilin iyul ayında qaytarılmalıdır. Sonra məlum oldu ki, bu barədə qanun parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. Əmanətlərin 10 il ərzində qaytarılması nəzərdə tutulub.
XS
SM
MD
LG