Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:24

ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni həmsədri Metyu Brayza olacaq


Metyu Brayza, 23 may 2006
Metyu Brayza, 23 may 2006

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan «Azadlıq» radiosuna bildirib ki, ABŞ-ın ATƏT-in Minsk qrupunda növbəti həmsədri ABŞ Dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza olacaq. O, bu vəzifədə Stiven Mannı əvəzləyəcək.


Oskanyan onu da deyib ki, iyunun 13-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, amma irəliləyiş əldə olunmayıb.


Cənab Mann Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 5-də Buxarestdə keçirilən sonuncu görüşündən sonra «Azadlıq» radiosuna bildirib ki, ABŞ Dövlət Departamentində başqa işə keçməsi ilə əlaqədar olaraq həmsədr postundan gedir. Stiven Mann bu yerdəyişməni «adi bir rotasiya» kimi qiymətləndirib.


Azərbaycan Xarici İşlər Nazirliyi isə bu məlumatı şərh edə bilməyəcəyini deyir.


Birləşmiş Ştatların Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henikin sözlərinə görə, cənab Brayza 10 ildən çoxdur ki, Qafqaz regionuyla məşğuldur, ona görə də regionla tanışlıq onun çox vaxtını almayacaq. Belə olan halda, bu il sülh danışıqlarında hansı dəyişikliyi gözləmək olarmı sualına cənab Henikin cavabı belə oldu: «Metyu Brayzanın hər iki ölkə liderləri ilə çox yaxşı münasibətləri var ki, bu da köməyə gələ bilər. Ancaq əlbəttə ki, münaqişənin həlli heç də ABŞ-dan asılı deyil. Münaqişənin həlli ölkə liderlərindən asılıdır. Həmsədrlər bir neçə təklif hazırlayıblar, bir çox detalları müzakirə ediblər, indi isə liderlər qərar verməlidir. Məncə, bir, yaxud iki həmsədri dəyişməklə nəyəsə nail olmaq olmaz, dəyişikliyi Bakı və Yerevan etməlidir».


Conatan Henik Metyu Brayzanın bir-iki həftəyə işə başlayacağını deyir. Cənab Brayza iyun ayının əvvəlində neft-qaz sərgisində iştirak etmək üçün Bakıda olarkən sülh danışıqlarıyla bağlı suala belə cavab verib: «Ortada çox ümidverici bir layihə var. Razılaşma mümkündür. Ancaq bu razılığa gəlmək üçün həm prezident Əliyev, həm də prezident Koçaryandan böyük cəsarət tələb olunur. Danışıqlar davam edir, biz ümid edirik ki, onlar həmin cəsarəti göstərəcəklər. Prezidentləri çox çətin qərarlar gözləyir. Biz münaqişənin həllinə inanırıq, çünki gələn il Ermənistanın siyasi gündəliyi çox mürəkkəb olacaq, bu il münaqişənin həlli üçün çox mühüm ildir».


Metyu Brayza Stanfort universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr mərhələsini bitirib. Həmin ixtisas üzrə də Fledçer Hüquq və Diplomatiya məktəbində magistr dərəcəsi alıb. Rus və polyak dillərində sərbəst danışır. Həmçinin alman və ispan dillərini də bilir. O, ABŞ-ın xarici siyasət qurumlarında 1988-ci ilin avqust ayından çalışır.


XS
SM
MD
LG