Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:09

Hər şey Buşun təqsiri ilə bağlı olmayanda


«Hər şey Buşun təqsiri ilə bağlı olmayanda nə baş verəcək? Növbəti 100 gün də bizə bunu deyəcək»
«Hər şey Buşun təqsiri ilə bağlı olmayanda nə baş verəcək? Növbəti 100 gün də bizə bunu deyəcək»
Aprelin 20-də «Vaşinqton Post» qəzeti yazar Cekson Dielin «Obama üçün çətinlik dolu dünya» başlıqlı məqaləsini dərc edib. Məqalədə Cekson Diel ABŞ prezidenti Barak Obamanın xarici siyasət seçimlərini təhlil edir.

Müəllif yazır ki, ABŞ-ın hər bir yeni dövlət başçısı fəaliyyətə onunla başlayır ki, dünyadakı problemlərin yaranma səbəblərini özündən əvvəlki dövlət başçısının üstünə yıxır. Barak Obama da bu məsələdə istisna olmayaraq fəaliyyətinin ilk üç ayını Corc Buşun xarici siyasətdə buraxdığı səhvləri demokratların baxışlarına uyğun düzəltməyə həsr etdi. Müəllif qeyd edir ki, yeni ABŞ prezidenti bu istiqamətdə siyasi xallar qazanaraq Avropa səfəri zamanı ABŞ-ın daha əvvəlki kimi «birtərəfli siyasət» aparmayacağı, müharibə dolu çağırışlar etməyəcəyi və düşmənlərlə belə danışıqlardan çəkinməyəcəyi barədə danışmışdı.

«Amma indi bu işin maraqlı hissəsi gəlir: Aydın olmağa başlayır ki, Buş üzdəniraq rejimləri yaratmayıb, Yaxın Şərqdəki düşmənçiliyin, yaxud Rusiyanın aqressivliyinin səbəbi olmayıb və ABŞ diplomatiyasındakı silkələnmələr, nə qədər tərəqqipərvər olsa da, bu deyilənlərə bir elə təsir göstərməyəcək»,- deyə müəllif davam edir.
Amma indi bu işin maraqlı hissəsi gəlir: Aydın olmağa başlayır ki, Buş üzdəniraq rejimləri yaratmayıb, Yaxın Şərqdəki düşmənçiliyin, yaxud Rusiyanın aqressivliyinin səbəbi olmayıb və ABŞ diplomatiyasındakı silkələnmələr, nə qədər tərəqqipərvər olsa da, bu deyilənlərə bir elə təsir göstərməyəcək


Cekson Diel yazır ki, ilk nümunə Şimali Koreyadan gəldi. Demokratlara görə Buş bu dövləti «şər» adlandırmasaydı, sanksiyalarla hədələnməsəydi, onunla birbaşa dialoqdan qaçılmasaydı, artıq bir neçə il əvvəl bu dövlət öz nüvə ambisiyalarında vaz keçmiş olardı. Yeni administrasiyanın xüsusi elçisi Stefen Bosvers Pxenyanın son qeyri-qanuni nüvə sınaqlarını əngəlləmək üçün ona ikitərəfli danışıqlar vəd etdi, «yaxşı davranışa görə mükafatlandırmalar boyun oldu», amma Şimali Koreya bütün hallarda raketi havaya buraxdı.

BMT Təhlükəsizlik Şurasında bir həftəlik müzakirələrdən sonra ABŞ administrasiyası, elə Buş administrasiyasının əldə edəcəyi zəif qınaq bəyanatını əldə etdi. Koreyanın Stalinist rejimi isə BMT müfəttişlərini ölkədən qovaraq bəyan etdi ki, plutonium istehsalına qayıdır.

Müəllif yazır ki, 2002-ci ildə Şimali Koreya beynəlxalq müfəttişləri qovanda demokratlar respublikaçıları günahlandırırdı, indi isə respublikaçılar demokratları günahlandırır. Lakin Şimali Koreyanın strategiyası son 15 il ərzində dəyişməyib: O, «əvvəl böhran yaradır, sonra isə ABŞ-dan və Cənubi Koreyadan rüşvət tələb edir ki, əvvəlki status kvonu bərpa etsin». Müəllif yazır ki, indi Obama administrasiyasının qarşısında əvvəlki administrasiyaların yaşadığı bir dilemma yaranıb: «Qərar verilməlidir ki, ya pis davranışa cavab olaraq rüşvət ödənilsin, ya da bu rejimi sıxmağa cəhd göstərilsin».

Eyni problemlər Yaxın Şərq konfliktində üzə çıxdı. Səkkiz il idi ki, demokratlar respublikaçıları ittiham edərək deyirdilər ki, Yaxın Şərq münaqişəsinin həll edilməməsinin səbəbi Buş administrasiyasının tərəfləri sülh prosesinə kifayət qədər aktiv şəkildə cəlb etməməsidir. Prezident Obamanın həmin region üzrə xüsusi elçisi Corc Mitçel regiona səfər edərək aydınlaşdırdı ki, bölünmüş Fələstin hərəkatı İsraillə danışıqlarda ortaya vahid bir mövqe qoymaq iqtidarında deyil, İsrailin yeni hökuməti isə Fələstin dövlətinin yaranması ideyasını qəbul etmir. Tərəflər ABŞ-ın yeni sülh cəhdlərindən təsirlənərək sözdə də olsa, bir güzəştə belə getmədilər.

Rusiya siyasətində ABŞ-ın keçmiş administrasiyasını ittiham edən Avropalılar deyirdilər ki, ABŞ Rusiyanın maraqlarını kifayət qədər nəzərə almır, Avropada raket əleyhinə müdafiə sistemləri quraşdırmaq, Gürcüstan və Ukraynanın NATO-ya qəbulu məsələlərində rusları çox sıxır. Yeni dövlət katibi Hillari Klinton ruslara «reset» düyməsi bağışlamaqla bir şou düzəltdi, prezident Obama isə Avropada yerləşdiriləsi sistemləri və NATO-ya yeni üzvlərin qəbulu məsələlərini arxa plana keçirərək Rusiyaya strateji silahların ixtisarı istiqamətində yeni təkliflər verdi. Lakin son həftələrdə Rusiya Gürcüstanla atəşkəs razılaşmalarını pozaraq bu ölkədən qopmuş ərazilərdə əlavə qoşunlar, tank və aviasiya yerləşdirib. «Gürcüstana növbəti Rusiya hücumu ehtimalı artıb ki, azalmayıb».

Prezident Obama İrana əl uzatdı. İran isə yeni bir uran zənginləşdirmə obyekti inşasını elan etdi və bir amerikalı jurnalisti həbs edərək casusluq ittihamları ilə məhkəməyə çıxardı. İraqlılara çoxdan bəri vəd edilən ABŞ qoşunlarının bu ölkədən çıxarılması fikirləri açıq bəyan edildi və İraqdakı zorakılıqlar dərhal artmağa başladı.

Müəllif yazır ki, prezident Obama ABŞ siyasətindəki səthi dəyişmələrin uzunmüddətli problemləri həll etmədiyini aşkar edən birinci prezident deyil. «Onun bəzi yeni strategiyaları müəyyən vaxtdan sonra nəticələr verə bilər. Ancaq əsl sınaq ondadır ki, yeni administrasiya qısamüddətli həll yollarının işləmədiyini görəndə nə edəcək. Məsələn, Şimali Koreya və İran nüvə ambisiyalarından imtina etmək istəmir - dialoqlu, ya dialoqsuz. Ruslar isə Gürcüstan üzərində nəzarəti bərpa etməkdə qərarlıdırlar. Başqa sözlə desək, hər şey Buşun təqsiri ilə bağlı olmayanda nə baş verəcək? Növbəti 100 gün də bizə bunu deyəcək».
XS
SM
MD
LG