Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:56

Əli Babacan sərhədlərin açılmasının gündəlikdən çıxmadığını deyir


Türkiyənin Xarici İşlər naziri Əli Babacan Praqada Abropa Birliyinə üzvlük danışıqlarında, 21 aprel 2009
Türkiyənin Xarici İşlər naziri Əli Babacan Praqada Abropa Birliyinə üzvlük danışıqlarında, 21 aprel 2009
Türkiyənin Xarici İşlər naziri Əli Babacan deyir ki, Ermınistanla sərhədlərin açılması onların Qafqazda apardıqları sülh prosesinin bir hissəsidir.

Aprelin 21-də Çex Respublikasında Avropa Birliyinin Üçlüyü çərçivəsində görüşdən sonra keçirilən mətbuat konfransında Əli Babacan jurnalistlərin əsasən sərhəd mövzusunda sualları ilə üzləşdi.

Nazir bildirdi ki, Ermənistanla Türkiyə arasında 2007-ci ilin sentyabrından danışıqlar gedir və hazırda müzakirələrdə xeyli irəliləmə var: “Bütün problemləri diplomatik müstəvidə müzakirə etmişik. Bütün bunların bir məqsədi var – iki ölkə arasında münasibətlərin normallaşdırılması" - deyə Babacan bildirdi.

O dedi ki, Cənubi Qafqazdakı Abxaziya, Cənubi Osetiya kimi problemlərlə yanaşı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ məsələsi də var. Türkiyə bir tərəfdən Ermənistanla danışıqlar aparır, digər tərəfdən də bölgədəki o biri dövlətlər arasında problemlərin həllinə kömək etməyə çalışır.
Çex Respublikasının Xarici İşlər naziri Karel Şvarsenberq (solda) Türkiyəli həmkarı Əli Babacanı qarşılayarkən, 21 aprel 2009

Əli Babacan bununla bağlı bildirdi: "Bizim Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adlı təşəbbüsümüz var. Bura bölgənin bütün dövlətləri cəlb edilib. Beləliklə bu, bölgədə aparılan ümumi prosesdir, məqsədi də regionumuzda sülh və sabitliyin təmin olunmasıdır”.

Röyters agentliyinin “Sizin Ermənistanla danışıqlarınızda Azərbaycanın bir rolu varmı?” sualına Əli Babacanın cavabı bu cür oldu: “Azərbaycan Cənubi Qafqazda çox vacib ölkədir. Qeyd etdiyim kimi, Azərbaycanla Ermənistan arasında hərbi problem var. Bu problemlə ATƏT-in Minsk Qrupu məşğul olur. Türkiyə də Minsk Qrupunun üzvüdür. Ümid edirik ki, Minsk Qrupu bu münaqişənin həllində nəticələr əldə edəcək.

Avropanın da bu problemin həllində nadir imkanı yaranıb və bu imkan əldən verilməməlidir. Biz inanırıq ki, bu problemdən çıxış yolu var və hazırda onun həlli üçün real imkanlar yaranıb.”

Türkiyənin öz sərhədlərini Ermənistna açması barədə xəbərlər Bakıda sərt etirazla qarşılaşıb. Azərbaycanda rəsmi media bir müddət Türkiyə əleyhinə təbliğat apardı. Bu günlər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın maraqlarına uyğun olmayan addım atmayacaqlarını deyəndən sonra təbliğat bir qədər səngiyib. Bakıda hedsab edirlər ki, Ermənistanla sərhədlər Azərbaycan torpaqlarının işğalına görə bağlanıb, yalnız işğala son veriləndə də açılmalıdır.

Praqada keçirilən mətbuat konfransında Azərbaycanın Rusiyaya qaz satmasından sonra Nabukko layihəsinin perspekti barədə də sual səsləndi. Hazırda Avropa Birliyinə sədrlik edən Çex Respublikasının Xarici İşlər naziri Karel Şvarsenberq suala Nabukko kəmərinin vacibliyini vurğulamaqla cavab verdi.

O dedi ki, bu layihə Rusiyanın maraqlarına zidd deyil: “Sadəcə olaraq Rusiya ərazısındən kənar keçən alternativ qaz kəməridir. Rusiya bununla hesablaşmalıdır.”

Aprelin 21-də Praqada Avropa Birliyi Üçlüyünün görüşündə isə bu blokla Türkiyə arasında münasibətlər, Türkiyənin Birliyə daxil olmaq üçün apardığı siyasi islahatların vəziyyəti, enerji təhlükəsizliyi və başqa mövzular müzakirə edilib.

Çexiyanın Xarici İşlər naziri Karel Şvarsenberq bildirdi ki, Türkiyə Avropa Birliyinə daha çox yaxınlaşıb və fikir ayrılıqlarına baxmayaraq onun bu Birliyə daxil olması üçün aparılan danışıqlar davam etdirilməlidir.

Türkiyənin Avropa Birliyinə üzvlük cəhdlərini qurumun Fransa, Yunanıstan kimi üzvləri soyuq qarşılayırlar.
XS
SM
MD
LG