Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:45

Türkiyə-Ermənistan münasibətlərinə dair «yol xəritəsi» müəyyənləşdi


Prezidentlər Gül və Sarkisyan. Yerevan, 6 sentyabr 2008
Prezidentlər Gül və Sarkisyan. Yerevan, 6 sentyabr 2008
Türkiyə və Ermənistan aralarındakı münasibətlərin nizama salınması razılığına gəliblər.
Bu da Türkiyə 1993-cü ildə Ermənistanla sərhədi bağladıqdan bu yana münasibətlərin normallaşması üçün ilk addımdır.

«Tərəflər bu prosesdə irəliləyiş və qarşılıqlı anlaşma əldə etməyə nail olublar və onlar ikitərəfli əlaqələrin normallaşması üçün hərtərəfli razılaşma əldə ediblər»-, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda belə deyilir.

Türkiyə və Ermənistan arasında vasitəçi rolunu İsveçrə oynayıb.

«Reuters»in məlumatında deyilir ki, bu qərar Türkiyənin ənənəvi müttəfiqi olan Azərbaycanı narahat edir. Bu da Ankara və Avropa Birliyinin əldə etmək istədikləri qaz razılaşmasını təhlükə qarşısında qoyur.

Bəyanat Ermənistanın Osmanlı imperiyası zamanı ermənilərin qırılması məsələsinin necə yoluna qoyulacağı və sərhədlərin açılması barədə razılığın əldə olunub-olunmaması barədə məlumat verməyib.

Türkiyə Ermənistanın soyqırım iddialarını rədd edir və deyir ki, hər iki tərəfdən ölənlər olub.

«Biz bəyanatda deyilənlərə əlavə şərh vermək istəmirik. Biz sakit diplomatiya siyasətimiz davam etdirəcəyik. Görüləcək işlər barədə bəyanat vermə vaxtı hələ çatmayıb»-, Türkiyə Xarici İşlər Nazirliyindən olan mənbə bildirib.

ABŞ bu bəyanatı alqışlayıb və hər iki ölkəni münasibətləri zaman çərçivəsində normallaşdırmağa çağırıb. «Biz Ermənistan və Türkiyəni razılaşdırılmış çərçivə və yol xəritəsinə əsasən danışıqları davam etməyə çağırırıq»-, deyə ABŞ Dövlət Departamentinin fəaliyyətdə olan sözçüsü Rober Vud bildirib.

Bu ayın əvvəli ABŞ prezidenti Barak Obama Türkiyəyə səfəri zamanı Ermənistan və Türkiyəni danışıqlarda irəliləyiş əldə etməyə çağırmışdı.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etdikdən sonra Türkiyə Azərbaycanla həmrəy olduğunu ifadə etmək üçün 1993-cü ildə Ermənistanla sərhədi bağlamışdı. Türkiyə-Ermənistan sərhədlərinin açılması Qafqazda stabilliyin bərqərar olmasına kömək edə bilər.

Türkiyə-Ermənistan münasibətlərinə dair «yol xəritəsi» müəyyənləşməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov deyib:

«Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sərhədlərin açılması yalnız Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi hissələrinin çıxarılması prosesi ilə paralel aparılmalıdır».
XS
SM
MD
LG