Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:27

Beynəlxalq Qaçqınlar Günü azərbaycanlılar üçün də «doğma»dır


Bərdədə "qaçqın qatarı", 30 may 2006
Bərdədə "qaçqın qatarı", 30 may 2006

Sığınacaq axtaran əcnəbilər üçün Azərbaycan həm də başqa ölkələrə getmək üçün dayanacaq sayılır

İyunun 20-si dünyada Beynəlxalq Qaçqınlar Günü kimi qeyd edilir. Bununla bağlı Norveç Qaçqınlar Şurası bu gün Bakıda qaçqın uşaqlar arasında oyun və yarışlar keçirdi. Mərasimdə Azərbaycan, Çeçenistan və Əfqanıstandan olan qaçqın uşaqlar iştirak edirdi.


...Şərif də qaçqın uşaqlardan biridir. O, Əfqanıstandan qaçqın düşüb. Bakıya ailəsi ilə beş il əvvəl gəlib. Məktəbə gedir, Azərbaycan dilini də öyrənib. Deyir ki, burdakı mühitə öyrəşib, sinif yoldaşları da onu çox istəyir: «Mən də onları çox istəyirəm. Yay tətilində ailəmizə kömək etmək üçün işləyirəm».


Bu gün Bakıda 40-dan artıq əcnəbi şəxs qaçqın statusu ilə yaşayır. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 11 minə yaxın əcnəbi isə Azərbaycanda sığınacaq axtarır. Onlar daha çox Əfqanıstan, Pakistan, İran və İraqdan olanlardır.


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı Ofisindən isə, bildirilir ki, təşkilatda rəsmi qeydiyyatdan 4 min əcnəbi keçib, 11 min rəqəmi müxtəlif illərdə qeydə alınandır.


Azərbaycanda 1988-ci ildə Ermənistandan didərgin düşmüş 200 min azərbaycanlı da qaçqın sayılır. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Sənan Hüseynov deyir ki, qaçqın statusu almış əcnəbilər də azərbaycanlı qaçqınlar kimi güzəştlərdən istifadə edirlər: «Qaçqın statuslu şəxslər dövlət ali məktəblərinə qəbul olunarlarsa, təhsil haqqından azaddırlar. Bundan başqa, notarial xidmət və vergi rüsumlarından da azaddırlar».


Azərbaycanda sığınacaq axtaran əcnəbilər üçün bura həm də başqa ölkələrə getmək üçün dayanacaq sayılır. Əslən Əfqanıstandan olan Freyba ailəsi ilə birlikdə neçə illərdir Bakıdadır. O, Bakıya gələndən sonra özünə kiçik iş tapıb. Ancaq yaşayış səviyyəsi ailəsini qane etmədiyindən üçüncü ölkəyə getməyə hazırlaşır: «Bura sakit yerdir, qadınlara toxuculuq, dil dərsi keçirəm, qalmaq olar, ancaq iş, imkan olsa».


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı Vüqar Abdulsəlimov deyir ki, onların ofisində qeydiyyatdan keçən əcnəbilərin çoxu Rusiyadan gələn çeçenlərdir. Onlara hüquqi, təhsil yardımları göstərilir: «Ən çox ehtiyacı olan qaçqınlara isə, ayda təxminən 80-100 dolar arası yardım göstərilir. Hazırda 500 ailə bu yardımı alır».


Cənab Abdulsəlimov deyir ki, Bakıdakı 8 saylı poliklinikanın tərkibindəki tibb məntəqəsi isə çeçen qaçqınlara pulsuz tibbi yardım göstərir.


Qaçqın statusu almaq istəyənlər isə beynəlxalq qaydalara uyğun tələblərə cavab verməlidir. Bu tələblər BMT-nin 1951-ci il qaçqın statusu ilə bağlı konvensiyasının birinci maddəsində əks olunur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquq şöbəsinin koordinatoru Mahir Səfərli: «Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə, təqiblərə məruz qalır».


Cənab Səfərli deyir ki, Ermənistandan didərgin düşənlərə 1998-ci ildə Azərbaycan vətəndaşlığı verildiyindən onlar beynəlxalq qaçqın statusunu itiriblər: «Müstəsna hal kimi isə 2001-ci ildə Azərbaycan prezidenti fərman verdi. Həmin sənədə görə, Ermənistandan didərgin düşənlərin qaçqın statusu saxlandı. Beynəlxalq hüquqa görəsə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar».


Qaçqın və Məcbur Köçkünlərlə İşi üzrə Dövlət Komitəsinin rəsmisi Sənan Hüseynov isə bu fikirlə razı deyil: «Onlar öz yerlərinə qayıdana qədər qaçqın statusunu itirmirlər».



Azərbaycanda Ermənistandan və xarici ölkələrdən olan qaçqınlardan başqa, 50 min ahıska türkü, 700 minə yaxın isə məcburi köçkün var.




XS
SM
MD
LG