Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:48

Gəncə zibilliyində donuzlar yemlənir


Məişət tullantıları və zərərli maddələrin olduğu ərazidə yüzlərlə mal-qara və xeyli sayda donuz otarılır
Məişət tullantıları və zərərli maddələrin olduğu ərazidə yüzlərlə mal-qara və xeyli sayda donuz otarılır
Gəncənin mərkəzindən 3 kilometr kənarda məişət tullantılarının məhv edildiyi ərazi-şəhər sakinlərinin ifadəsi ilə desək zibil poliqonudur. Məişət tullantıları və zərərli maddələrin olduğu ərazidə yüzlərlə mal-qara və xeyli sayda donuz otarılır. Zibil tullantıları ilə qidalanan bu heyvanların əti kolbasa və digər məhsulların tərkibində şəhər əhalisinə satılır.

Poliqon əsl cəhənnəmi xatırladır. Ucu-bucağı görünməyən ərazidə tullantılardan əmələ gəlmiş təpələrin üzərində yüzlərlə qarğalar uçuşur. Milçək əlindən qarşı tərəfi görmək çətin olur. Üfunətdən göz yaşarır. 10 ilə yaxındır ki, 55 yaşlı Səriyə xala bu vahiməli məkanda 7 övladı ilə birgə yaşayır. Zibillikdəki boş butulkaları sexlərə sataraq pul qazanır, həm də əraziyə nəzarət edir:

- Zibil idarəsinin işçisiyəm. Maşınların reysini yazıram. Evim-eşiyim də yoxdur. Burda qalıram. Çadırdan ev tikib balalarımla burda yaşayıram. Əvvəlcə donuz saxlayırdılar, yenə də yuxarıda saxlayırlar. Odur evlərin yanındadır. Zibillik təzə tikilən evlərin yanındadır.

Donuzlarını zibillikdə yemləməyə gətirən fermerlər bizi görən kimi heyvanları elə zibillikdəcə qoyub maşınlarına minib ərazini tərk etdilər. Düzü, burda təkcə donuz və mal-qara yox, at otarmağa gələnlər də var idi.

Son vaxtlar dünyada donuz qripi virusunun yayılması ən böyük təhlükələrdən sayılır. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hürriyyət İsmayılova deyir ki, belə məkanlarda bu heyvanların yemlənməsi həm virusun yayılması, həm də insan həyatı üçün ən böyük təhlükədir:

- Əvvəllər orda mal-qara yox, donuz otarırdılar. Sonralar şəhər rəhbərliyinin köməkliyi ilə fermalar ləğv edildi. Mən iki ay bundan qabaq olmuşam orda. Çox böyük təhlükədir, çünki tullantılarla qidalanırlar. Yoluxucu xəstəliklərin yayılmasına təhlükə törədə bilər.

Gəncə şəhər əhalisinin də donuz qripi ilə bağlı fikirləri birmənalı deyil.
- Vallah, deyəsən, bu heyvanları bir-bir sayırlar, əvvəl quş qripi oldu, sonra da donuz qripi. Amma mən buna şübhə ilə yanaşıram. Məncə, bunun arxasında maddi maraqlar durur.
- Məlumatımız var ki, deyirlər donuz qripi var. Narahatıq.
- Donuz əti yeyənik müsəlman olsaq da…Narahatıq.

Poliqon əsl cəhənnəmi xatırladır
Gəncə şəhər Baytarlıq İdarəsinin nümayəndəsi İmamverdi Bayramov etiraf edir ki, hər dəfə zibil poliqonuna gedəndə bu heyvanlarla qarşılaşırlar:

- Qeyri-qanuni saxlanılır. Dəfələrlə xəbərdarlıq etmişik. Tapşırıq verilib ki, zibillə yemləmək olmaz. Amma gedəndə yenə də bizə də rast gəlir. Burda bir kolbasa sexi var. Ona tapşırıq vermişik ki, almasınlar. Ancaq xaricdən gələn məhsullardır aldıqları. O bizdə yoxdur xaricdədir. Bizdə də təsərrüfatlara gedirik, xəbərdarlıq edirik, açıq buraxılmasın. Lazımi peyvəndlər aparılsın.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyev isə deyir ki, xeyli vaxtdır əraziyə getmədiyindən orada hələ də zibil tullantıları ilə donuzların otarılması barədə məlumatı yoxdur:

- Poliqonun ərazisinə nəzarət edirik. Düzü elə çox getmirəm, hərdən bir adam göndərirəm ki, getsinlər baxsınlar. Varmı indi yenə? Məndə məlumat yoxdur. Düzdür, donuz qripi ilə bağlı televizorda deyilir. Adam göndərərik baxarlar. Onu saxlayırlar satmaqdan ötrü. Onun da satış mənbəyi ancaq kolbasa sexidir. Baytarlıq nəzarət etməlidir.

Gəncənin zibil poliqonu hər gün artan təhlükə mənbəyi olaraq qalmaqdadır. Rəsmi orqanlar bu əraziyə nəzarət etdiklərini desələr də, təhlükə hələ ki, ardan qaldırılmayıb. Donuz qripinin Azərbaycana keçməməsi üçün ölkənin hava və quru sərhədlərində təhlükəsizlik tədbirləri görülsə də, nədənsə daxildə baş verənlər kimsəni narahat etmir. Bəlkə əvvəlcə evin içi, sonra çölü?

Əslində Gəncədə məişət tullantılarının emalı üzrə zavodun tikintisi üçün Fransanın «NEF International» şirkəti ilə razılıq əldə olunub. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri Abid Əliyev deyir ki, 100 faiz xarici kapital hesabına tikiləcək zavodun ilkin dəyəri 64,6 milyon avrodur. Məişət tullantıları zavodunun istehsal gücünün ildə 150 min ton olması nəzərdə tutulub. Artıq zavodun tikintisi üçün zibil poliqonunun giriş hissəsində 125 hektar ərazi ayrılıb. Lakin maliyyə böhranı ilə əlaqədar olaraq tikinti işləri ləngiyir.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG