Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

30 aprel – Azərbaycan Gənclərinin Həmrəylik Günü olsunmu?


İnsanlar qətliamın qurbanlarını anır, 2 may 2009
İnsanlar qətliamın qurbanlarını anır, 2 may 2009
30 aprelin gənclər günü kimi qeyd edilməsi ideyasının təşəbbüsçülərindən biri Kəramət Salayev deyir ki, 30 aprel günü baş verən qətliam tələbələrə qarşı Azərbaycan tarixində olmayan bir hadisə idi:

«Bu hadisə məhz 30 apreldə baş verdiyindən bu ideya haqqında ətrafdakılara düşünməyi təklif etdim. Bu ideyanı artıq 500-ə yaxın dəstəkləyənlər var. Xaricdə yaşayan gənclərimiz də həmrəydir bu barədə. Bacarmalıyıq ki, faciələrimizi həmrəylik gününə, vətəndaşların bir müqavimət gününə çevirək».

«14-24»-ün digər qonağı AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı hesab edir ki, Azərbaycan gəncliyi haqqında olan mənfi fikir dağılıb:

«İndiyə qədər belə bir təəssürat var idi ki, bu gənclik heç nəyə qadir deyil. Amma 30 aprel hadisəsi göstərdi ki, bu belə deyil.
Kəramət Salayev
Azərbaycan gəncliyi uzun illərin sükutundan sonra yenidən bir araya gəldi və öz həmrəyliyini nümayiş etdirə bildi. Minlərlə tələbə, minlərlə gənc istəyir ki, bu birlik davam etsin».

Kəramət Salayev deyir ki, gəncliyin həmrəyliyinin ömrü özlərindən asılıdır: «Əgər Azərbaycanın düşünən gəncləri bu mövzuda sistemli hərəkət göstərəcəksə, biz bu məsələni aktual məsələyə çevirə bilsək, bu həmrəylik o qədər də uzun olacaq. Nə qədər özümüzü vətəndaş hesab edəcəyiksə, o qədər də biz bu günü qeyd edəcəyik, həmrəy olacağıq».

Neft Akademiyasının divarlarına öldürülən gənclərin xatirəsi üçün yazılan şüarları 2 gün sonra təmizləyiblər.

Gənclərin həmrəyliyi hansı narahatlığı yaradır? Əbülfəz Qurbanlı bu həmrəyliyin qorxuya səbəb olduğunu deyir: «Siyasi hakimiyyətin bu hadisəni təsadüf adlandırması, polislərin mayın 1-də hadisə yerinə bizi buraxmamağı, Daxili İşlər Nazirliyi tərəfindən bizim hərəkətimizin qeyri-əxlaqi və öyrədilmiş hərəkat adlandırılması və sonradan da ADNA-nın divarlarındakı şüarların silinməsi göstərir ki, hakimiyyət bu faciədən özünü itirdi. İmkan vermirlər ki, biz bir araya gələk və bu hadisəni qeyd edək. Onlar başa düşürlər ki, bu insanların bir araya gəlib 30 aprel qurbanlarını yad etməsi ilk növbədə Azərbaycan gəncliyinin birliyi və həmrəyliyidir. Hakimiyyət cəmiyyətin strukturlaşmasından, gənclərin birliyindən qorxur».

Əbülfəz Qurbanlı
O, kütləvi informasiya vasitələrini də qınadığını deyir: «Televiziyalarda hər gün tamam başqa təbliğatlar aparılır. Hər gün şou, hər gün əyləncə, hər gün çal-çağır... Bütün bu ona yönəlib ki, Azərbaycan gəncliyi qeyri-ciddi topluma çevrilsin, öz haqqını tələb edə bilməsin».

Kəramət Salayev deyir ki, hökumətdən gənclərə qarşı başqa münasibətə ümid edirdilər: «Axı biz bu gün fərəh duymalıydıq ki, Azərbaycan iqtidarı bizə daha xoş münasibət göstərdi. Amma bu belə deyil...»

Kəramət Salayev neft akademiyasında baş verənlərlə bağlı gənclərin təşkilat adından danışmağını düzgün hesab etmir: «Axı biz yalnız gənclər təşkilatı olaraq buna münasibət göstəririksə, məqsəd nədir? Biz bir vətəndaş kimi yanaşaq bu məsələyə. Sivil cəmiyyətlərdə bu belə deyil axı... Bu haqda düşünməliyik. Ümid edirəm ki, 30 aprel dünya Azərbaycan gənclərinin həmrəylik gününə çevriləcək».

Əbülfəz Qurbanlı da gələcəyə nikbin baxır: «Bizim məmnun olduğumuz odur ki, Azərbaycanda gənclik artıq susmaq mərhələsindən qurtarıb. Burda Azərbaycan gəncliyinin bütün təbəqələri iştirak edir. Həm tələbələr, həm tələbə olmayanlar. Biz həmişə görmüşük ki, proseslərdə daha çox kişilər öndə olur, amma indi görürük ki xanımlar daha çox aktivlik edir, polislə üz-üzə gəlməkdən belə qorxmur. Bu onu göstərir ki, tələbə hərəkatı bu gün də olmasa, tezliklə olacaq. Bu, labüddür».

Buna da bax:

XS
SM
MD
LG