Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:08

İkinci Dünya müharibəsinin iki iştirakçısı


Sovet əsgərləri Berlində qələbəni bayram edirlər, may 1945
Sovet əsgərləri Berlində qələbəni bayram edirlər, may 1945
Həmsöhbətlərimin ikisi də İkinci Dünya müharibəsinin iştirakçısıdır. İkisinin də yaşı 80-ni çoxdan ötüb. İkisi də müharibə illərindən, öz gəncliyindən həvəslə danışır. Ancaq onlar fərqli cəbhələrdə olublar.

86 yaşlı Əlövsət Baxışov müharibədən əvvəl müəllim işləyib. Öz istəyi ilə müharibəyə gedib:

«Camaat əziyyət içindəydi, ölkə faşizmlə üz-üzə qalmışdı. Mənsə məktəbdə müəllim işləyirdim. Bu, mənə pis təsir eləyirdi. Ərizə yazdım və yollandım. Əvvəlcə bizi şüşələri qırıq maşında Bakıya gətirdilər. Savadlı adamlardan istifadə edirdilər. Mən də savadlı idim. Əvvəlcə pulemyot hazırlayan məktəbdə 500 nəfər pulemyotçu, sonrasa radistlər hazırladım. Uzağı ölçən cihazlarla işləyirdik. İlyarım Bakıda qaldım, sonra da cəbhənin müxtəlif yerləri...Stalinqradda, Kurskda, Odessada, Mozdokda, Minskdə oldum. Döyüşə girəndə deyirdin ki, ilahi bu müharibədən də salamat çıxım, başqa arzum yoxdur!».

Əlövsət Baxışov deyir ki, qələbə gününü indiyə kimi xatırlayır:

Əlövsət Baxışov
«Göydə şimşəklər çaxırdı, hər yerdə atışmaydı, komandir gəldi ki, bəs, müharibə qurtardı...»

İkinci həmsöhbətim isə 88 yaşlı Balabəy Ağadadaşovdur. O, 1941-ci ildə müharibəyə yollanıb. Bir il Sevastopol uğrunda döyüşüb. Əsir düşəndən sonrasa müxtəlif hərbi düşərgələrdə olub:

«Bizi qatara mindirib Polşa ilə sərhəddəki hərbi düşərgəyə gətirdilər. 1942-ci ilin axırıydı. Orda da azərbaycanlılar vardı. Bir neçə aydan sonra bizi Leninqrad altına göndərdilər, sonra da Fransa sərhədindəki Belford şəhərinə. Ordan da Rodel şəhərinə göndərdilər. Burada 3300 azərbaycanlı vardı. Onlar Azərbaycan legionerləri sayılırdı. Qolumuzda üçrəngli Azərbaycan bayrağı vardı, biz legionerlər idik».

B.Ağadadaşov deyir ki, onların öz komandirləri olub. Məqsədləri isə Azərbaycanın müstəqilliyi idi:

«Azərbaycanlı komandirimiz, generalımız, marşımız vardı. Marşımızda belə söz varıydı: «Təyyarələr qalxar göyə, bombalar partlar, azad olsun Azərbaycan, Azərbaycan». Deyirdilər ki, bunu yaradan Məmməd Əmin Rəsulzadə olub. Müstəqil bir orduya oxşayırdıq. Məqsədimiz də Azərbaycanı müstəqil görmək idi».

Balabəy Ağadadaşov
B.Ağadadaşov Novruz bayramı günündə Məmməd Əmin Rəsulzadənin onlara baş çəkdiyini də bildirir.

O deyir ki, müharibənin sonlarına yaxın Fransanın Lion şəhərində yaşayıb. 1945-ci ilin oktyabr ayında isə Azərbaycana qayıdıb. Bakıya qayıdandan sonra dəfələrlə təhlükəsizlik orqanlarının sorğu-sualına çəkilib. 1956-cı ildə Xruşşov hakimiyyətə gələndən sonra rahat nəfəs almağa başlayıb:

«Mən həmişə qorxu içində olmuşam. 1956-cı ildə Xruşşovun əmriylə əsirlikdə olduğuna görə həbsdə saxlananlar buraxıldı. Başqa bir əmrlə əsirlikdə olan dövr müharibə iştirakçıları dövrünə bərabər sayıldı».

İki həmsöhbətimin ikisi də müharibə iştirakçısı olub. Ancaq ayrı-ayrı cəbhələrdə...

1941-45-ci illər müharibəsində 600 mindən artıq azərbaycanlı vuruşub. Respublika Veteranlar Şurasından bildirdilər ki, mayın 1-ə olan məlumata görə, indi onlardan 4976 nəfəri sağdır. Ən yaşlı müharibə iştirakçısının 93, ən cavanın isə 80 yaşı var.
XS
SM
MD
LG