Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:32

Səhiyyə Nazirliyi özəl tibb fəaliyyəti haqqında qanuna dəyişikliklər edilməsini istəyir


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Mediada «Diamed» tibb mərkəzinin bağlanmasını səhiyyədə özəl sektorun sıxışdırılması kimi qiymətləndirənlər də var


Səhiyyə Nazirliyi (SN) «Diamed» özəl tibb mərkəzinin fəaliyyətini dayandırdı. Nazirlikdən bildirirlər ki, Hepatit C virusuna yoluxmuş iki xəstənin analizləri eyni vaxtda 10 özəl tibb müəssisəsində yoxlanılıb və analizlərin nəticələri bir-birindən fərqlənib. Bundan sonra tibb mərkəzlərində yoxlamalar aparılıb.


«Diamed»in bağlanmasına bir neçə səbəb göstərilir: filiallarının lisenziyasız fəaliyyət göstərməsi, mərkəzdə tibb fəaliyyəti ilə yanaşı, tikinti işlərinin də aparılması və s. Digər səbəbləri isə, SN-in Mətbuat katibi Səmayə Məmmədova deyir: «Bir çox reaktivlər istifadə müddətinin bitməsinə baxmayaraq, istifadəyə yararlı reaktivlərlə birlikdə saxlanıb, tibbi avadanlıqlara Patent Agentliyinin rəyi olmayıb, tibb işçilərinin ixtisasını, əmək fəaliyyətini təsdiqləyən sənədlər təqdim olunmayıb».


İyunun 29-da gün ərzində «Diamed» mərkəzindən bildirdilər ki, müəssisənin rəhbərliyi Səhiyyə Nazirliyində müşavirədədir və həmin məsələyə baxılır. Mərkəzin işçisi isə, hansısa şərh verməkdən imtina etdi.


SN-in məlumatında digər özəl tibb müəssisələrində də yoxlamalar aparıldığı bildirilir, dövlət tibb mərkəzlərindən isə, danışılmır. Kliniki Tibbi Mərkəzdən bildirirlər ki, nazirlik onlarda da mütəmadi olaraq belə yoxlamalar aparır, tibb işçiləri isə, hər beş ildən bir ixtisasartırma kursu keçir.


Mediada «Diamed» tibb mərkəzinin bağlanmasını səhiyyədə özəl sektorun sıxışdırılması kimi qiymətləndirənlər də var. Bir müddət əvvəl Təhsil Nazirliyi özəl təhsil müəssisələrində tibb fakültələrinin bağlanması barədə sərəncam vermişdi. O zaman da belə fikirlər səslənirdi ki, SN bütün özəl məktəblərdəki tibb fakültələrini bir özəl tibb müəssisəsində birləşdirmək istəyir. Milli Məclisin Sosial-Siyasət Daimi Komissiyasının üzvü Musa Quliyevin fikrincə, səhiyyədə özəl sektor heç də dövlət sektoruyla rəqabət aparacaq səviyyədə inkişaf etməyib. Digər tərəfdənsə, SN əslində, özəl sektorun inkişafında maraqlıdır, çünki bu, dövlət səhiyyəsinin yükünü azaltmış olur: «Vaxtilə keçmiş Səhiyyə naziri Əli İnsanovla Leyla Şıxlinskaya arasında belə bir insident olmuşdu. Yəni nə qədər səhiyyə islahatları gedir, belə epizodik hallar da olacaq».


İyunun 29-da Milli Məclis rəhbərliyi sosial qanunvericiliyin inkişaf perspektivlərinə həsr olunmuş konfrans keçirib. Səhiyyə nazirinin müavini Sənan Kərimov həmin konfransda bildirib ki, özəl tibb fəaliyyəti haqqında qanunda boşluqlar var və bu sənədə əlavə və dəyişikliklər edilməlidir. Parlamentin payız sessiyasında bu qanuna dəyişiklik ediləcəyi gözlənir.


XS
SM
MD
LG