Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:10

«Amnesty International» Tehranı İran Azərbaycanıyla bağlı təmkinli olmağa çağırır


Təşkilatın 2006-cı il hesabatında İran azərilərinin etnik haqlarına da diqqət çəkilir
Təşkilatın 2006-cı il hesabatında İran azərilərinin etnik haqlarına da diqqət çəkilir

İran Azərbaycanında yüzdən artıq insanın həbs edilməsinə baxmayaraq, Babək qalasına yürüş cəhdi davam edir


İran Azərbaycanında yüzdən artıq insanın həbs edilməsinə baxmayaraq, Babək qalasına yürüş cəhdi davam edir. Əhər şəhərinin Kəleybər qəsəbəsi yaxınlığında yerləşən qalaya aparan bütün yollar təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Babək qalasına səmt alan maşınların qarşısı kəsilib. Təhlükəsizlik postlarına əhəmiyyət vermədən keçən avtomobillər lentə alınır, maşınların nömrələri növbəti postlara çatdırılır. Beləliklə, maşın sərnişinləri nəzarət altına alınır. Babək qalası yaxınlığında İranın müxtəlif yerlərindən gətirilən hərbi avtobusların yerləşdirildiyi bildirilir. Hazırda orada toplaşanların durumu haqda məlumat əldə etmək mümkün olmur. Kommunikasiya xidmətləri kəsilib. İran Azərbaycanının bir çox şəhərində mobil telefon şəbəkəsinin fəaliyyətinə mane olunur. Həbs edilənlərin sayının artdığı deyilir.


Bu arada «Amnesty International» insan haqları təşkilatının son bəyanatında İranın səlahiyyətli nümayəndələri İran azərbaycanlılarının ənənəvi Babək yürüşü ərəfəsində təmkin nümayiş etdirməyə və insan haqları normalarına riayət etməyə çağırılır. Bəyanatda həmçinin, təhlükəsizlik qüvvələrinin İranın azəri türklərinin (İran azərbaycanlıları) nümayəndələrinə qarşı zorakılıqlara yol verdiyi də qeyd edilir. Təşkilat İranda cərəyan edən son hadisələr zamanı həbs edilənlərin siyahısını əldə etdiyini bildirir. Sənəddə deyilir ki, İranın səlahiyyətli nümayəndələri tərəfindən nümayiş iştirakçılarına qarşı güc tətbiq edilir. «Amnesty International» öz bəyanatında zorakılıqlar nəticəsində öldürülən 27, nəzarət altına alınan 200 adamın adının müəyyən edildiyi deyilir. Təşkilat İran rəsmilərini beynəlxalq insan haqları standartlarına riayət, həbs edilənlərin şərtsiz və dərhal azad, cinayətkarlıqda ittiham edilənlərin ədalətli mühakimə, məhbusların istədikləri vəkillərlə və tibbi müalicəyə ehtiyacı olanların səhiyyə xidmətləri ilə təmin edilməsinə çağırır. Sənəddə həmçinin, işgəncə ilə bağlı şikayətlərin araşdırılmasının vacibliyi vurğulanır. Bəyanatda qanunsuz qətllər və ölüm hökmlərinin BMT-nin prinsiplərinə əsasən istintaqına çağırılır. Sənəddə deyilir ki, bütün bu kimi qanunsuzluqların məsuliyyətini daşıyanlar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır.



XS
SM
MD
LG