Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:00

Adamlarla kobud rəftarına görə bir ildə 10-a yaxın polis vəzifəsindən kənarlaşdırılıb


Polis müxalifətin mitinqini dağıdır, Bakı, 2005
Polis müxalifətin mitinqini dağıdır, Bakı, 2005

Hüquq müdafiəçisi Rəna Sadəddinovanın fikrincə, 5-10 il əvvəllə müqayisədə polislərin vətəndaşlarla davranışında irəliləyişlər var


İyulun 2-də Azərbaycan polisi peşə bayramını qeyd etdi. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında Azərbaycan polisinin adının zorakılıqla bir yerdə çəkildiyi bəndlərə çox rast gəlmək olur. İnsan haqlarına hörmətlə yanaşmaları üçün ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar artıq bir neçə ildir polisləri xüsusi proqramlara cəlb edirlər. Bu proqramlarda polislərə vətəndaşlarla necə rəftar etmək, zorakılıqdan çəkinmək öyrədilir. Həmin proqramlarda iştirak etmiş Daxili İşlər Nazirliyi (DİN) Təhlükəsizlik İdarəsinin rəisi Bağır Bağırov deyir ki, bu proqramlar polisə çox faydalıdır. Ən azı onlar həmkarlarının işiylə tanış ola bilirlər: «Əlbəttə, bizim strukturlarla onların arasında xeyli fərq var. Mən İspaniyada olmuşam. Orada nazir də, Polis Akademiyasının rəisi də mülki şəxsdir. Vəzifələr, rütbələr fərqlidir. İşə qaldıqda, bizim əməkdaşlar heç də onlardan geri qalmırlar. Cinayətkarlıqla mübarizəyə münasibət onlarda da, bizdə də eynidir».


Amma söhbət etdiyimiz vətəndaşlar beynəlxalq təşkilatların həyata keçirdikləri proqramların polisə faydasına o qədər də inanmırlar. Ağaverdi Bahadırov bir neçə gün DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıb. Deyir ki, həmin günlərdə polisin həm mənəvi, həm də fiziki təzyiqlərinə məruz qalıb. O, polislərin bu cür proqramlarda iştirak etmələriylə köhnə iş üsullarından əl çəkəcəklərinə inanmır: «Polislər mənə fiziki təzyiqlər edirdilər. Təsvir etmək çətindir. Əgər mən lap cinayətkaramsa, niyə işgəncə verirsən, məhkəmə olsun, iş kəssinlər. Bizdə belə deyil. Mən gördüyümü görmüşəm. Ona görə də polislərin adamlarla rəftarında dəyişiklik edəcəklərinə inanmıram».


DİN-dən verilən məlumata görə, son iki ildə polisin vətəndaşa işgəncə verməsi faktı qeydə almayıb. Ancaq adamlarla kobud rəftarına görə, bir ildə 10-a yaxın polis əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.


Hüquq müdafiəçisi Rəna Sadəddinovanın fikrincə isə, 5-10 il əvvəllə müqayisədə polislərin vətəndaşlarla davranışında irəliləyişlər var: «Düzdür, indi də qanunsuz saxlamalar, döyülmələr, işgəncələr var. Ancaq əvvəllər belə hallar kütləvi şəkildə olurdu, indi isə yox. Ona görə də bu cür təlim proqramları polislər üçün çox faydalı olur».


Təlim proqramlarında iştirak edən polislər isə, deyirlər ki, bu proqramlarda iştirak edəndə həm onlar öyrənir, həm də onlardan öyrənirlər: «Biz köhnə sovet sistemində işləmişik. Təzə-təzə Avropa standartlarına uyğunlaşırıq».


Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğunun proqram müşaviri Devid Kupina Azərbaycan polisləri üçün keçirilən treninqlərdə təşkilatçı kimi iştirak edib. Deyir ki, polislərin zorakılıqdan necə çəkinməsini onlara nümunələrlə izah edib. Cənab Kupina bu cür proqramları faydalı sayır: «Biz onların düşüncəsini, mentalitetini dəyişməyə cəhd göstəririk».


DİN-dən verilən məlumata görə, hər il beynəlxalq təşkilatların polislər üçün keçirdiyi proqramda 50-yə yaxın polis iştirak edir. Həm yerli polis qurumları, həm də beynəlxalq təşkilatlar faydalı saydıqları üçün gələcəkdə bu cür proqramları davam etdirmək niyyətindədirlər.


XS
SM
MD
LG