Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:35

Regionda böyük siyasi və iqtisadi hadisə


BTC regionda təhlükəsizliyin qarantı da adlandırılır
BTC regionda təhlükəsizliyin qarantı da adlandırılır

İyulun 13-ü Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimidir. Bir il bundan əvvəl - mayın 25-də isə BTC-nin Azərbaycan hissəsinin tikintisi başa çatıb.


BTC-nin işə düşməsi regionda böyük siyasi və iqtisadi hadisə kimi dəyərləndirilir. Kəməri daha çox siyasi layihə də adlandırırlar. Mərhum prezident Heydər Əliyevin BTC-nin gələcəyinə şübhəylə yanaşanlara cavabı adətən belə olurdu: "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcək..."


Əsas ixrac kəməri hər şeydən əvvəl Rusiya və İrandan yan keçməklə Xəzərin neft ehtiyatlarını dünya bazarına nəql edir. BTC bu ilin sonunacan gündə 300-400 min ton nefti Türkiyənin Ceyhan limanına çatdıracaq, ordan isə beynəlxalq bazarlara ötürüləcək. 2009-cu iləcən gündə 1 milyon barel neft nəql edəcək, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, artıq iki ilə Azərbaycana 16 milyard dollara yaxın vəsait daxil olacaq.


Neft gəlirlərindən istifadəyə gəldikdə bir sıra beynəlxalq qurumlar Azərbaycana neft gəlirlərindən səmərəli istifadəni - qeyri-neft sektorunu inkişaf etdirməyi məsləhət görürlər.


BTC regionda təhlükəsizliyin qarantı da adlandırılır. Azərbaycan rəsmilərinin Qarabağ münaqişəsini hərbi yolla həll etmək çağırışlarına baxmayaraq bir çox siyasi təhlilçilər düşünür ki, kəmərin işə düşməsilə regionda münaqişənin yenidən qızışmasına imkan verilməyəcək.


BTC-nin uzunluğu 1.760 km-dən çoxdur, onun 445 kilometri - Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyədən keçir. Layihənin dəyəri 4 milyard dollara yaxındır, operatoru-BP şirkətidir.


Kəmərin tikintisinə dair bəyannamə 1999-cu ildə imzalansa da bu ideya hələ 1990-cı ildən mövcud idi. Kəmərin inşasına 4 il bundan əvvəl başlanılmışdı.


XS
SM
MD
LG