Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:53

«Azadlıq» radiosunun əməkdaşı «Zərdabi» mükafatı aldı


«İz» verilişin aparıcısı Sevda İsmayıllı şair Vaqif Səmədoğludan müsahibə alır
«İz» verilişin aparıcısı Sevda İsmayıllı şair Vaqif Səmədoğludan müsahibə alır

Problemlərin sayından asılı olmayaraq, Azərbaycan mətbuatı ad gününü qeyd edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi «Əkinçi» qəzetini çap etməklə milli mətbuatın əsasını qoydu. Cəmi iki il ömür sürməsinə baxmayaraq, bu qəzet maarifçi və demokratik ideyalar yaydı. İlk «Əkinçi»nin Azərbaycan mətbuatına töhfəsi bu gün nəşr olunan 2.500-dən çox qəzet və jurnaldır.


Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin «Zərdabi» mükafatını «Azadlıq» radiosunun əməkdaşı Sevda İsmayıllı da alıb. Sevda xanım deyir ki, 30 illik jurnalistlik fəaliyyəti dövründə həmişə bu mükafatı gözləyib: «Könül istərdi ki, bu mükafat bir heykəlcik formasında olaydı və biz də onu yuxarı qaldırıb sevinəydik. Ancaq mən bundan heç də təəssüflənmirəm. Amerikanların «Oskar»ı xəyalidir, qiymətlidir, bu mükafatsa qiymətsizdir, gerçəklikdir».


«...İndi mənim ən böyük təsəllim odur ki, barmaqlarım salamatdır, işləyir, başqa şeydən narahatçılığım yoxdur...» Bu isə «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin sözləridir. O, bu ilin mayında naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb, həmin vaxtdan ayağı gipsdədir, ev şəraitində müalicə olunur.


Bu yaxınlarda isə «Azadlıq» qəzetinin yazarı, satirik-jurnalist Sakit Zahidov narkotik maddə alveri ittihamıyla həbs olunub.


Hüquq-mühafizə orqanları hər iki iş üzrə istintaq getdiyini deyir.


Azərbaycan jurnalistikasından danışanda hər şeydən əvvəl 2005-ci ildə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, son bir ildə, parlament seçkisi öncəsi və sonra müxalifətin etiraz aksiyalarında jurnalistlərə fiziki təzyiqlər göz önünə gəlir. Ancaq bir çox media ekspertləri problemlər sırasında daha çox iqtisadi amilləri qabardırlar. Belə ki, qəzetlərə az sayda reklam verilməsi onları müxtəlif qütblü siyasi qüvvələrin kölgəsinə çəkir, nəticədə də qəzetlər siyasiləşir, «iqtidar», «müxalifət» və «müstəqil» qəzetlərin adları çəkilir.


Mətbuatın keyfiyyətində jurnalistlərin peşəkarlıq amilinin də az rol oynamadığını düşünənlər var. Məsələn, təkliflər səslənir ki, Mətbuat Şurası media təmsilçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün monitorinq aparsın, jurnalist təhsili olmayanlar xüsusi kurs keçsin və sairə.


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə deyir ki, Azərbaycanda yetərincə jurnalist potensialı var: «Şəhriyarın bir sözü var ki, yaxşı bizi yaman günə saldılar. Məncə, jurnalistikanın bugünkü keyfiyyət səviyyəsinə görə, jurnalistlər günahkar deyil».


Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi «Həsən bəy Zərdabi» mükafatı aşağıdakı jurnalistlərə təqdim olunub: Hacı Hacıyev, Sevda İsmayıllı (Azadlıq radiosu), Sədrəddin Soltan (Ayna), Ələkbər Raufoğlu (Ekspress), Cəsarət Valehov (İctimai Televiziya), Hafiz Səfərov (İctimai radio), Qalina Mikaledze (Günay), Aybəniz Məmmədov (Dövlət radiosu), İlham Abbasov (Xalq qəzeti), Elmira Mehdiyeva (Zaqatala radiosu), Təranə Məhərrəmova (Kaspiy) və müstəqil jurnalistlər Süleyman Əlisa, Əziz Ələkbərli.


...1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi «Əkinçi» qəzetini çap etməklə milli mətbuatın əsasını qoydu. Yəqin ki, gün gələcək indi Azərbaycanda nəşr olunan mətbu orqanların əsas funksiyaları da yalnız maarifçilik və demokratik ideyalar yaymaq olacaq.


XS
SM
MD
LG