Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

«Vital» klinikanın fəaliyyəti dayandırıldı, «Medservis»ə isə xəbərdarlıq edildi


Səhiyyə Nazirliyi (SN) «Sağlamlıq və Gözəllik Mərkəzi» («Vital» klinika) Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) fəaliyyətini dayandırıb. MMC-də aparılan yoxlamalar nəticəsində mərkəzdə bir sıra nöqsanlar - təşkilati-metodik işlərin düzgün qurulmadığı, uçot-hesabat sənədlərinin təsdiq olunmuş vahid statistik formada və kadr seçiminin Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun aparılmadığı müəyyən edilib. SN Mətbuat Xidmətinin iyulun 24-də yaydığı məlumatda deyilir ki, «Sağlamlıq və Gözəllik Mərkəzi»nə yalnız ambulator müayinə-müalicə xidməti göstərmək üçün lisenziya verilsə də, orada plazmafarez və cərrahi əməliyyatlar da aparılıb: «Aşkar edilmiş digər nöqsanlar isə, sanitariya əksepidemik rejimə riayət olunmaması, laborator analizlər üçün istifadə olunan reaktivlər arasında istifadə müddəti bitmiş reaktivlərin aşkar olunması, müəssisədə istifadə olunan cihaz və avadanlıqlara Standartlaşma Metralogiya və Patent üzrə Dövlət Agentliyinin rəy verməməsi olub».


Nazirliyin məlumatında aşkar olunmuş nöqsanların aradan qaldırılması müqabilində mərkəzin öz fəaliyyətini bərpa edə biləcəyi də bildirilir.


«Medservis» özəl tibb mərkəzində aparılan yoxlamalar da bir sıra nöqsanlar üzə çıxarıb. SN Mətbuat Xidmətinin məlumatında bu mərkəzdə də təşkilati-metodik işlərin və kadr seçiminin düzgün aparılmadığı, müəssisənin istifadə etdiyi (hemodializ, laboratoriya) materialların tullantılarının da zərərsizləşdirilmədən ümumi zibilliyə atılması aşkar edilib: «Mərkəzə xəbərdarlıq olunub. Müəssisənin direktoruna isə 10 gün müddətində nöqsanların aradan qaldırılması üçün müvafiq işlərin görülməsi tapşırılıb», - deyə məlumatda vurğulanır.


Səhiyyə Nazirliyi bundan əvvəl «Diamed» və «Funda» özəl tibb mərkəzlərinin fəaliyyətini dayandırmışdı.


XS
SM
MD
LG