Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

Əvvəl Çernobıl, daha sonra Fukushima…


NÜVƏ ENERJİSİNİN TALEYİ NECƏ OLACAQ?

25 il əvvəl Çernobıl atom elektrik stansiyasının 4-cü reaktorunda partlayış olanda elə güman edilirdi ki, nüvə enerjisindən həmişəlik imtina oluna bilər. Bütün dünyada insanlar Ukraynadan küləklə yayılan radioasiyadan dəhşətə gəlmişdilər.

Hətta bu gün də sağlamlıqla bağlı narahatlıqlar qalmaqdadır. Məsələn, Britaniya indiyə qədər Uelsin bəzi ərazilərində otlayan qoyunların ətinin satışını məhdudlaşdırıb. Almaniyanın cənubunda isə qaban ətinin satışı qadağandır, həmçinin onların istehlak etdiyi göbələklər də.

1986-cı il Çernobıl faciəsi insanların nüvə enerjisinə olan inamına zərbə vursa da buna sonacan nail ola bilmədi. Növbəti illərdə yeni atom enerjisi zavodlarının tikintisi zəiflədi. Lakin hələ də dünyanın artan enerji tələbatının təxminən 16 faizini təchiz etməkdə davam etdi.

2001-ci ildən Çernobıl xatirələri tədricən silinib getdi, nüvə enerjisi üçün yenidən əlverişli şərait yarandı. Mədən yanacağının qiyməti və qlobal istiləşmə «nüvə renesansı» üçün danışıqlara təkan vermiş oldu. Atom Enerjisi Agentliyinin məlumatına görə, 443 köhnə nüvə zavodları ilə yanaşı hazırda 64 yeni zavod tikilməkdədir.

Hərçənd bu yaxınlarda Yaponiyanın Fukushima Daiichi reaktorunda baş verən qəza, yenidən atom elektrik enerjisinə dair şübhələri geri qaytarıb.

YAPONİYADA NARAHATÇILIQ VAR

Ötən həftə Yaponiya paytaxtı Tokioda keçirilən etiraz aksiyasına qoşulan Mayoko Nakahara da bir çox yaponlar kimi gileylənir:

«Bir müddətdir ki, Yaponiyanın nüvə siyasəti prinsipi ilə bağlı narahatlığım vardı. Mən buradayam, deyəm ki, birdəfəlik atom elektrik stansiyalarından canımızı qurtarmalıyıq».

Təhlükəsizliklə bağlı artan narahatlıq Çin kimi bəzi ölkələrdə yeni reaktor tikintisi planlarını dondurub. Almaniya dünyada nüvə əleyhinə hərəkatda aparıcı ölkələrdən hesab olunur, bu ölkə rəhbərliyi də bir neçə köhnə reaktorunun fəaliyyətini 3 aylığa dayandırıb.

Bəs görəsən Fukushima-da baş verənlər, Çernobıl xatirələri nüvə enerjisinin gələcəyini şübhə altına almağa kifayət edirmi?

Karneqi mərkəzinin nüvə eksperti James Acton deyir ki, bu ölkədən-ölkəyə dəyişə bilər.

Fukushimada yaşananlar hesab edirəm ki, ictimai fikrə əhəmiyyət verilən yerlərdə atom elektrik stansiyalarının artmasına mənfi təsir göstərəcək.

«ATOM RENESSANSI»

Dünyanın ən çox reaktoruna sahib ölkələrdə ictimai fikir nəzərə alınır. ABŞ-ın 104, Fransanın 58, Yaponiyanın 54 atom elektrik stansiyası var. Bununla belə, bu ölkələrdə atom elektrik enerjisinin risk göstəricisinin qiymətləndirilməsi fərqlidir.

ABŞ yeni təhlükəsiz reaktorlar nəslinin tikintisində maraqlı olsa da, alternativ yanacağın əvəzinə daha çox mədən qazlarına üstünlük verir. Bundan fərqli olaraq Fransa daha çox nüvə yönümlüdür və görünür belə də qalacaq. Və Yaponiya – Fukushima böhranı yaşanan vaxt güman ki, gələcək kursunu uzun müddətli milli debatlardan sonra müəyyənləşdirəcək.

Karneqi mərkəzinin eksperti James Acton hesab edir ki, ictimai fikir hökumətin siyasətində böyük rol oynamır və nüvə enerjisi stansiyaları artmaqda davam edəcək. Və belə ölkələrdən biri də Rusiyadır ki, 32 stansiyası ilə dünyada 4-cü yerdədir. Rusiya Fransa, ABŞ və Kanada kimi nüvə texnologiyaları ixracatçıları ilə rəqabət aparmaqdadır.

Bu gün atom elektrik stansiyaları daha çox Asiyada mərkəzləşir. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, hazırda tikilməkdə olan 64 stansiyanın 39-u məhz Asiyanın payına düşür.

Son on illikdə dünyada «atom renessansı» Vyetnam, Mərakeş və İndoneziya kimi ölkələrin də nüvə enerjisinə marağının artmasına səbəb olub. Bu ölkələr 2020-ci ilədək nüvə enerjisi istehsal etməyi düşünürlər.

Atom elektrik stansiyasının həm tənqidçiləri, həm də tərəfdarları Çernobıl faciəsindən 25 il sonra bu stansiyalarla bağlı sualların hələ də cavabsız qalmasından ancaq narahat ola bilərlər.
XS
SM
MD
LG