Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:32

Astarada sahiblərindən torpağın sotunu 25-30 manata alırlar


Akif Məmmədov və Beytulla Tarverdiyev
Akif Məmmədov və Beytulla Tarverdiyev
«Heydər Əliyevin verdiyi torpaqları məmurlar bizim əlimizdən alır».

Astara şəhər sakini Akif Məmmədov belə deyir. O, qeyd edir ki, payı bəlli torpaqların dövlət sənədləri onlara təqdim olunub. Lakin torpağın mülkiyyətçisi kimi öz hüquqlarını qoruya bilmirlər:

«ƏKİN SAHƏSİNİ KORLADILAR»

«Mənə məxsus torpağın yaxınlığında qaz kompressoru inşa edildi. Xəbərimiz olmadan, torpaq sahəsinin tən ortasından qaz kompressoruna yüksək voltlu elektrik xətti çəkdilər. Halbuki, bu xətti qaz kompressoruna gedən yolun kənarı ilə apara bilərdilər. Şikayət etdik, nəticəsi olmadı. Demək olar ki, əkin sahəsini korladılar. İkinci qaz kompressorunu tikdilər. Yüksək tonlu maşınları torpaq sahəsinə salıb məhv etdilər. Buranı tikinti meydanına döndərdilər. Kimə dediksə səsimizə səs vermədilər. Dedilər ki, dövlət əhəmiyyətli tikintidir. İşə mane olsan, cəzanı alacaqsan. Nə edək, kimə şikayət edək?».

«MƏN BUNU SOYĞUNÇULUQ HESAB EDİRƏM»

A.Məmmədovun 4 oğlu var .O deyir ki, oğlanlarının üçünü evləndirib. Hamısı da işsizdir:

«Yeganə ümid yerimiz bizə verilən əkin sahələridir. Onu da 3-4 il idi ki, əkə bilmirdik. Ötən il əkmək istədik, dedilər ki, həmin torpağı ARDNŞ alır. Orada helikopter meydanı tikiləcək. Torpağın hər sotuna əvvəlcə 72 manat, sonra isə 80 manat təklif etdilər. Bu qiymətə harada torpaq var? Mən bunu soyğunçuluq hesab edirəm. Bizə deyirlər ki, dövlətin işidir, vəssalam. Başa düşə bilmirəm, bəs biz kimik? Bu dövlətin vətəndaşları deyilikmi?».

Elçin İbrahimli
Astara şəhər sakini Beytulla Tarverdiyev də əkin sahələrindən qanunsuz qaz xəttinin çəkildiyini deyir:

«Yüz diametrli qaz borusu çəkirlər. Bu o deməkdir ki, bu xətt ana xətt deyil. Onda bunu nə üçün sahələrdən çəkirlər? Demək olar ki, 7-8 payçının hüququnu pozurlar, heç veclərinə deyil. Heç kimə demirlər, heç kimlə hesablaşmırlar».

«DƏRDİMİZİ KİMƏ DEYƏK?»

Artıq 5 ildir ki, İrana yeni nəqliyyat və dəmiryolun çəkilməsi ilə bağlı söhbətlər gedir. Hər iki yol əkin sahələrindən keçir, məsafəsi 5 kilometrdən yuxarıdır. Həmin ərazidə Ələt-Astara yolunun yenidən qurulması da nəzərdə tutulub. Bu yol rayonun Şahağacı, Şiyəkəran, Kakalos kəndin ərazilərindən keçir. Şahağacı kənd sakini Elçin İbrahimli deyir ki, bu yolların çəkilişi əkin sahələrini qismən sıradan çıxardıb. Kənd adamlarının çörəyi demək olar ki, əllərindən alınıb:

«Bizimlə heç bir razılaşma olmayıb. Birdən birə, ötən ilin sentyabrında bizə bildiriş gəldi. Həmin bildirişdə qeyd edilir ki, mənə məxsus 3.2 sot torpaq yolun çəkilməsində istifadə ediləcək və buna görə 230.4 manat pul ödəniləcək. Bu pulu ötən ilin sonuna qədər ödəməli idilər. Hər sota 72 manat nəzərdə tutulub. Bu qiymətə torpaq yoxdur, axı. Bu qiyməti haradan götürüblər? Deyirlər ki, qiyməti komissiya müəyyənləşdirib. Onda, bəs qanun necə olsun? Astarda muzeyin tikilməsinə 2 milyon qədər pul ayırırlar, lakin bizə torpağa görə qəpik-quruş ödəyirlər. Bu da işdirmi? Dərdimizi kimə deyək?».

«QANUNA GÖRƏ TORPAĞIN BAZAR QİYMƏTİ SAHİBKARLA RAZILAŞDIRILMALIDIR»

«Xəbərimiz olmadan, torpaq sahəsinin tən ortasından qaz kompressoruna yüksək voltlu elektrik xətti çəkdilər»
Astara rayonun sabiq memarı Vidadi Mirzəyev deyir ki, əkin yerlərindən keçən nəqliyyat yolunun eni 60 metr, dəmiryolun eni isə 40 metr olacaq. Astarada əkinə yararlı torpaqların 50-60 faizi bu yolla sıradan çıxmış olur:

«Digər tərəfdən, Azərbaycanın yüksək vəzifəli məmurları əkin yerlərini çox aşağı qiymətə alırlar. Rayonun Şüvi kəndi ərazisində torpağın bir sotunu 25-30 manata ələ keçirdiblər. Deyirlər ki, bu torpağı Azərbaycan dövləti üçün alırlar. Bu yolla adamları aldadır, zorakı metodlarla kəndlinin son ümid yeri olan torpağını mənimsəyirlər. Bunu da vəzifədə əyləşən adamlar həyata keçirdir. Bu işləri onların vasitəçiləri görür. Qanuna görə torpağın bazar qiyməti sahibkarla razılaşdırılmalıdır. Razılıq əldə olunmayanda, iş məhkəməyə verilir».

«HƏR KƏS ÖZÜ TORPAĞINA CAVABDEHLİK DAŞIYIR»

Astara torpaq şöbəsində bizə dedilər ki, yol, qaz və elektrik xətləri çəkilərkən torpaq sahibləri ilə razılıq əldə edilməlidir. Hər kəs öz torpağına özü cavabdehlik daşıyır. Bu layihələr mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Dövlət əhəmiyyətli layihələrə müdaxilə etmək olmur.

Astara rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini Allahverən Mahmudov da dövlət əhəmiyyətli layihələrin işinə qarışmadıqlarını söylədi:

«Torpaq pullarının az olması, pulların alınmaması ilə bağlı bizdə şikayət məktubları var. Bu məsələləri «Azəriqaz», «Azərenerji», «Azəryolservis» təşkilatları özləri həll edirlər».

«Azəriqaz» İstehsalat Birliyi Astara Magistral Qaz Kəmərləri sahəsindən verilən məlumata görə, yaxın günlərdə helikopter meydançası ilə bağlı məsələyə rəsmi münasibət bildiriləcək. Ancaq onlar başqa məqsədlərlə alınan torpaq sahələrinə aydınlıq gətirmək istəmirlər. Adıçəkilən qurumların yerli təmsilçiləri bildirirlər ki, onlarlıq heç nə yoxdur, hər şey mərkəzdə həll olunur.
XS
SM
MD
LG