Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:05

Kitabi-Dədə Qorqud (İç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy)


əvvəli

Üç ox və Boz ox tayfaları bir yerə toplaşanda Qazan adət üzrə evini
talan elətdirər, şey-şüyünü bölüşdürərdi. Amma bu dəfə Qazanın
şeyləri talan edildikdə Daş Oğuz orada deyildi. Talanda ancaq İç Oğuz
iştirak etdi.

Qazan öz şeylərini talan elətdirərkən arvadının əlindən tutub
kənara çıxar, ondan sonra ev-eşiyini oğuz əhlinin ixtiyarına verərdi.
Daş Oğuz bəylərindən Aruz, Əmən və qalan bəylər bunu eşidib
dedilər: “Bax, bax! İndiyədək Qazanın evini birlikdə talan edərdik. İndi
nə üçün birlikdə olmayaq?” Daş Oğuz bəyləri müttəfiq olub, Qazanın
yanına gəlmədilər, ədavət saxladılar.
Qılbaş deyilən bir kişi vardı. Qazan dedi: “Ay Qılbaş, bu Daş Oğuz
bəyləri həmişə birlikdə gəlirdilər. İndi nə üçün gəlmədilər?” Qılbaş
deyir: “Bilmirsənmi niyə gəlmədilər? Evini talan etdirdiyin vaxt Daş
Oğuz burada yox idi, səbəbi budur”. Qazan deyir: “Hə, deməli, ədavət
saxlayırlar?”. Qılbaş deyir: “Xanım, mən gedim, onların dostluğunudüşmənliyini
bilim”. Qazan deyir: “Sən yaxşı bilirsən, get!”.
Qılbaş bir neçə adamla atlanıb, Qazanın dayısı evinə gəldi. Aruz da
qızılı günlüyünü qurdurub oğlanları ilə oturmuşdu.
Qılbaş gəlib Aruza salam verdi, dedi: “Qazanın başı bəlalıdır. Dedi
ki, mütləq dayım Aruz yanıma gəlsin, üstümə düşmən gəlib; dəvələrimi
nərildətdilər, qaracıq Qazlıq atlarımı kişnətdilər. Qaza bənzər qızımız-
gəlinimiz dərdə düşdü. Mənim dərdli başıma gör nələr gəldi.
Dayım Aruz gəlsin, – dedi”.
Aruz deyir: “Ay Qılbaş, Qazan öz evini həmişə Üç ox və Boz ox
tayfaları bir yerə yığılanda talan elətdirərdi. Bizim günahımız nə idi ki,
bu işdə iştirak etmədik? Qazanın başına qoy həmişə bəla gəlsin. Dayısı
Aruz daim ona qarşı olacaq. Biz Qazanın düşməniyik, qəti bilsin!”.
Qılbaş burada soylamış, görək, xanım, nə soylayıb demişdir:
Ay əbləh,
Qazan xan yerindən durub gəldi,
Ala dağda çadırı-otağı dikəldi.
Üç yüz altmış altı igid
söhbətinə yığıldı.
Yemək-içmək arasında bəylər səni andı.
Üstümüzə heç bir düşmən-zad gəlmədi.
Mən sənin dostluğunu-düşmənliyini
sınamaq üçün gəldim.
Qazana düşmən olduğunu bildim!
Qılbaş qalxıb “Salamat qalın!” – deyib getdi.
Aruzun qanı çox qaraldı. Daş Oğuz bəyləri üçün adam saldı:
“Əmən gəlsin, Alp Rüstəm gəlsin, Dönəbilməz Tüləkvuran gəlsin...
Qalan bəylər də hamı gəlsin!”.
Daş Oğuzun bütün bəyləri yığıldı. Aruz böyük və geniş otaqlarını
düzdə tikdirdi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirdi.
Daş Oğuz bəylərini əzizləyib qonaq etdi. Dedi: “Bəylər, bilirsizmi,
mən sizi niyə çağırtdırdım?”. Dedilər: “Bilmirik”. Aruz deyir: “Qazan
bizə Qılbaşı göndərib, elim-günüm çapıldı, başıma bəla gəldi, dayım
Aruz yanıma gəlsin, demişdir. Qılbaşa dedim ki, Qazan həmişə malını
Daş oğuz bəylərinin iştirakı ilə talan elətdirərdi. Bəylər gələr, Qazanı
salamlayıb gedərdi”.
Əmən dedi: “Bəs sən axır ona nə cavab verdin?” Aruz: “Ay əbləh,
biz Qazana düşmənik”, dedim. Əmən deyir: “Yaxşı demisən”. Aruz
deyir: “Bəylər, bəs siz nə deyirsiz?”. Bəylər dedi: “Nə deyəcəyik?
Sən Qazana düşmən oldunsa, biz də düşmənik”, – dedilər. Aruz araya
müqəddəs kitabı gətirdi. Bütün bəylər əl basıb and içdilər, “Sənin
dostuna dost, düşməninə düşmənik!” – dedilər. Aruz bütün bəylərə
xələt verdi, dönüb dedi: “Bəylər, Beyrək bizdən qız almışdır, yeznəmizdir,
amma Qazanın da dostudur. Gəlsin, bizi Qazanla barışdırsın.
Çağırtdıraq, gətirdək; bizə tabe olarsa, çox yaxşı! Olmazsa, mən
saqqalını tutum, siz qılınc çəkib vurun! Beyrəyi aradan götürək. Ondan
sonra Qazanla işimiz yaxşı olar!”.
Beyrəyə kağız göndərdilər. Beyrək öz otağında igidlərlə yeyibiçirdi.
Aruzdan adam gəldi, salam verdi. Beyrək də salam verdi. Gələn
adam dedi: “Aruz xan sizə salam göndərir. Deyir, Beyrək gəlsin, lütf
edib, bizi Qazanla barışdırsın!”.
Beyrək: “Yaxşı, olsun!” – dedi. Atını çəkdilər, mindi. Qırx igidlə
Aruzun evinə gəldi. Daş Oğuz bəyləri otururkən girib salam verdi.
Aruz Beyrəyə dedi: “Bilirsənmi, səni niyə çağırmışıq?”. Beyrək dedi:
“Niyə çağırmısız?”. Aruz dedi: “Biz, bütün bu oturan bəylər Qazandan
üz döndərmişik, and içmişik”. Kitab gətirdilər ki, sən də and iç! Beyrək
“Mən Qazana dönük çıxmaram!” – deyə and içdi. Soylayıb deyir:
Mən Qazanın nemətini çox yemişəm,
bilməzsəm, gözümü tutsun!
Qaracıqda Qazlıq atına çox minmişəm,
bilməzsəm, tabutum olsun!
Yaxşı qaftanlarını çox geymişəm,
bilməzsəm, kəfənim olsun!
Böyük, geniş otağına çox girmişəm,
bilməzsəm, zindanım olsun!
Mən Qazana dönük çıxmaram, qəti bilin!
Aruz Beyrəyin saqqalından tutdu. Bəylər Beyrəyə qıya bilmədilər.
Beyrək burada bildi ki, Aruz çox qəzəblənmişdir. Soylayıb dedi:
Aruz, mən bilsəydim bu niyyətini,
Qaracıqda Qazlıq ata minərdim!
Əynimə bərk dəmir donu geyərdim!
Böyük iti polad qılınc bağlardım!
Öz alnıma parlaq zireh vurardım!
Altmış tutam süngümü götürərdim!
Alagözlü bəyləri gətirərdim!
Ay yaramaz, mən bu işi duysaydım,
Sənin görüşünə belə gələrdim?!
İgidi aldatmaq arvad işidir,
Bu işi arvaddan öyrəndinmi sən?
Aruz deyir: “Ədə, hərzə-hərzə danışma. Qanına susama, gəl and
iç!”. Beyrək deyir: “Vallah, mən Qazanın və İç Oğuzun yolunda başımı
qoymuşam. İstəyirsiniz, yüz para eləyin, mən Qazana xain çıxmaram!”.
Aruz yenidən hirsləndi, Beyrəyin saqqalından bərk tutub, bəylərə
baxdı. Gördü kimsə gəlmir, qara polad iti qılıncı çəkib, Beyrəyin
sağ oyluğunu çapdı. Beyrək qara qanına boyandı, başı dumanlandı.
Bütün bəylər dağılışdı. Hər kəs öz atına mindi. Beyrəyi də mindirdilər.
Bir nəfər tərkinə minib, onu qucaqladı. Beyrəyi gətirənlər atlarını ça-
paraq, onu öz evinə çatdırdılar. Cübbəsini üzərinə örtdülər. Beyrək
burada soylayıb dedi:
İgidlərim, yerinizdən qalxın, durun!
Boz atımın quyruğunu tutun, kəsin!
Ala dağdan Arqubeli gecə aşın.
İti axan gözəl suyu üzüb keçin.
Qazan xanın divanına çapıb gedin.
Siz hamınız ağ çıxarıb, qara geyin.
“Qazan, tək sən sağ ol, Beyrək öldü!” deyin...
Danışın ki, namərd Aruz dayın adam göndərib, Beyrəyi istəmişdir,
o da getmişdir. Daş Oğuzun bütün bəyləri bir yerə yığılıbmış.
Bilmədik, yemək-içmək arasında müqəddəs kitab gətirdilər, Beyrəyə
“Biz and içib, Qazandan üz döndərmişik. Gəl, sən də and iç!” –
dedilər. And içmədi. “Mən Qazandan dönmərəm!” – dedi. Namərd
dayın qəzəblənib, Beyrəyi qılıncladı. Beyrək huşunu itirib, qara qanına
boyandı. Sonra dedi ki, mənim qanımı Qazan Aruzda qoyarsa, sabah
qiyamət günündə əlim onun yaxasında olacaqdır!
Beyrək bir daha soylayıb demişdir:
İgidlərim, Aruz oğlu Basat gəlmədən,
Elim-günüm çapılmadan,
Qaytabanda dəvələrimi bağırtmadan,
Qaracıqda Qazlıq atımı kişnətmədən,
Ağca qoyunlarım mələşmədən,
Ağca üzlü qız-gəlinə sataşmadan,
Ağca üzlü sevgilimi Basat gəlib almadan,
Elimi-günümü çapmadan, Qazan mənə yetişsin,
Mənim qanımı Aruzda qoymasın,
Ağ bənizli sevgilimi oğluna alıb versin,
Axirətin haqqını mənə halal etsin,
Bilsin ki, bəy oğlu bəyzadə Beyrək
Ömrünü bağışlayıb, Allahına qovuşdu!
Beyrəyin ata-anasına xəbər çatdı. Uca ev-eşiklərində şivən qopdu.
Qaza bənzər qız-gəlin ağ çıxarıb, qara geydi. Ağ-boz atının quyruğunu
kəsdilər. Qırx-əlli igid qara geyib göy sarındı. Qazan bəyin yanına
gəlib, çalmalarını yerə vurdular. “Beyrək!” deyə çox ağlaşdılar. Qazanın
əlini öpdülər. “Sən sağ ol, Beyrək öldü!” dedilər. Dedilər ki, namərd
dayın hiylə işlətdi. Çağırtdırıb bizi aldatdılar. Getdik; bilmədik
ki, Daş Oğuz bəyləri sizdən üz döndəriblər. Müqəddəs kitab gətirdilər.
“Biz Qazana düşmənik, sən də biz deyənə boyun əy!” dedilər.
And içdilər. Beyrək sənin çörəyini basmadı. Onlara boyun əymədi.
Dayın namərd Aruz qəzəblənib, Beyrəyi oturduğu yerdə qılıncladı, bir
oyluğunu saldı. Sən sağ ol, xanım, Beyrək Allaha qovuşdu; dedi ki,
mənim qanımı Aruzda qoymasın.
Qazan bu xəbəri eşitdi, dəsmalını əlinə alıb, hönkür-hönkür
ağladı. Divanda oturub zarıldadı. Orada olan bütün bəylər ağlaşdılar!
Qazan getdi, öz evinə girdi. Yeddi gün divana çıxmadı, oturub ağladı.
Bəylər yığışıb, divana gəldilər. Qazanın qardaşı Qaragünə deyir:
“Qılbaş, get de, ağam Qazan gəlib çıxsın. De ki, sənin ucundan bir igid
aramızdan əksildi. Həm də vəsiyyət eləyib ki, qanını düşməndə qoymayıb
alasan. Di, gedək, düşməni haqlayaq!”. Qılbaş deyir: “Sən qardaşısan,
sən get!”.
Nəhayət, ikisi birlikdə getdilər. Qazanın evinə girdilər. Salam
verib dedilər: “Sən sağ ol, ay xan, bir igid aramızdan əksildi, sənin yolunda
baş verdi. Deyirəm, qanını alaq; həm də sizə tapşırmışdır ki, qanını
alasız. Ağlamaqla bir şeymi olur? Dur gəl yuxarı”.
Qazan deyir: “Doğru məsləhətdir. Tez silahları hazırlasınlar. Bütün
bəylər atlansınlar!”.
Bəylərin hamısı atlara mindi. Qazanın Qonur atını çəkib gətirdilər,
mindi. Boru çalındı, nağaralar döyüldü. Gecə-gündüz bilmədən
atlarını çapdılar.
Aruza və Daş Oğuzun bəylərinə xəbər çatdı. “Budur, Qazan gəldi!”
– dedilər. Onlar da qoşun yığıb, boru ucaldan Qazana qarşı gəldilər.
Üç ox və Boz oxun qoşunları qarşılaşdı. Aruz deyir: “İç Oğuzda
mənim döyüşçü rəqibim Qazan olsun!”. Əmən deyir: “Mənim rəqibim
Tərsuzamış olsun!”. Alp Rüstəm deyir: “Mənim rəqibim Ənsə qoca
oğlu Oxçu olsun!”. Hər kəs öz rəqibini gözlədi. Alaylar bağlandı, qoşunlar
düzüldü. Borular çalındı. Təbillər döyüldü. Aruz qoca öz atını
meydana sürdü. Qazanı çağırıb dedi: “Ey yaramaz, sən mənim rəqibimsən,
sən bəri gəl!”. Qazan qalxanını çəkdi, süngüsünü əlinə alıb
başı üzərində fırlatdı. Dedi: “Ay əbləh, namərdliklə igid öldürməyin
nə demək olduğunu indi mən sənə göstərərəm!”. Aruz Qazanın üzə-
rinə at sürüb, onu qılıncladı; zərbəsi zərrə qədər də Qazanı kəsmədi,
yan keçdi. Növbə Qazana yetişdi. Altmış tutamlıq iri nizəsini qoltuğuna
qısan Qazan, Aruza bir nizə vurdu. Nizə alov tək Aruzun köksündən
o tərəfə keçdi, onu at üstündən yerə saldı. Qazan öz qardaşı
Qaragünəyə işarə etdi: “Başını kəs!”. Qaragünə atdan düşüb Aruzun
başını kəsdi.
Daş Oğuz bəyləri bunu görüb, hamı atdan düşdü. Qazanın ayağına
yıxıldılar, günahlarından keçməyi xahiş etdilər, əlini öpdülər. Qazan
onların günahını bağışladı. Beyrəyin qanını dayısından aldı. Sonra
Aruzun evini çalıb-çapdırdı. Elini-gününü talan elətdirdi. İgid bəylər
böyük qənimət qazandılar.
Qazan hündür göy çəmənlərdə çadırlar qurdurdu.
Dədəm Qorqud gəlib şadlıq mahnısı çaldı. İgid döyüşçülərin
başına nə gəldiyini danışdı. Dedi:
Hanı dediyim bəy ərənlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Ən nəhayət, uzun yaşın
Sonu ölüm, axırı ayrılıq.
Xeyir-dua verək, xanım:
Ölüm gəldikdə səni
Pak imandan ayırmasın!
Ağ saqqallı atan yeri,
Ağ birçəkli anan yeri
cənnət olsun!
Allah səni namərdə möhtac etməsin!
Ağ alnın önündə beş kəlmə dua etdik
qəbul olunsun!
“Amin! Amin!” deyənlərin üzünü görəsən!
Yığışdırsın, saxlasın Allah günahınızı,
Məhəmməd Mustafaya bağışlasın, xanım, hey!
XS
SM
MD
LG