Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:19

Babək Göyüş "Yaşıl qurbağanın çəhrayı daşı" (Hekayə)


Qanlı gölün bu üzünə gündüz saatlarında son on gün ərzində onuncu qansız meyit gəldi.

Bir meyit də gəlsə, o dünyada bu məhlənin futbol komandasını yaratmaq olardı, ancaq o arzunun gerçəkləşməsi üçün gərək sabah döyüş bölgəsindən onbirinci meyit də gəlməliydi.

Qanlı gölün bu üzündə Qırçı Ağarza məhləsindəki ağlaşma bu dəfə uzun sürmədi.

Yasamal qəbristanlığından qayıtdıqdan sonra həyətdə qurulan çadırda kişilərin başları söhbətə qarışdı, ölü evindən isə qadınların ayaqları bardaş qurmaqdan yoruldu, ağlaşma səsləri də ara-sıra məhləyə yayıldı.

Axşama yaxın bu səslər avazıyıb tamamilə kəsildi, kişilər də çadırdan seyrəlib başları ilə birgə tək-tək evlərinə getdi.

Bütün bu mənzərəni bu məhlədə görməyən tək Dəli Ağarza oldu.

O, həmin vaxt Yasamal bazarının baş divarının qurtaracağında yaşıl çantasında gəzdirdiyi çəhrayı daşın üstündə oturub gəlib gedənlərə baxırdı.

Məhlədəki yas mərasimi onun vecinə deyildi.

Onsuz da meyitlərin hamısı tabutun içində hər dəfə məhləyə aparılanda öncə onun yanında maşından yerə qoyulur, ordan da öz dəqiq ünvanına məhlə kişilərinin çiyinlərində gedərdi.

Ağarza bütün bu kadrları kino lenti kimi yaddaşına köçürər və tabut onun yanından aralanan kimi çantasındakı ağ kağızı çıxarıb “1” yazardı.

Və o, ağ kağızın ortasını qaraldan “1”-ləri hamıya göstərmək üçün səhərisi gün bütün məhlə boyu qaçıb kağızı əlində yellədər və sevinə-sevinə iki dəfə “cetdi, cetdi” deyərdi.

Ölülər diri olanda ona salam vermirdilər. Ona salamı hər gün Yasamal bazarının qarovulçusu Əlirza verərdi. Ağarza də el adətilə o salamı almaq üçün səhər tezdən günəş Yasamala doğru bir qarış yuxarı qalxanda qolundakı saata baxıb 9-a 10 dəqiqə qalmış oyanar və bazara sarı qaçardı ki, Əlirza öz köşkünə girməmiş ona ədəb-ərkanla günün ilk salamını versin və əliylə Ağarzanın başını sığallayıb “bacıoğlu” desin.

Əlirzanın öz halalca oğlu onunla yaşamırdı, müharibə başlayandan zabit kimi ordu sıralarında qulluq edirdi.

Və 3 ildir ki, 1-ci Qarabağ savaşı getdiyindən Bakıya gəlməyə vaxtı olmurdu.

Yalnız bu ilin Novruz bayramında Əlirza arvadının qavqardığı bayram payıyla Qazağa getmiş və oğluyla Cəfərli kəndində görüşmüşdü...

Ağarzanın əvvəlki ağıllı dünyasından indiki dəli dünyasına gətirib çıxartdığı şeylərdən biri də saatın neçə olmasını bilməsidir.

Qolundakı “Salyut” saatını da ona Əlirza hədiyyə vermişdi. Yaşıl çantasında gəzdirdiyi yastı çəhrayı daşı isə bir il öncə qanlı gölün kənarında yastı olmayan yaşıl qurbağanın “əlindən” almışdı. Daha doğrusu, qurbağa onun üstündə oturub özünü günə verirdi.

Yadına gəlir, lap kiçik olanda anası da həyətdə çəhrayı palazın üstündə uzanıb özünü günə verirdi. Atası qısqanclığından anasını heç vaxt dənizə aparmazdı.

O da elə həyətdə özünü günə verə-verə günün altında öldü. Öləndə onun əynində yaşıl koftası var idi.

O koftanı Ağarza indiyədək balışının altında saxlayır və bir dəfə də olsun, çıxarıb baxmayıb. İnanır ki, anası gələndə özü koftasını götürüb geyinəcək.

Yaşıl rəngli qurbağanı görəndə o, elə bilmişdi ki, anası atasının qorxusundan qurbağaya dönüb və gündə yanmağın heyfini burda – qanlı gölün kənarında çıxardır.

Qurbağa isə “oğlunu” tanımamış və qorxusundan quruldayıb suya tullanmışdı.

Ağarza qurbağa gedəndən sonra o daşın üstündə oturub qurbağa kimi özünü günə vermişdi. Sonra günəş şüası başını yandıranda qalxmış, daşı da çiynində gəzdirdiyi yaşıl çantasına qoyub məhlələrinə qayıtmışdı.

İndi o, hər yerdə o çəhrayı daşın üstündə oturur və oturan kimi də anasından ötrü ağlamaq istəyir.

Ancaq o, ağlamağı bacarmır. Əslində ağlayır, ancaq gözündən bir gilə belə yaş çıxmır. Onu “bu günə” ögey analığı “salıb”.

Uşağın başına oxlovla o qədər çırpıb ki, Ağarzanın başının suyu quruyub və o, öz babasının məhləsində dəli olub.

Analığı da Qarabağ müharibəsi başlamazdan bir il öncə bazarın yanında yük maşınının təkəri altında qalıb.

Analığının tikəsini yığmaq üçün o təkəri bir neçə saat su “şlanq”ı ilə yumalı olublar.
Atası da bu məhləyə gətirilən meyitlərin birincisi oldu.

Elə orta məktəbdə oxuyanda da “1” nömrəli maykayla hər həftənin bazar günü qanlı gölün kənarında Badamdarın futbol komandasına qarşı qapıda durardı.

Elə qapıda dura-dura da ali məktəbə daxil ola bilmədi, babasından ona “viras” qalan qırçı sənətiylə ailəsini saxladı.

Ağarza indi həyətlərinin girişində it damı boyda bir yerdə dəli ömrünü yaşayır. İki otaqlı evlərini isə atası müharibəyə getməzdən bir gün əvvəl 4 tələbə oğlana kirayə verib.

Ağarza elə Allahın umuduna yaşayır. Bir də hər axşam ona yemək göndərən dayısı Əlirzanın...

Ağarza nə atasının ölümündən, nə də evlərində kirayədə qalan tələbələrdən xəbəri var.
O, dəli olandan başını qaldırıb evlərinə sarı baxmayıb.

Baxdığı yer təkcə öz “evidi”. Onun da sınıx-salxaq qapısı var, soyuq olanda Yasamal küləyi daldalanmaq üçün onun yanından asanca sivişib içəri daxil olur.

Atasının qısqanclığından evlərində qonaq görməyən Ağarza da çağırılmamış “qonağın” qorxusundan bükülüb çırıq yorğanının içinə girir. İstilər düşəndə isə onun qorxusu çəkilir və hava mülayimləşənədək üstüaçıq yatır.

Bütün bunlar qanlı gölün bu üzündədi. Qanlı gölün o üzündə isə insan yaşamır.

Oraların sahibi boz təpəliklər və insan ayağı boyda kol-koslardır. Onlar da Yasamal küləyinin əlindən cansız meyitə bənzəyir.

Başları küləyin “əlindən” Xəzərə doğru əyilib. Ayaqlarını örtən torpaq da seyrəlib, barmaqları “çöldə” qalıb.

Ağarza barmaqları “çöldə” qalan kol-kosun birinin yanında özünə yer elədi, daha doğrusu, o yeri əliylə təmizlədi, sonra çəhrayı daşını çantasından çıxarıb ora qoydu, əyilib Xocahəsən gölünə və qatar yoluna baxdı, sonra çöməlib daşın üstündə oturdu.

O, artıq 10 gün idi ki, bura gəlirdi. Ağıllı vaxtlarında da sinif yoldaşlarıyla bura gəlib qatarların vaqonlarını sayardılar.

İndisə onun vaqon saymaq meyli yoxdur. İndi o, sadəcə olaraq qatarın gəlişini gözləyir və elə bilir ki, məhlələrinə gətirilən tabut bu qatarla gəlir.

10 gün bundan əvvəl elə qatarın gəlişini seyr edəndən sonra qaçaraq bazarın yanına getmiş, öz yerində çəhrayı daşın üstündə oturanda çox sayda adamların onların məhləsinə doğru getdiyini görmüşdü.

Sonrakı günlərdə də bu hal təkrar olunmuşdu.

İndi isə 11-ci gündür.

Saatına baxır. 10-a 5 dəqiqə qalıb.

Deməli, qatarın gəlişinə hələ 5 dəqiqə var. İndi onun ən çox sevdiyi şey üstündə oturduğu çəhrayı daş deyil, gözlədiyi qatardır.

Sevinir ki, qatar gələndən sonra onların məhləsi adamlarla dolu olacaq və o, çantasındakı kağızı çıxarıb tən ortasında “1” rəqəmini yazacaq.

Hər gün olduğu kimi ortası qaralmış kağızı çıxarıb göyə qaldırdı və aşağıdan yuxarı baxıb “1”-ləri saymağa başladı. 1, 2, 3, ... 10.

Deməli, bu gün də qatar gəlsə, “1”-lərin sayı 11 olacaq. Və yenidən kağızı qatlayıb çantasına qoydu.

O, yazmaq prosesini bazarın yanında həyata keçirir. Dəli olsa da bunu yaxşı bilir.

Qatar yarım saat gecikdi. Sözün düzü, dəniz tərəfdən əvvəl səsi gəldi.

Taqqatak, taqqatak, taqqatak. Sonra burnu göründü, sonra başı, sonra da bütöv bədəni. Nədənsə Ağarzada vaqonları saymaq meyli yarandı. 1, 2, 3, ... 17. “Deməli, sərnişin qatarıdır. Vaqonları çox olsaydı, neft daşıyan olardı”.

Yadına düşdü ki, neft vaqonları axşamlar gəlir, gündüzlər o vaqonlara neft doldururlar.

Ağıllı olduğu vaxtlarda da futbol oynayandan sonra bura vaqon saymağa çox gəlmişdi.

Ağarza işini bitmiş hesab elədi. Tələsmədən qalxıb üstünü çırpdı, sonra daşı əliylə təmizləyib çantanın içinə qoydu.

Qatarın səsi tam kəsilən kimi qanlı gölün boynuna dolanıb bazara sarı getdi.

Vaxta çox qaldığından tələsmədi, addımlarını yavaşıtdı. Həm də isti onu təntitmişdi.

Bazarın tinində onun yeri boş idi. Bilirdi ki, heç kim cürət edib onun yerində otura bilməz. Daşını çıxarıb əliylə təmizlədi, yerə qoyub üstündə oturdu.

Sonra ətrafına boylandı, ona fikir verən yoxuydu.

Hərə öz işindəydi, ancaq bazarın yanındakı işıqforun hər dəfə yaşıl işığı yananda maşınlardan çıxan gurultu ilan fışıltısı kimi gəlib onun qulağına dolurdu. Ancaq bu səs onu fikrindən yayındırmadı, əslində onun fikri başqa yerdəydi.

O, tabut gətirən maşını gözləyirdi. Saatına baxdı. 1-ə 1 dəqiqə işləmişdi. Düşündü ki, tabut gətirənlər 1 dəqiqə gecikib.

Birdən yadına düşdü. “Qatar da gecikmişdi. Deməli, hələ 29 dəqiqə var”.

Çevrilib gözlərilə dayısı Əlirzanın köşkünü axtardı. Qapısı açıq idi. Onsuz da hava isti olduğundan içəridə bürkü olardı və o üzdən də Əlirza həmişə kətil götürüb bayırda oturardı.

İndi də eynən eləydi. Əlirza kətilin üstündə ayağını ayağının üstünə aşırıb su içirdi.

Ağarzanın gözü birdən kətilə zillənib alacalandı və kətil onun gözündə çəhrayı daşa bənzədi. Əliylə öz daşını yoxladı, yerindəydi.

Yenidən başını qaldırıb yaşıl rəngli köşkə baxdı. Yox, orda da hər şey öz yerində və öz rəngiydəydi.

Başını silkələyib pis fikirləri beynindən çıxartmağa çalışdı. Və bunun üçün çönüb məhlələrinə gedən yola baxdı.

Topa adam görmədi. Göyə baxdı, günəş düz başının üstündə dayanıb ona baxırdı. Ağarzanın onsuz da ondan zəhləsi gedirdi.

Anasının ölümünə o, bais olmuşdu. Bu baxışa Ağarza çox dözə bilməzdi, yoxsa anası kimi günün altında ölərdi.

Qalxıb qanlı gölün o üzünə tərəf götürüldü.

Çatanda tər dabanından axırdı. Xocahəsən yoluna baxan təpədə dayanıb tərini soyutmağa çalışdı.

Sonra oturmaq üçün daşını çıxarıb yerə qoymaq istədi, ancaq daşı çantasında tapmadı.

Düşündü ki, tələsik gəldiyindən daşı orda unudub. Heyifslənmədi və son bir il ərzində ilk dəfə çəhrayı daşsız torpağın üstündə oturdu. Və bədəninə o dəqiqə bir sərinlik gəldi.

Daşı unutduğuna görə sevindi. Bura qaçaraq nəyə görə gəldiyini yenidən yadına saldı. “Səhər gələn qatar yəqin neft qatarıymış, yoxsa məhlələrinə meyit gələrdi”.

Sərnişin qatarının gəlməsini gözlədi. Və axşama kimi oturduğu yerdən ayağa qalxmadı...

Qanlı gölün bu üzünə on birinci gün axşam şər qarışanda qanlı meyit gəldi. Daha doğrusu, o meyiti çiynində Əlirza gətirdi. Əlirza Ağarzanın qanlı gölə tərəf qaçdığını görmüşdü.

Axşam işdən çıxandan sonra onu bazarın tinində tapmamış, daşı götürüb Ağarzanın həmişə qatar gözlədiyi təpəyə sarı getmişdi.

Ora yaxınlaşanda isə elə bilmişdi ki, Ağarza oturduğu yerdəcə yatıb. Ancaq arxadan əlini onun çiyninə vuran kimi Ağarza ağzıüstə torpağa yıxılmışdı.

Əlirza on gün dalbadal işə gələndə öz köşkünün qapısını açmadı, Ağarzanın “yerində” çiynində yaşıl çanta çəhrayı daşın üstündə oturub gün əyilənədək bacısı oğlunun yolunu gözlədi.

Onbirinci gün Əlirzanın başına hava gəldi və o, dəli oldu.

Elə o gündən də başlayaraq obaşdan durub qanlı gölün ö üzündə qatarların, bu üzündə isə bazarın tinində onbirinci tabutun gəlişini gözlədi.

Və gözləyə-gözləyə də Ağarzanın “kağızına” 11-ci “1”-i yaza bilmədi.

1-cü Qarabağ savaşının bitməsindən Əlirzanın xəbəri yoxuydu...
XS
SM
MD
LG