Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:04

Müxalifətçi müəllimə işdən çıxarılması əmrini niyə vermirlər?


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli işlədiyi Fərzili kənd orta məktəbindən işdən çıxarılıb. Təzəxan Mirələmlinin sözlərinə görə, bu haqda ona aprelin 30-da məktəb direktorunun səlahiyyətlərini icra edən Maya Kərimova məlumat verib. Ona şifahi məlumat verilib, əmr isə hələ verilməyib:

«DEDİ MƏNƏ TAPŞIRIBLAR Kİ, JURNALLARI GİZLƏT»

«Mən məktəbə getdim. 8.30-da dərs başladı. Birinci dərsə getdim. Dərsim 8-ci sinifdə idi. Jurnalı götürüb sinfə getdim. Dərsi keçib jurnalda qeydlərimi elədim. İkinci saat dərsim 7-ci sinifdə idi. 7-ci sinfin jurnalını götürmək istəyəndə gördüm ki, mən gətirdiyim jurnaldan başqa jurnal yoxdur. Direktordan soruşdum bu nədir, jurnal hanı? Dedi ki mənə tapşırıblar ki, jurnalları gizlət. Kim deyib, Ədalət Əsgərov, niyə xəbərim yoxdur, dedi ki, deyib elə onun xəbəri olmasın».

VİDEONU İZLƏMƏK ÜÇÜN BURA DAXİL OLA BİLƏRSİNİZ

Təzəxan Mirələmlinin sözlərinə görə, onun işdən çıxarılmasını Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov tapşırıb. Həm də ona həbs olunacağı haqqında məlumat verilib. Ona görə də vəkil tutmaq üçün Bakıya gəlib:

«Məsələ var ki, məni şərləyib həbs etsinlər. Axşama yaxın adamlarım zəng elədi ki, rayona gəlmə, haqqında tədbir görmək istəyirlər».

Təzəxan Mirələmli müxalifətin aprelin 2-də keçirdiyi etiraz aksiyasında xəsarət aldığı üçün həmin gündən aprelin 29-a qədər müalicədə olub. Buna görə bülleten də alıb. Mirələmlinin sözlərinə görə, onu işdən azad olunmasını əvvəlki direktor Hümbət Paşayevdən tələb ediblər. «O da deyib ki, qanuni bülletendədir, necə əmr verim. Onların sözünə qulaq asmadığına görə, ayn 15-də onun özünü azad ediblər».

MÜƏLLİMİN İŞDƏN ÇIXARILMASI İLƏ KİM MƏŞĞUL OLUR?


Hümbət Paşayevdən məsələ haqqında soruşmaq istəsək də danışmaq istəmədi:

«Mən müdirlə də görüşməliyəm. Hələ heç nə deyə bilmərəm»

Təzəxan Mirələmli deyir ki, direktor əvəzi Maya Kərimova aprelin 30-da rayon təhsil şöbəsinə çağırılıb: «Qayıtdıqdan sonra ağlaya-ağlaya söylədi ki, ona təzyiq göstərirlər. Ona deyirlər ki, mənim üzümə dursun, guya mən məktəbdəkiləri təhqir etmişəm, məni də həbs etsinlər».

Məktəb direktoru və müəllim arasındakı bu söhbətin videosu artıq internetdə yayılıb.

Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov isə mayın 1-də AzadlıqRadiosuna deyib ki, məktəbdən müəllimin çıxarılması və ya işə qoyulması məsələsi ilə o yox, məktəbin direktoru məşğul olur.

Fərzəli kənd məktəbinin direktor əvəzi Maya Kərimova isə bu haqda danışmaq istəmədiyini bildirdi:

«Mən bu barədə heç bir şey deyə bilmərəm. Mən təhvil-təslim eləmişəm. Hazırda heç bir vəzifə daşımıram»

TOXUNULMAZ ADAMLAR?


Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə məsələ ilə bağlı məlumatı olmasa da hansısa siyasi partiya üzvü olan müəllimim məsələni siyasiləşdirməsini əsassız sayır:

«Əksər adamlar var ki, işdən azad olunandan sonra deyirlər ki, məni siyasi baxışlarıma görə azad ediblər. Araşdırmaq lazımdır ki, onların əmrində nə yazılıb. İkinci bir tərəfdən, Azərbaycanda bir qrup adamlar var ki, müxalifətçidir – cəbhəçidir, müsavatçıdır deyə toxunulmaz adam olublar. Bunları nə işdən çıxarmaq olmaz, nə də məsuliyyətə cəlb etmək olmaz. Deyən kimi deyirlər siyasi baxışa görədir. Axı belə də olmaz. Əksəriyyəti qaydalar pozurlar. Yeni Azərbaycan Partiyasının üzvləri də var ki, onlara cəza da verilir, töhmət də. Onlar niyə danışmırlar. Bu fikirlər artıq köhnəlib, onların dediklərinə də heç kim inanmır. Bu cür siyasiləşdirmənin heç bir əhəmiyyəti yoxdur».

Hazırda Bakıda olan Təzəxan Mirələmli isə Cəlilabada ancaq vəkil tutandan sonra gedəcəyini bildirdi. Onun sözlərinə görə, əgər işdən çıxarılması haqqında əmrin surətini verəcəklərsə, 3 gün ərzində məhkəməyə müraciət edəcək. Verməyəcəklərsə, işdən çıxarılmasını yenə şifahi deyəcəklərsə, əmrin surətininin ona verilməsi üçün məhkəməyə müraciət edəcək.

Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında polis tərəfindən döyülüb. Bir müddət müalicə alıb. Bu müddətdə onun oğlu məktəb yoldaşını bıçaqladığına görə həbs olunub.
XS
SM
MD
LG