Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:08

Neft Akademiyasına basqınla bağlı 8 nəfər saxlanıb?


Anım mərasimi, 1 may 2009
Anım mərasimi, 1 may 2009
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov «Mediaforum» saytına Neft Akademiyasına silahlı basqınla bağlı həbs olunan 8 nəfərlə görüşdüyünü bildirib. Sayt Elçin Behbudova istinadən yazır ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aprelin 30-da Neft Akademiyasında baş vermiş hadisəylə bağlı saxlanan Nadir Əliyev, Ariz Qabulov, Mədəd Kazımov və Cavidan Əmirovla, o cümlədən daha dörd nəfərlə görüşüb, onların saxlanma şəraitiylə, saxlananlara hər hansı işgəncə olub-olmamasıyla maraqlanıb. Elçin Behbudov digər dörd nəfərin adını açıqlamayıb və bunu istintaq sirriylə izah edib.

Respublika Prokurorluğu və DİN-in yaydığı sonuncu məlumatda isə hadisəylə bağlı yalnız iki nəfərin Nadir Əliyev və Cavidan Əmirovun həbs olunması bildirilib.

Respublika Prokurorluğunun mətbuat xidmətindən isə 8 nəfərin həbsiylə bağlı xəbəri nə təsdiq, nə də təkzib etdilər. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuatda yayılan bu məlumatlara heç bir aydınlıq gətirmək istəmədi və dedi ki, istintaq bu sualları cavablandıracaq açıqlama yayacaq. Amma zəruri bildiyi vaxtda.

Nadir Əliyev Neft Akademiyasındakı hadisəni törətməkdə günahlandırılan Fərda Qədirovla əlbir olmaqda suçlandırılır. İstintaq onun qohumu Cavidan Əmirovun evindən isə silah tapıldığını açıqlayıb. Ariz Qabulov Fərda Qədirovun Bakıda kirayə etdiyi mənzilin sahibidir. Onun işlətdiyi telefon nömrəsi isə Mədəd Kazımovun adınadır. Sonuncunun yaxınları Mədəd Kazımovun həbs olunduğunu deyir, Respublika Prokurorluğu isə bunu təsdiqləmir.

Rəsmi məlumata görə, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının tədris korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov qarşısına çıxan hər kəsə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb, daha sonra özünə qəsd edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG