Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:36

Metyu Brayza: «Dediyim hər sözün arxasındayam»


Metyu Brayza
Metyu Brayza
Praqada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Minsk Qrupu irəliləyiş, ölkə nümayəndələri isə geriləmə haqda danışırdılar. Danışıqların nəticəsinə fərqli baxış bir qədər sonra kəskin ittihamlarla əvəzləndi. Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk Qrupunu və xüsusilə də amerikalı həmsədr Metyu Brayzanı kəskin ittiham etmişdi. Metyu Brayza «Azadlıq» radiosuna müsahibəsində məsələlərə aydınlıq gətirir:

«Novruz Məmmədov orda olmayıb»

- Novruz Məmmədov deyib ki, Praqada heç bir irəliləyiş əldə edilməyib. O, Minsk Qrupunun fəaliyyətini tənqid edib. Şəxsən sizi tənqid edib və deyib ki, həmsədrlər Ermənistanın mövqeyini müdafiə edirlər. Bunlar ciddi ittihamlardı. Bu barədə nə deyə bilərsiz?

- Mən vasitəçiyəm, mən xallar qazanmağa çalışmıram. İstənilən halda, mənim özümün hadisələri qiymətləndirmə haqqım var. Mən danışıqlarda iştirak etmişəm, mən ordaydım. Mənim çox hörmət etdiyim, rəğbət bəslədiyim, gözəl dövlət qulluqçusu olan Novruz Məmmədov danışıqlarda iştirak etməmişdi. Orada iki prezident arasında təkbətək söhbət olmuşdu. Sonra isə Xarici İşlər nazirləri və Minsk Qrupunun həmsədrləri söhbətə qatıldılar. Və biz həmsədrlər çox canlı danışıqlar raundunu stimullaşdıra bildik. Mən orda idim və həmkarlarım Bernar və Yuri ilə birgə prosesi idarə edirdik. Cənab Məmmədov isə otaqda yox idi. Mən bilmirəm o məlumatı hardan alır, amma mən bilirəm məlumatı haradan alıram. Bu, mənim öz gözlərim və qulaqlarımdır. Mənim qiymətləndirməm dürüstdür. Bu, mənim rəhbərliyə, dövlət katibinə də çatdırdığım qiymətləndirmədir. Bu, ümumi qiymətdir və Yuri Nikolayeviç (Merzlyakov) və Bernar İvanoviç (Fasye) də onu bölüşürlər. Bu da ondan ibarətdir ki, iki tərəf nəzərəçarpan irəliləyiş əldə ediblər. Amma bizim istədiyimiz qədər uzağa getməyiblər. Mən anlayıram ki, Novruz (Məmmədov) bizim daha irəli getmədiyimizdən məyus ola bilərdi. Mən də bundan məyusam. Amma vasitəçi olaraq bizim bu və ya digər tərəfi müdafiə etdiyimizi demək sadəcə gülməlidir. Biz hər hansı tərəfi tutsaq vasitəçi ola bilmərik. Əgər o otaqda olsaydı, görərdi ki, erməni tərəfi irəli addım atmağa təşviq etmək üçün necə fəallıq göstəririk. Əlbəttə ki, biz Azərbaycan tərəfi də təşviq edirik.

«Dini münaqişəyə calayanlar təhlükəli oyun oynayır»

- Novruz Məmmədov vasitəçilərin xristian təəssübkeşliyi nümayiş etdirməsi ilə bağlı fikirlər irəli sürüb.

- Cənab Məmmədov danışıqlarda iştirak etməyib və öz qulağı ilə eşidib gözü ilə gördüyünü qiymətləndirmək imkanı yoxdur. Odur ki, o, həmsədrlərin hərəkətlərinin nə qədər doğru olduğu barədə fikir yürüdə bilməz. O cümlədən, bizim hər iki tərəfin güzəştlərə getməsi üçün nə qədər səy göstərməyimizi də qiymətləndirə bilməz. O, müzakirənin nəticəsi ilə bağlı mühakimə yürüdə bilməz, çünki özü orda olmayıb. Dinin bizim vasitəçiliyimizdə hansısa rol oynadığını demək heç nəyə yaramır. Çünki bu, belə deyil. Mən hətta səfir Merzlyakov və səfir Fasyenin dindar olub-olmadıqlarını bilmirəm. Mənim həyat yoldaşım müsəlmandır. Mən bilirəm ki, Ermənistanda adamlar bəzən danışır ki, bu, məni azərbaycanlılara tərəfkeş edir. Mən də katolikəm. Dinin bizim vasitəçi səylərimizlə heç bir bağlılığı yoxdur. Və sözün düzü, dini Qarabağ münaqişəsinə calamaq istəyənlər çox təhlükəli oyun oynayırlar. Mən inanmıram ki, əziz cənab Məmmədov bunu bilərəkdən edir. Məncə, ola bilsin, onun sözləri yanlış anlaşılıb, ya da o özü bu sözlərini geri götürməyə üstünlük verərdi. Çünki bu, heç faydalı deyil.

Süni problemlər

- Novruz Məmmədov iddia edir ki, həmsədrlər prezident Əliyev danışıqlar yerini tərk edəndən sonra qalıb Sarkisyanla əlavə məsləhətləşmələr aparıblar...

- Yenə də o bunu hardan bilir, o orda yox idi, o getmişdi axı. Mən görüş başa çatandan dərhal sonra sizə müsahibə verirdim, heç kimlə məsləhətləşmirdim. Əlbəttə ki, belə şey olmayıb. Bu deyilənlər, tərəflərə sülhə nail olmaqda yardımçı olan vasitəçilərin onsuz da çətin olan işinə artırılan daha bir süni problemlərdir. İstənilən bu kimi danışıqlarda tərəflərdən biri danışıqlar yerinə birinci gəlir və birinci gedir. Bu dəfə birinci gəlib birinci getmək Azərbaycanın növbəsi idi. Məhz elə bu baş verdi. Əliyev birinci gəldi, birinci də getdi. Ondan bir neçə dəqiqə sonra prezident Sarkisyan səfirin iqamətgahını tərk etdi. Orada cəmi bir maşının hərəkət etməsi mümkündür. Mən də ehtiram əlaməti olaraq prezident Əliyev, Xarici İşlər naziri Məmmədyarovu maşına qədər yola saldım, sonra mən görüş otağına gəldim və prezident Sarkisyan, nazir Nalbandyanı və nümayəndə heyətinin qalan üzvlərini maşınlarına qədər yola saldım və onlar dərhal getdilər.

MÜSAHİBƏNİN DAVAMINI BURADA OXU
XS
SM
MD
LG