Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:19

«Bu, artıq məscidəfobiyanın açıq təzahürüdür»


«İlahiyyat» məscidi
«İlahiyyat» məscidi
Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin tələbə şəhərciyindəki «İlahiyyat» məscidi bağlanır. Bu barədə məscidin imamına mayın 19-da xəbərdarlıq edilib. «Azadlıq» radiosuna müsahibəsində məscidin imamı İbrahim Mustafaoğlu məlumatı təsdiqləyib. Dediyinə görə, ona belə bir xəbərdarlıq ötən gün Bakı Şəhər Baş Polis İdarəsində edilib. Ona deyilib ki, sənədlərində bəzi çatışmazlıqlar olduğuna görə, mayın 22-si cümə namazından sonra məscidin fəaliyyəti dayandırılsın:

«Ayın 19-da məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar. Mənə məscidin sənədlərinin yetərsiz olduğu və qanunsuz tikildiyini bildirdilər və məscidin buna görə bağlanmalı olduğunu bildirdilər. Buna görə, mayın 22-də məscidi gəlib bağlamalıdırlar».

Nə Bakı Şəhər Baş Polis İdarəsindən, nə də Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı. Hər iki qurumdan bildirdilər ki, onlar belə bir məlumatdan xəbərsizdirlər.

İbrahim Mustafaoğlu isə deyir ki, ona məscidlə bağlı şikayətin Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tərəfindən edildiyi bildirilib.

Amma bu deyilənlərə Bakı Dövlət Universitetinin rəhbərliyindən hər hansı məlumat almaq mümkün olmadı.

Sənəd çatışmazlığı ilə bağlı məsələyə gəlincə isə, İbrahim Mustafaoğlu bunu təsdiqləyir. Deyir məscidin qeydiyyat sənədləri doğurdan da yoxdur. Amma məscidin qeydiyyat məsələsini onlara aidiyyatı olmayan məsələ sayır. Onun sözlərinə görə, məscid Türkiyənin Diyanət Vəqfi tərəfindən tikilib və azərbaycanlı dindarlara hədiyyə edilib. Məscidin təməli 1993-cü ildə qoyulub və 1996-cı ildə dindarların istifadəsinə verilib. Məscidi Türkiyədən olan din xadimləri idarə edir.

Məscidin bağlanması xəbəri hər gün ora ibadətə gələnlərin narahatlığına səbəb olub. Bizimlə söhbət edən dindarlar məscidin bağlanması barədə xəbərdarlığı təsadüfü saymırlar. Onlar hesab edirlər ki, Bakıda iki məscidin bağlanması, daha iki məscidin də sökülməsi rəsmilərin hansısa narahatlığı ilə bağlıdır. Dindarlar güman edirlər ki, hakimiyyətdə kimlərsə adamların bir yerə toplanmasından narahatdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə «Azadlıq» radiosuna deyiblər ki, məscidin sənədlərində problemlər var və onlar bununla bağlı məscidə müraciət ediblər. Komitənin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva deyir ki, məscidin qanunsuz fəaliyyət göstərməsi və ya bağlanması barədə şikayətin onlara hər hansı aidiyyatı yoxdur:

«Əgər şikayət varsa, onun bizə aidiyyatı yoxdur. Məscidin bağlanması söhbəti gündəmdə deyil və bağlanmasıyla bağlı da heç bir göstəriş verilməyib. Sadəcə, tövsiyə olunub ki, sənədləri qaydasına salınsın».

Amma məscidin imamı İbrahim Mustafaoğlu yenə də tərəddüd edir, deyir ki, hər an hər şey ola bilər:

«Belə bir məlumat açıqlanıb, amma hər an hər şey ola bilər».

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu:

«Hesab edirəm ki, bu, artıq məscidəfobiyanın açıq təzahürüdür. Nə olub ki, illərdir fəaliyyət göstərən məscidin birdən-birə qanunsuz fəaliyyət göstərdiyi üzə çıxıb. Məscidlərlə belə davranmaq milli-mənəvi dəyərləri tapdaq altına atmaqdır».

Dini Komitədən aldığımız məlumata görə, hazırda Azərbaycanda 1750 məcid var ki, onların 500-dən bir az çoxu rəsmi qeydiyyatdan keçib. Qalan məscidlərin sənədlərində bəzi problemlərin olduğu bildirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva deyir ki, onlar zaman-zaman həmin məscidlərə sənədlərini qaydaya salmaqla bağlı müraciətlər edirlər.
XS
SM
MD
LG