Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:38

«Qazaxıstanda seçkini MTN saxtalaşdırır»


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev haqda qalmaqallı kitab yazıblar – kitabın müəllifi prezidentin keçmiş kürəkəni Rahat Əliyevdir.

Kitab bu ayın əvvəli qərbi Avropada rus və alman dillərində çapdan çıxıb və adı “”Xaç qayınatası”dır. Kitabda Nazarbayevin qurduğu hakimiyyət haqda detallı məlumat verir.

Məsələn Əliyev iddia edir ki, Qazaxıstanda seçkiləri belə saxtalaşdırırlar:

"Nazarbayevin yaxın qohumu olan Kayrata məxsus "Dauir" nəşriyyatında Mərkəzi Seçki Komissiyasının sifarişi və maliyyəsi ilə səsvermə bülletenlərinin iki tirajı çap edir.Birinci tiraj səsvermə məntəqələrinə göndərilir və iki dəfə "qutuya atılır". Yəni əvvəlcə seçicilər öz seçimlərini edib bülletenləri seçki qutusuna atırlar, ordan isə həmin bülletenlər zibil yeşiklərinə aparılıb atılır.

Bülletenlərin üzərində bir dənə də olsun ştamp və ya nömrə tapmaq mümkün deyil. Ona görə də onların nə qədər çap edildiyini müəyyən eləməyə ancaq britaniyalı detektiv Şerlok Holmsun gücü çata bilər. Heç bir müşahidəçi bunu bilə bilməz.

Bizim öz iradəmizi ifadə etdiyimiz bülletenlər Nazarbayevi və onun əlaltısı olan MSK-nı maraqlandırmır. Çünki artıq ikinci tirajdan olan və əvvəlcədən doldurulan "lazımi" bülletenlər Milli Təhlükəsizlik Nazirliyi və Prezidentin Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında seçki komissiyalarına göndərilib".

Bundan başqa kitabda iddia edilir ki, Nazarbayev hakimiyyəti 1990-cı illərdə rejimə tabe olmayan kriminal qruplaşma liderlərini qətlə yetirməklə məşğul olub, daha sonra isə siyasi opponentlər hədəfə alınmağa başlanıb.

Qazaxıstanın Baş Prokurorluğu isə kitabla bağlı təhqiqata başlayıb.

Almatı prokurorunun müavini Baqban Taimbetov deyib ki, təhqiqata “xüsusi texniki vasitələrə nəzarət edən şəxsin öz səlahiyyətlərindən sui-istifadə edərək məxfi məlumatların, telefon danışıqlarının, elektron məktubların məzmununu qanunsuz olaraq açıqlaması” maddəsi üzrə başlayıblar.

Prokurorluq həmçinin qeyri-dövlət qəzetlərinə xəbərdarlıq edib ki, “Xaç qayınatası” kitabından heç bir sitat verməsinlər, yoxsa cinayət məsuliyyətinə cəlb ediləcəklər. “Vzqlyad” və “Respublika” adlı müstəqil qəzetlərin redaktorları prokurorluğa çağrılıblar və onlara rəsmi xəbərdarlıq edilib.

Rahat Əıiyevin "Xaç qayınatası" kitabı



Vaxtilə Qazaxıstanın təhlükəsizlik orqanlarına rəhbərlik etmiş Rahat Əliyev sonralar ölkənin Avstriya səfiri olarkən “vurulub”. Ona qarşı Qazaxıstanda cinayət işi qaldırlıb, arvadı ondan boşanıb. Əliyevi adam oğurluğu, vətənə xəyanət və başqa ağır cinayətlərdə təqsirli bilib qiyabi olaraq 40 il cəza kəsiblər. 2007-ci ildən Əliyev Avstriyada mühacir həyatı yaşayır. Bəziləri onun Nazarbayevin yerinə göz dikməsinə görə vurulduğunu iddia edir.

Bu arada Əliyevin özü bildirib ki, hakimiyyət qadağalara əl atmaqla faktiki onun kitabı üçün “gözəl reklam kampaniyası aparır”.

Kitab müəllifi düşünür ki, qadağa əmrini verən elə “kitabın əsas qəhrəmanı olan Nazarbayevin özüdür”.

Qazaxıstandan olan tanınmış hüquqşünas Uteqen İxsanov Azadlıq Radiosunun qazax xidmətinə deyib ki, prokurorluğun qadağası ziddiyyətlidir. Onun fikrincə, ilk növbədə redaktorlara qadağa ilə bağlı rəsmi sənəd verilməli idi. Bu qadağa ilə razılaşmayanlar bundan sonra hüquqi yolla öz mövqelərini müdafiə edə bilərdilər.

Hüquqşünasın sözlərinə görə, dövlət sirri haqda qanun mücərrəddir və prokurorluq belə məlumatların siyahısını açıqlamalıdır. “Əks halda qanun o qədər mücərrəddir ki, məsələn, prezidentin maaşı haqda danışmaq olmaz, qoşunların sayını açıqlamaq olmaz, hətta birinci ledi – Sara Alpısovna asqırsa, bu haqda da yazmaq olmaz”.

Kitab isə məhz bu cür yozula bilən məlumatlarla doludur. Kitabda Nazarbayevin aylıq maaşı, səhhəti barədə məlumatlar, əxlaqı haqda fikirlər yer alıb. Bundan başqa hərbi qüvvələrin sayı açıqlanır, Qazaxıstan kəşfiyyatının Avropadakı bir sıra rezidentlərinin siyahısı verilir. Onların diplomatik ranqları və hərbi rütbələri açıqlanır.

Hüquqşünas hesab edir ki, prokurorluq bütün kitabın yox, məhz hansı səhifələrin və bölümlərin çap edilə bilməməsi haqda fikir bildirməli idi.

XS
SM
MD
LG