Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

«Light» siqaretlərin xeyri yoxmuş


«Light» və ya «mild» qeydləri olan siqaretlərdəki qatran və nikotinin səviyyəsi elə başqa siqaretlərdəki qədərdir
«Light» və ya «mild» qeydləri olan siqaretlərdəki qatran və nikotinin səviyyəsi elə başqa siqaretlərdəki qədərdir
«Light» sözü Amerikada siqaret qutularının üstündən götürülməlidir.

ABŞ-ın Apelyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin bu barədə qərarını qüvvədə saxlayıb. Qərara əsasən, istehsalçılar bəzi siqaretlərin üstünə «light» («yüngül») sözü yazmaqla guya onların sağlamlığa daha az zərər vurduğunu bildirirlər, əslində isə bu, ictimaiyyəti aldatmaqdır.

Məhkəmə hesab edir ki, bu yolla onilliklər boyu siqaretçəkənlərə yalan söylənib və

«light» siqaretlərin o birilərindən heç bir fərqi yoxdur.

Amerikanın siqaret istehsalçıları, o cümlədən «Philip Morris USA» isə bu cür yanaşma ilə razı deyil. Şirkət bildirir ki, «light» sözünün qadağan edilməsi onlara yüz milyonlarla dollara başa gələcək.

Bir müddət qabaq Yeni Zelandiyanın Kommersiya Komissiyası da siqaret istehsalçılarını «light» sözündən imtina etməyə çağırmışdı.

İnsanlar «light» siqaretləri fərqli çəkirlər. Məsələn, onlar belə siqaretlərin tüstüsünü ciyərlərinə daha dərindən nəfəs alaraq çəkirlər, tüstünü ciyərlərində daha çox saxlayırlar və

«light» siqaretləri daha çox çəkirlər.

Yeni Zelandiya alimləri bir müddət qabaq 3 minə yaxın siqaretçəkən arasında sorğu keçiriblər. Məlum olub ki, respondentlərin 36 faizi «light» və ya «mild» qeydləri olan «yüngül» siqaretlər çəkirlər. Belələrindən «yüngül» siqaretlərə niyə üstünlük verdikləri xəbər alınıb. Onların 23 faizi deyib ki, səhhətlərində problem var, ona görə də «tünd» siqaret çəkmək istəmirlər. 5 faiz isə düşünür ki, «yüngül» siqaretləri tərgitmək daha asandır.

Halbuki tədqiqatlar «light» siqaretlərə heç cür «bəraət qazandırmır».

Bu yaxınlarda Yeni Zelandiyada aparılmış tədqiqatın nəticələrinə görə, «light» və ya «mild» qeydləri olan siqaretlərdəki qatran və nikotinin səviyyəsi elə başqa siqaretlərdəki qədərdir. Bu azmış kimi, üstəlik onlar yananda adi siqaretlərdən daha çox karbon-monoksid buraxırlar.

ABŞ-ın Milli Xərçəng İnstitutu da bildirir ki, «light» siqaretlərin sağlamlığa heç bir xeyri yoxdur və belə insanların da adi siqaretçəkənlər kimi,

xərçəngə tutulması riski böyükdür.

Üstəlik İnstitut hesab edir ki, «light» siqaretlər insanların siqareti tərgitməsi üçün aparılan kampaniyalara ziyan vurur, bəzi insanlar tam tərgitməyə alternativ kimi, «light» siqaretə keçirlər. Tədqiqatlar göstərir ki, «light» siqareti tərgitməyin asan olması haqda təsəvvürlər yanlışdır.

Xərçəng İnstitutu bildirir ki, istehsalçılar «light» siqaretlərin filtrindən çıxan tüstüdə daha az qatran və nikotin olduğunu insanlar üzərində sınaqdan keçirməyiblər, bu, «siqaretçəkən» maşınların göstərdiyi nəticədir.

«Light» siqaretlərin filtrlərində xırda deşiklər olur. Bu deşiklər tüstünün hava ilə qarışmasına imkan yaradır. Siqaret istehsalçıları bununla da «siqaretçəkən» maşınlarda daha az qatran və nikotin aşkar etdiklərini deyirlər. Amma bir çox siqaretçəkənlərin filtrdəki belə deşiklər haqda məlumatı yoxdur.

Məsələ burasındadır ki, maşın «siqaret çəkəndə» filtrin üstü açıq qalır. Həmin deşiklər siqaretçəkənin dodaqlarıyla və ya barmağıyla filtri tutduğu yerdən cəmi bir neçə millimetr aralıdır. Bu səbəbdən bir çox insan siqaret çəkəndə filtrdəki deşiklərə hava daxil olmur. Bununla da «light» siqaret adi siqaretə çevrilmiş olur» – deyə Milli Xərçəng İnstitutunun izahında bildirilir.
XS
SM
MD
LG