Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:59

«Türkiyənin əsas məsələsi Azərbaycandan daha çox qaz almaqdır»


Dünya Enerji Şurası Türkiyə Milli Komitəsi İdarə Heyətinin üzvü Necdət Pamir «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Baş nazir Ərdoğandan sonra Xarici İşlər naziri Davudoğlu Bakıya gəldi. Bu səfərlərin əsas məqsədi siyasidir yoxsa Türkiyənin qaz tələbi ön plandadır?

- Bunlar hamısı iç-içədir. Söhbət enerjidən gedəndə, burada işin həm iqtisadi, həm də siyasi tərəfi var. ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı həm Məmmədyarov, həm də Davudoğlunun sərt reaksiyaları oldu. Onların hər ikisi Minsk Qrupundakı müzakirələrin illərdən bəri süründürmədə qaldığını dedilər. Buna görə də indi Türkiyə ilə Azərbaycanın bir-birilərinə daha yaxın durmaları lazımdır. Qaz məsələsinə gəlincə, Türkiyənin ən mühüm məsələsi, ehtiyacı olan qədər qaz ala bilməkdir. Burada qiymətdən də mühüm olan məsələ budur. Buna görə də Türkiyə Azərbaycandan 6,6 milyard kubmetrə əlavə olaraq 8 milyard kubmetr qaz almaq istəyir. Ancaq «Şahdəniz»in ikinci fazası fəaliyyətə başlamadan Türkiyəyə bu qədər qazın verilməsi mümkün deyil. «Şahdəniz»in ikinci fazasını inkişaf etdirəcək olanlar isə Azərbaycan və ya Türkiyə deyil - beynəlxalq konsorsiumdur. Konsorsium isə bu məsələni 2016-cı ilə qədər təxirə salıb. Yəni, konsorsium «Şahdəniz» yatağındakı qazın, öncə «Nabucco» layihəsinə getməsini istəyir. Bizim qaz ehtiyacımızın 63%-i Rusiyaya bağlıdır. Bu isə çox risklidir. İndiyə qədər Türkiyə ilə Azərbaycanın qaz məsələsində razılığa gələ bilməməsini mən Türkiyənin daha çox qaz alma istəyinə bağlayıram. Burada da investor şirkətlər daha güclü durumdadır. Onların siyasəti Türkiyənin Azərbaycandan daha az qalması istiqamətindədir. Ancaq onlar məsələyə birbaşa qarışmayaraq Türkiyə ilə Azərbaycanı qarşı-qarşıya gətirirlər. Bundan başqa, Türkiyə-Ermənistan sərhəddinin açılacağı ilə bağlı söz-söhbətlər Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaradıb. Bunu mütləq aradan qaldırmaq gərəkdir.

- Siz dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda qazın qiymətinin artırılması cəhdlərini tənqid etmişdiniz.

- Dünyada neftin qiyməti aşağı düşəndə, qazın da qiyməti düşməlidir - bunun konkret formulu da vardır. Qiymətlər aşağı düşəndə, anlaşma imkanı daha çox olur. Mən Türkiyəni tənqid edirəm. Azərbaycanla Türkiyə enerji mübarizəsini son zamanlara qədər bərabər yürüdüb. Bu qədər mübarizədən sonra yenidən qaz məsələsində Rusiya ilə tərəfdaşlıq bizə yaramaz. Qazın qiyməti ilə yaradılan formulda çox şey aydındır. Türkiyə ilə Azərbaycan arasındakı qaz müqaviləsinə üst limit qoyularaq qiymət 120 dollar müəyyənləşdirilib. Rusiya təbii qazını 300 dollara alarkən Azərbaycan qazına 120 dollar ödəməyimiz haqlı deyildir. Mən Azərbaycanın mövqeyinə diqqətlə yanaşıram. Bütün hallarda problem beynəlxalq sazişlərə uyğun şəkildə çözülməlidir. Türkiyə ilə Azərbaycanın qazın qiyməti məsələsində razılığa gələ biləcəklərini düşünürəm. Ancaq burada önəmli məsələ Türkiyənin Azərbaycandan almaq istədiyi qazın miqdarıdır.

Şərhinizi yazın.
XS
SM
MD
LG