Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:30

İllərdir ucaldılmasını gözləyən heykəl


«Nə Xalq Cəbhəsi hakimiyyəti dövründə, nə də sonra heykəlin qoyulması haqqında sifariş olmadı...»
«Nə Xalq Cəbhəsi hakimiyyəti dövründə, nə də sonra heykəlin qoyulması haqqında sifariş olmadı...»
«Romantik, dinamik dövlət xadimi, əlində sənədlər var, bu onun planlarını əks etdirir...» Xalq rəssamı Ömər Eldarov Məhəmməd Əmin Rəsulzadənin neçə il bundan əvvəl hazırladığı və hələ də emalatxanasında qalan heykəlinin modeli haqqında danışır.

(mətn videonun altında davam edir)
Rəsulzadənin heykəli
Gözlə
Embed

No media source currently available

0:00 0:02:03 0:00



«HARDASA BİR MİLYON DOLLARA YAXIN VƏSAİT LAZIMDIR»

«Mən bu modeli 90-cı illərdə hazırlamışam. Qalıb emalatxanada. Bu keçid modelidir. 9-8 metrlik heykəl planlaşdırırdıq. Heykəlin qoyulması üçün qərar olmalıdır, gərək bu hökumətdən olsun. Nə Xalq Cəbhəsi hakimiyyəti dövründə, nə də sonra heykəlin qoyulması haqqında sifariş olmadı...»

Ömər Eldarov deyir ki, müəllif kimi bu işinin də hazır olmasını arzulayır, ancaq illər keçdikcə heykəl üçün tələb olunan vəsaitin miqdarı artır:

«İndi hardasa bir milyon dollara yaxın vəsait lazımdır. Mənim də 82 yaşım var. Bu yaxınlarda sifariş olsaydı, 2-3 ilə hazırlamaq olar».

«RƏSULZADƏNİN HEYKƏLİ ONU SEVƏNLƏRİN QƏLBİNDƏDİR»

Bu heykəlin vaxtilə Kukla Teatrı ilə üzbəüz ərazidə yerləşən parkda qoyulması planlaşdırılırdı. Parka vaxtilə «Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulacaq» yazılmış daş lövhə də qoyulmuşdu. Bir-iki il əvvəl həmin park təmir olundu və o daş lövhə də yoxa çıxdı. Bu parkda söhbət etdiyim adamlar deyirlər ki, onlar da belə bir lövhənin olduğunu xatırlayırlar:

«Rəsulzadənin heykəli onu sevənlərin qəlbindədir. Heykəl qoymurlarsa, bu təəssüfləndiricidir;

Azərbaycanda quruculuq işləri gedir, mənə elə gəlir ki, Rəsulzadəyə heykəl qoyulacaq;

Bir-iki il əvvəl park təmir olundu və daş lövhə də yoxa çıxdı
Rəsulzadənin Azərbaycan üçün etdiklərini önə çəkmək lazımdır, heykəli də qoyulmalıdır;

Heykəl o zaman qoyulur ki, həmin adamın istəkləri həyata keçir. Bu gün Rəsulzadənin arzuladığı Azərbaycan real deyil. Azərbaycan müstəqil, demokratik olandan sonra ona heykəl də qoyulacaq».

Demokratik Cümhuriyyət dövrünün araşdırıcılarından, professor Cəmil Həsənli deyir ki, Rəsulzadənin heykəlinin qoyulması üçün Ömər Eldarova Xalq Cəbhəsi dövründə sifariş verilmişdi, müəyyən məbləğ də ayrılmışdı. Ancaq sonradan bu iş dayandı:

«Bildiyim qədər Ömər Eldarov Rəsulzadənin siyasi portreti, milli taledəki rolu, düşüncələrini əks etdirən gözəl bir əsər yaratmışdı. Rəsulzadəyə heykəl qoyulmasının vaxtı çoxdan çatıb. Hökumət istəsə, bu heykəli qoyar. Hər halda Bakıda tikilən orta səviyyəli bir binanın tikintisindən çox pul tələb etmir. Rəsulzadə ölkənin tarixində müstəsna rolu olan şəxsdir. Hakimiyyətin ona qarşı olan siyasi qısqanclığı bir kənara qoymalıdır».

Bakıda 2007-ci ildə bir Cümhuriyyət abidəsi ucaldılıb, üzərinə ərəb və latın hərfləri ilə 28 may 1918-ci ildə Tiflisdə qəbul edilmiş «Müstəqillik Bəyannaməsi» həkk olunub.

Siz necə fikirləşirsiniz, iyirmi ilə yaxındır emalatxanada qalan Rəsulzadənin heykəli nə vaxtsa ucaldılacaqmı?
XS
SM
MD
LG