Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:05

«Yalnız iqtisadi böhran münaqişənin həllini sürətləndirə bilər»


Keçmiş dövlət müşaviri Vəfa Quluzadə
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə
Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 29-u rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdiriblər. Bu, həmsədrlərin, Praqa görüşündən sonra regiona ilk səfəridir. Praqa görüşündən sonra Azərbaycan rəsmiləri bəyan etmişdilər ki, Ermənistanın mövqeyində sərtləşmə müşahidə edilir. Hətta Ermənistanın «paket həll» planına qayıtmaq istədiyi ilə də bağlı fikirlər səslənirdi.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə Ermənistan prezidenti Serj Sarkisyandan yerli mətbuata gileylənərək, «biz onunla zərrə qədər də irəliləməmişik» deyirdi. İndi artıq Azərbaycanda bəzi təhlilçilər prezidentlərin Sankt-Peterburqda gözlənilən görüşünün baş tutacağına da şübhə ilə yanaşırlar.

«ERMƏNİSTANIN MÖVQEYİNİN SƏRTLƏŞMƏSİ BU ÖLKƏYƏ TƏZYİQLƏRLƏ BAĞLIDIR»

«Zerkalo» qəzetinin şərhçisi Ceyran Bayramova Ermənistanın mövqeyinin sərtləşməsini bu ölkəyə təzyiqlərlə izah edir. O düşünür ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırıb. Ermənistan da mövqeyini sərtləşdirməklə bu səyləri heçə endirir. Üstəlik, onun fikrincə, Rusiya da Ermənistanın bu pozucu siyasətini himayə etməkdədir.

C.Bayramova Azərbaycandan fərqli olaraq Ermənistanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmamasını da təsadüf saymır:

- Bu yaxınlarda Ermənistan Rusiyadan 500 milyon dollar maddi yardım aldı. Bu, o deməkdir ki, onlar Rusiyaya arxayındırlar.

«AZƏRBAYCAN HÖKUMƏTİNİN NƏ İSTƏDİYİ TAM ANLAŞILMIR»

Konfliktoloq Arif Yunus isə düşünür ki, Ermənistan öz mövqeyində ardıcıldır. Onlar Qarabağın statusu həll edilməyənə və Laçın rayonunu hüquqi baxımdan öz əllərinə keçirməyənə qədər ətraf rayonları işğaldan azad etmək niyyətində deyillər. Əksinə, onun fikrincə, Azərbaycan hökumətinin nə istədiyi tam anlaşılmır.

Arif Yunus deyir ki, Azərbaycan hakimiyyətinin bir tərəfdən ərazi bütövlüyündən danışıb, başqa tərəfdən Laçına dəhliz statusu verilməsinə yumşaq yanaşması başa düşülən deyil:

- Gah deyirlər referendum olacaq, gah da deyirlər ki, referendum lazım deyil. Gah xalq diplomatiyasından danışırlar, gah da buna qarşı çıxırlar.

A.Yunus düşünür ki, Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı doktrinası yoxdur. Hər şey prezidentin ixtiyarına verilib, heç bir vəhclə də ictimai müzakirələrə imkan verilmir.

«YALNIZ İQTİSADİ BÖHRAN MÜNAQİŞƏNİN HƏLLİNİ SÜRƏTLƏNDİRƏ BİLƏR»

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə düşünür ki, yalnız iqtisadi böhran Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. O da deyir ki, Rusiya güclü olduğu təqdirdə bu münaqişənin həllinə imkan verməyəcək.

V.Quluzadə deyir ki, Rusiyanın vasitəçiliyinin mahiyyətində təşəbbüsü əldən verməmək durur. Ancaq o, Azərbaycan hakimiyyətinin mövqeyinin aydın olmaması ilə bağlı deyilənlərlə razı deyil:

- Azərbaycan mövqeyini dəyişməyib. Azərbaycan təcavüzə məruz qalıb. Bunun acı nəticələri olacaq. Bu acı nəticələrdən biri də Laçının yola çevrilməsidir.

Həmsədrlər Bakıya Yerevandan gəlib. Onların yenidən Ermənistana qayıdacağı gözlənilir.

Şərhinizi yazın.
XS
SM
MD
LG