Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:01

«Burda soyuqdəymədən söhbət gedə bilməz»


Mayın 26-sı axşam saatlarında Qaraheybət Təlim-Tədris Mərkəzindən onlarla əsgər Mərkəzi Klinik Xəstəxanaya və hərbi hospitallara aparılıb
Mayın 26-sı axşam saatlarında Qaraheybət Təlim-Tədris Mərkəzindən onlarla əsgər Mərkəzi Klinik Xəstəxanaya və hərbi hospitallara aparılıb
Müdafiə Nazirliyi mayın 26-da Qaraheybət Təlim-Tədris Mərkəzində hərbçilərin xəstəxanaya düşmə səbəbinin heç də zəhərlənmə olmadığını açıqlayıb. Nazirlik bildirir ki, altı hərbçidən götürülən analiz nəticəsində məlum olub ki, onlara soyuq dəyib. Özlərini pis hiss etməsinə mədə-bağırsaq sisteminin soyuqlaması səbəb olub.

MÜDAFİƏ NAZİRLİYİ: «ƏSGƏRLƏR SOYUQLAYIB»

Mayın 26-sı axşam saatlarında Qaraheybət Təlim-Tədris Mərkəzindən onlarla əsgər Mərkəzi Klinik Xəstəxanaya və hərbi hospitallara aparılıb. Həmin axşam hərbçilərin daşınmasına kömək edən şəxslər əsgərlərin axşam yeməyində balıqdan zəhərləndiyini bildirirdilər:

- Əsgərlər balıq qaytarırdılar. Təcili yardımın həkimi dedi ki, əgər axşam saat 9-də yemək yeyiblərsə, onda deməli, zəhərlənmə axşama kimi davam edə bilər.

- Hadisə olanda getdik hərbi hissəyə. İçəri keçdik ki, əsgərlər yerə yıxılıb, çoxuydular. İki maşın dal-qabaq getdik. Dörd nəfəri gətirdik xəstəxanaya. Qayıtdıq yenə gətirdik dördünü.

Şəxsi maşınıyla köməyə gedən şahidlərin sözlərinə görə, hərbi formada olan bir zabit qəsəbənin girişində dayanan taksi sürücülərini köməyə çağırıb ki, əsgərlərə yardım etmək lazımdır.

ƏSGƏR: «TƏCİLİ YARDIM ZƏHƏRLƏNƏN HƏRBÇİLƏRİ DAŞIMAĞA ÇATDIRMIR»

Elə biz də hadisə yerinə gedəndə mərkəzdə çaxnaşma gördük. Qapılar taybatay açılmışdı. Postda olan əsgərlər içəri piyada və maşınla girən mülki şəxslərə heç bir maneə yaratmırdı. Əksinə, köməyə gələnləri tələsdirirdilər ki, təcili yardım zəhərlənən hərbçiləri daşımağa çatdırmır. Onların nədən zəhərləndiyini soruşanda isə, əsgərlər bizə «axşam yeməyində balıq yemişik» cavabını verdilər.

Səhərisi gün jurnalistlərə açıqlama verən Mərkəzi Klinik Xəstəxananın 7-ci korpusunun qəbul şöbəsinin müdiri Mahir Rəhimov da «Azadlıq» radiosuna 11 əsgərin zəhərlənmə diaqnozuyla gətirildiyini söyləyib. Həkim deyib ki, əsgərlərin mədə-bağırsaqları yuyulub. O, bu cür zəhərlənmələrin köhnə yeməklərdən olduğunu da əməkdaşımıza söyləyib.

HƏKİM: «BİRDƏN-BİRƏ ON BEŞ ADAMIN SOYUQLADIĞINI MÜŞAHİDƏ ETMƏMİŞİK»

Zəhərlənən adamda hansı əlamətlər müşahidə olunur?

Klinik Xəstəxananın toksikologiya mərkəzinin müdiri Azər Maqsudov:

- Ürəkbulanma, qusma, başağrısı, mədə nahiyəsində ağrılar, hərarətin qalxması, ishal. Bunlar bir-birinin ardınca üzə çıxa bilər.
- Bunlar soyuqdəymə əlaməti ola bilərmi?
- Yox, soyuqdəymə olanda əsasən başağrısı olur, bir də hərarətin qalxması.
- On-on beş adamda birdən qusma, ürəkbulanma, mədə nahiyəsində ağrı müşayiət olunsa, buna soyuqdəymə kimi baxmaq olarmı?
- Belə olanda qida zəhərlənməsindən şübhələnirsən. Birdən-birə on beş adamın soyuqladığını müşahidə etməmişik.

ÜZEYİR CƏFƏROV: «HÖKUMƏT ƏSGƏRLƏRİN TALEYİNİ BİR MƏMURA QURBAN VERMƏMƏLİDİR»

Hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin hərbçilərə soyuqdəyməsiylə bağlı açıqlamasını «məsuliyyətsizlik» adlandırır. O deyir ki, hökumət əsgərlərin taleyini bir məmura qurban verməməlidir:

- Bizdə olan məlumata görə, ölkə rəhbərliyi səviyyəsində Müdafiə Nazirliyinin rəhbər şəxslərinə çox ciddi iradlar olub. Onlar da narahat olub bütün resurslardan istifadə edirlər ki, həqiqəti gizlətsinlər. Əslinə qalsa, fövqəladə bir hadisə baş verib və burda soyuqdəymədən söhbət gedə bilməz.

Ü.Cəfərovun fikrincə, Müdafiə Nazirliyinin məsələni soyuqdəymə kimi təqdim etməsi istintaqa təsir etmək məqsədi güdür.

ELDAR SABİROĞLU: «SUAL OLUNUR, NİYƏ BELƏ AJİOTAJ QALXIB?»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə 160-dan çox əsgərin mayın 26-sı gecəsi xəstəxanalara daşınmasını ajiotaj kimi qiymətləndirir:

«5-6 əsgərdə mədənin funksional pozğunluğu aşkar ediləndə bu birisilər də qorxuya düşüb ki, onlarda da ola bilər. Bu səbəbdən də onlar hospitala gətirilib. Amma orda müayinə olunandan sonra əsgərlərdə heç bir xəstəlik aşkar edilməyib deyə geri qaytarılıblar. Sual olunur, niyə belə ajiotaj qalxıb?»

Eldar Sabiroğlu deyir ki, bu sualın cavabı istintaqın nəticəsində məlum olacaq.

Şərhinizi yazın.
XS
SM
MD
LG