Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:41

Əli Kərimli: «Davamlı boykot ola bilməz»


Əli Kərimli
Əli Kərimli
Müxalifət builki bələdiyyə seçkilərində bir yerdə işirakla bağlı prinsipial razılıq əldə edib. AXCP sədri Əli Kərimli «İşdən sonra» proqramına belə deyib. Onun dediyinə görə, məqsəd son illər yaranmış siyasi sükunətə son qoymaq, fəallığı artırmaqdır:

«MƏQSƏDİMİZ QALİB GƏLMƏK DEYİL»

«Biz 2005-ci il parlament seçkiləri istisna olmaqla bütün seçkiləri boykot etmək məcburiyyətində qalmışıq. 2004-cü ildə bələdiyyə seçkilərini, 2008-ci ildə prezident seçkilərini, bu ilin əvvəlindəsə referendumu. Amma artıq cəmiyyətdən etirazlar gəlir ki, bu boykot taktikası sonsuza kimi davam edə bilməz. Çünki bu, ictimaiyyət və siyasi qüvvələr arasında passivlik yaradır».

Ə.Kərimli etiraf edir ki, bələdiyyələrə Azərbaycanda maraq yoxdur:

«Çünki əvvəldən bələdiyyələr şikəst yaradılıb. Bələdiyyələr icra qurumlarının yerli şöbəsi kimi fəaliyyət göstərib».

AXCP sədri onu da etiraf edir ki, son illər partiyalar qərargahsız qalıb, bəzən onlar bölgələrdə fəallarla ya parklarda, ya evlərdə görüşürlər:

«Bu şəraitdə obyektiv seçki kampaniyasından, böyük nəticə əldə etməkdən söhbət gedə bilməz. Sadəcə, məqsəd on minlərin fəallığını artırmaq, zirək vətəndaşları prosesə cəlb etməkdir. Bir də bizim üçün nəticə, qazanılan mandatlar deyil».

YAP DA SEÇKİLƏRƏ QATLIMAQ VƏ HƏTTA QALİB GƏLMƏK NİYYƏTİNDƏDİR

Proqrama qatılan parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev isə deyir ki, hakim Yeni Azərbaycan Partiyası da seçkilərə qoşulmaq, hətta qalib gəlmək iddiasındadır:

«Bunun üçün lazımi potensialımız, kadr ehtiyatımız var. Artıq hazırlıqlara başlanıb».

Həm də komitə üzvü kimi danışan T.Rzayevin sözlərinə görə, artıq ölkədə 966 bələdiyyə birləşmək qərarı verib:

«Bu, kiçik bələdiyyələrdir və ötən dövrdə onların fəaliyyətində uğur olmayıb. Bu seçkilərdə minə yaxın bələdiyyə birləşməlidir».

T.Rzayev mer seçkiləriylə bağlı Azərbaycanın qonşularından – Gürcüstandan və Ermənistandan geri qalması fikrini isə qəbul etmir:

«Azərbaycan müstəqil dövlətdir. Lazım olarsa, belə addım atılacaq. Hələ ki, belə təklif yoxdur. Bələdiyyələrin birləşməsi haqda təkliflər var. Bu, artıq zəruridir. Gələcəkdə əhalinin rəyindən asılı olaraq böyük şəhər bələdiyyəsi də yaradıla bilər».

AXCP sədri Əli Kərimli isə 960 bələdiyyənin birləşdirilməsinə yaxşı hal kimi baxmır:

«Hər yerdə olduğu kimi, Azərbaycanda da muxtarlıq yaradılmalıdır. Bələdiyyələr birləşəndə səlahiyyət artırılmayacaq. Məqsəd ayrıdır. Balaca kəndlərdə bələdiyyə seçkilərini saxtalaşdırmaq çətindir, hamı bir-birini tanıyır. İndisə bir kəndin aqibətini o biri kəndə etibar edəcəklər. Bundan ötrü birləşdirirlər. Yoxsa Bakıdakı bələdiyyələri birləşdirib böyük şəhər bələdiyyəsi yaradıla bilərdi».

Şərhinizi yazın.
XS
SM
MD
LG