Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

«Hakimiyyət azadlıqlara təhlükə kimi baxır»


Niyazi Mehdi və Aynur Camalqızı
Niyazi Mehdi və Aynur Camalqızı
«Hakimiyyət azadlıqlara təhlükə kimi baxır». Bu sözləri «Panorama» verilişində professor Niyazi Mehdi deyib. Onun fikrincə, bütün ölkələrdə cəmiyyətlə hakimiyyət arasında konflikt olur:

«Ancaq inkişaf etmiş ölkələrdə hakimiyyətlər azadlıqları boğa bilmir. Orda demokratiya var, qanunlar buna imkan vermir. Azərbaycan kimi ölkələrdə isə hakimiyyətlər xalq qarşısında hesabat vermədiklərindən onlar istədiklərini edə bilirlər. Azadlıqları məhdudlaşdırırlar, qanunları öz maraqlarına uyğun dəyişirlər…».

N.Mehdi bununla belə hesab edir ki, azadlıqlar cəmiyyət üçün müəyyən təhlükələr yarada bilər:

«Mən hətta oxumuşam ki, Şərqdə bir sıra fundamentalist hərəkatların arxasında vətəndaş cəmiyyətləri durur. Azadlıqlar bəzən hətta terrora, narkomaniyaya yol açır. Ancaq Qərb dəli deyil. Tərəzinin gözünə qoyanda, onun xeyri ziyanından çoxdur. Şərqlə müqayisədə Qərbin inkişafı da göz qabağındadır…».

N.Mehdi düşünür ki, hakimiyyət azadlıqları daha çox özünə təhlükə kimi baxdığından məhdudlaşdırmağa çalışır:

«Əgər söhbət cəmiyyətdən getsəydi, inkişaf etmiş ölkələrdə olduğu kimi, müəyyən proqramlarla onun ziyanlarının qarşısını almaq olardı. Bir də bilirsiniz, hakimiyyət imtiyaz, var-dövlət deməkdir. Azərbaycanda normal halda uğur qazanmaq çox çətin olduğundan elə hakimiyyətdən yapışırlar. Niyə görə Qərbdə asanlıqla hakimiyyətdən əl çəkirlər? Çünki orada hakimiyyətsiz də uğur qazanmaq olur. Dəyişməklə yenilənmək olar. Azərbaycanda isə bunu başa düşmək istəmirlər».

Millət vəkili Aynur Camalqızı isə düşünür ki, son illər Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklərə sırf azadlıqların məhdudlaşdırılması kimi baxmaq düzgün deyil:

«Bu günlər Avropa Şurası ilə Milli Teleradio Şurası internetin tənzimlənməsi ilə bağlı bir konfrans keçirdilər. Orda da Avropadan gələn qonaqlar qeyd etdilər ki, internet mediası ilə bağlı tənzimlənmə mexanizmi yoxdur. Əgər orada da Mətbuat Şurası, Milli Teleradio Şurası kimi bir qurum yaradılarsa, proseslər tənzimlənər…».

A.Camalqızı deyir ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra müəyyən inkişaf yolu keçib:

«Müstəqilliyinin yaşı 100-200 il olan ölkələrlə Azərbaycanı müqayisə etmək düzgün deyil. Qərbin 100-200 ilə nail olduqlarına biz 10-15 ilə çata bilmərik…».

Buna da bax:

XS
SM
MD
LG