Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

Seçki dövründə hər kəs Azərbaycan dilini tərifləyir


Prezidentliyə namizəddən 3-ü milli azlıqların nümayəndəsidir
Prezidentliyə namizəddən 3-ü milli azlıqların nümayəndəsidir
Milli azlıq kartından bu qədər geniş istifadə olunmasının bir neçə səbəbi var. Əvvəla, 8 prezidentliyə namizəddən 3-ü elə milli azlıqların nümayəndəsidir. İslahatçıların namizədi Mir Hüseyn Musəvi azərbaycanlıdır, başqa bir islahatçı namizəd Mehdi Karrubi və mühafizəkar Möhsün Rezai isə lordur.

65 MİLYONLUQ İRAN ƏHALİSİNİN YARISINA QƏDƏRİNİ MİLLİ AZLIQLAR TƏŞKİL EDİR

İkincisi də, hələ İranın rəsmi statistikasına görə, 65 milyonluq İran əhalisinin yarısına qədərini milli azlıqlar təşkil eləyir. Amma ABŞ-ın araşdırma institutları və başqa müstəqil mənbələrin hesablamalarına görə, təkcə İranda yaşayan azərbaycanlıların sayı 30 milyondan çoxdur. Yəni, bu rəqəmlərə görə, azərbaycanlılar hətta İranda milli azlıq deyil, farslardan da çoxdurlar.

Üçüncü məsələ isə ondan ibarətdir ki, sayca çox olmalarına baxmayaraq, İrandakı milli azlıqların hüquqları yetərincə pozulub. Son illərsə azlıqların hüquqları uğrunda mübarizəsi genişlənib və namizədlər də bu problemləri görməzdən gəlmək istəmir, əksinə, yetərincə fəal olan bu seçicilərin də səsini qazanmağa çalışır.

İş o yerə çatıb ki, hətta fars olan indiki prezident Mahmud Əhmədinejad da ötən ay Təbrizdə çıxış eləyəndə iddia eləmişdi ki, «ən yaxşı və mükəmməl dillərdən biri olan Azərbaycan dilində» səlis danışa bilir.

Musəvi və Kərrubi kimi namizədlərə gəldikdə isə, onların seçkiqabağı vədlərindən biri də məhz milli azlıqların hüquqlarının təminatıyla bağlıdır. Onlar söz verirlər ki, hakimiyyətə gələndən sonra milli azlıqların öz doğma dillərində təhsil almaq hüququnu gerçəkləşdirəcəklər, onların dilində kütləvi informasiya vasitələrinin yayılmasına imkan verəcəklər və s.

PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN VƏDLƏRİ ÇOXDAN KONSTİTUSİYADA YER ALIB. AMMA…

Baxmayaraq ki, prezidentliyə namizədlərin indi verdiyi vədlər əslində çoxdan İran Konstitusiyasında yer alıb. Ancaq reallıqda milli azlıqların heç biri İran Konstitusiyasında yer alan bu haqlardan istifadə edə bilmir.

Əksinə, bu haqlarını tələb eləyən azərbaycanlılar, kürdlər separatçı kimi damğalanır və zindanlara salınır. Parisdən İranla bağlı ekspert Azade Keyan:

İran türkmənləri islahatçı namizəd Mirhüseyn Musəvini salamlayırlar, 21 aprel 2009
«Məktəblərdə dərslər hamısı fars dilində keçirilir, azlıqlar isə tədris proqramlarına ana dillərində təhsili də salmaq istəyir. Onların başqa tələbləri də var, mədəni tələblər, inkişafla bağlı tələblər, onlar hamıya bərabər hüquqlar verilməsini tələb edir, farsların ölkədə hər kəsdən üstün olmasına qarşı çıxır. Bu tələblərin hamısı qanunidir. Amma Əhmədinejadın hökuməti bu tələbləri milli təhlükəsizliyə hədə kimi görür və onları sıxışdırır. Və milli azlıqlara qarşı belə münasibət bəzi hərəkatların daha da radikallaşmasına gətirib çıxarır».

Kanadada yaşayan Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sədri Fahte Zamani deyir ki, İrandakı azərbaycanlıları həm saylarının çoxluğuna, həm də ötən əsrdə üç dəfə inqilaba cəhd etdikləri üçün digər milli azlıqlardan daha çox sıxışdırırlar və assimilyasiya etməyə çalışırlar. Xüsusən də, 2006-cı ildə Təbrizdə və başqa şəhərlərdəki etirazlardan sonra. Nəinki doğma dillərində təhsil almaq və ya müstəqil qəzet buraxmaq hüququ təmin edilir, hətta uşaqlarına öz dillərində ad qoymağa da imkan vermirlər.

«SİYASİ HAKİMİYYƏT BİR QRUP FARSIN ƏLİNDƏ CƏMLƏŞİB»

Fahte Zamaninin sözlərinə görə, həm İranın özünün dövlət rəsmiləri, həm də inqilabdan sonra İrandan mühacirət eləyən bir çoxları azərbaycanlıların hüquqlarının tapdalanması fikrini yaxına da buraxmaq istəmirlər. Məsələn, 2008-ci ilin mart ayında, ABŞ Konqresində İrandakı milli azlıqlarla bağlı keçirilən müzakirələrdə bəzi iranlı mühacirlər azərbaycanlıların mədəni hüquqlar uğrunda apardığı mübarizəni insan haqları uğrunda mübarizə kimi tanınmasına da etiraz edirdilər. Onlar ana dilində təhsil, media və başqa hüquqlarını tələb edən azərbaycanlıları daha çox separatçı kimi təqdim eləyirlər və bu üzdən müzakirələrdə dava-dalaş da çıxmışdı. Ancaq polisin müdaxiləsindən sonra dinləmələr davam eləmişdi.

İranşünas Məsud Səfəri isə deyir ki, bəziləri belə təqdim eləməyə çalışır ki, digər milli azlıqlara nisbətən azərbaycanlıların İranda dövlət vəzifəsi tutması şansı daha çoxdur. Məsələn, elə indiki dini lider Ayətullah Əli Xameneyi və ya islahatçıların namizədi - vaxtilə Baş nazir olan Musəvi kimi. Amma elə Səfiri özü də razılaşır ki, bu vəzifələrə gəlmək üçün onların öz milli kimliklərini unutması və ya arxa plana atması daha önəmli olub. Əslində isə, İranın özündəki rəy fərqlidir:

«Bir çox milli azlıqlar arasında belə bir fikir geniş yayılıb ki, siyasi hakimiyyət bir qrup farsın əlində cəmləşib və farslar hakimiyyəti başqa etnik qruplarla bölüşmək fikrində deyil».

İranın indiki prezidenti Mahmud Əhmədinejad Təbrizdə seçkiönü təşviqat mitinqində ən mükəmməl dillərdən biri olan Azərbaycan dilində danışdığını iddia eləsə də, adi çıxışlarında ana dili və s. bu cür tələblərin ölkənin bütövlüyünə qarşı yönəlməsindən danışır. Musəvi və Kərrubi kimi islahatçıların namizədləri isə, İran prezidentinin milli hüquqlara belə yanaşmasına qarşı çıxır, amma özləri də ölkənin bütövlüyünün tərəfdarı olduqlarını bildirirlər.
XS
SM
MD
LG