Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

«700 min avro vermişdilər ki, 0-6 uduzsunlar?!»


«Yaxşı qurtardılar. Hesab 8-0, 10-0 da ola bilərdi»
«Yaxşı qurtardılar. Hesab 8-0, 10-0 da ola bilərdi»
- Yaxşı qurtardılar. Hesab 8-0, 10-0 da ola bilərdi. Bacarmırlar, oynamasınlar. Nə yaxşı futbolçu var, nə də məşqçi…
- İspanlara 700 min avro vermişdilər ki, 0-6 uduzsunlar?! Kasıb 7 manat istəsə, verməzlər. Balıq başdan iylənər…
- Biz belə oyuna öyrəşmişik. Ancaq ümid edirəm ki, nə vaxtsa yaxşı olacaq.

Bu, futbol üzrə Azərbaycan millisinin İspaniya yığmasına 0-6 hesablı məğlubiyyətindən sonra azarkeşlərin təəssüratlarıdır.

Hələ bu qarşılaşma ərəfəsində qəzetlər yazırdılar ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İspaniya yığmasını Bakıya gətirmək üçün onlara 700 min avro pul verib. AFFA rəsmiləri isə deyirdilər ki, son Avropa çempionunun yalnız Azərbaycandakı xərclərini öz üzərlərinə götürüblər. Onların fikrincə, İspaniya ilə oyun Azərbaycanı həm bütün dünyada tanıdacaq, həm də bu, ölkə futbolunun inkişafına böyük töhfə olacaq. Zarafat deyil, rəqib sonuncu Avropa çempionudur. Ancaq 0-6 hesablı məğlubiyyət heç də ölkə futboluna baş ucalığı gətirmədi.

ZORƏN AZARKEŞ

Bibiheybətdən bir neftçi «Azadlıq» radiosuna deyir ki, iyunun 9-da onları Azərbaycan və İspaniya millilərinin qarşılaşmasına azarkeşlik etmək üçün avtobuslarla Tofiq Bəhramov adına Respublika stadionuna gətiriblər. Üstəlik, onlara müftə bilet də veriblər.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev həm də AFFA-ya rəhbərlik edir. Həmin neftçi indi başa düşmür ki, bütün bunlar Şirkət rəhbərliyinin onlara yoxsa Azərbaycan futboluna qayğısının təzahürüdür. Ancaq neftçinin deməsinə görə, bu ilin əvvəlindən nə mükafatlarını, nə də əlavə müavinətlərini ala bilirlər. Üstəlik, tez-tez də ixtisarlar aparılır:

- Hər gün də mühəndisləri fəhlə keçirirlər, fəhlələrisə ixtisara salırlar. Neftçilər əməliyyat olunanda onlara müavinət verirdilər. İndi onu iqtisadi böhranla bağlı vermirlər. Bütün bu həngamədən də sonra futbola belə pullar ayrılır. Lap cəhənnəmə, bir baxmalı futbol olsa deyərəm hə. Aparırlar məcburi futbola, 5-10 dəqiqədən sonra hamı dağılışır. Bu, dövlətin pullarını dağıtmaqdır.

BÖYÜK PULLARIN SOVRULMASI YOXSA UĞURSUZ TAMAŞA?

«Het-tirik» qəzetinin baş redaktoru Natiq Əliyev deyir ki, Azərbaycan futboluna ayrılan pullar düzgün istiqamətdə xərclənmir. Onun fikrincə, İspaniya yığmasına verilən pul əslində, uşaq futbolunun inkişafına sərf olunsayda, daha məqsədəuyğun olardı:

- Uşaq futbolu inkişaf etdirilə bilərdi. Sonra bizim cəmi bir neçə stadionumuz var. Həmin vəsait hansısa kluba dəstək olaraq verilə bilərdi ki, özlərinə stadion tiksinlər. Nə bilim vallah? Görünür, bizim futbolun başında duranlar belə məsləhət biliblər…

Nəticə isə heç də ürəkaçan deyil. İspaniya yığmasına yoldaşlıq görüşündə ağır məğlubiyyət bir yana, Azərbaycan millisi Dünya Çempionatının təsnifat mərhələsində keçirdiyi 5 oyunda bir qol belə vura bilməyib. Baxmayaraq ki, böyük ümidlərlə almaniyalı mütəxəssis Berti Foqts Azərbaycan yığmasının başına gətirilmişdi. Yeri gəlmişkən, AFFA Foqtsun müqavilə məbləğini də məxfi saxlayır.

Berti Foqtsun rəhbərliyi altında keçirilən bu 5 oyunun birində də rəqib cəmi 36 minlik əhalisi olan Lixtenşteyn yığması idi. Nəinki Azərbaycanın, onun paytaxtının, hətta Sumqayıtın mikrorayonlarının birində 36 mindən çox insan yaşayır. Hər halda ötən il Azərbaycan millisi doğma divarlar arasında Lixtenşteyn yığmasının müqavimətini qıra bilmədi.

FOQTS AFFA-ya HESABAT VERƏCƏK

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu deyir ki, bütün hallarda İspaniya ilə qarşılaşmaya müsbət yanaşırlar. Çünki yoldaşlıq görüşündə çox güclü rəqib seçilmişdi və bu oyun onlardan öyrənməyə imkan yaradır. M.Nərimanoğlu bildirir ki, bu günlərdə yığmanın baş məşqçisi Foqts millinin oyunları ilə bağlı AFFA rəhbərliyinə hesabat verməlidir. Yalnız bu hesabat dinlənildikdən sonra onlar növbəti addımlarını müəyyənləşdirəcəklər.

KASİLYAS YOXSA VƏLİYEV

İspaniya yığması ilə yoldaşlıq oyununda topu 6 dəfə tordan çıxarmaq məcburiyyətində qalan Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev isə azarkeşlərdən bağışlanmalarını istəyir:

- Azarkeşlərdən bağışlanmamızı istəyirik. Ümid edirəm ki, gələcəkdə azarkeşləri qələbə və yaxşı oyunlarımızla sevindirəcəyik. İnşallah…

F.Vəliyev də deyir ki, əgər İspaniya yığmasına deyilən məbləğ verilibsə, həmin vəsaitin Azərbaycan futbolunun problemlərinə sərf olunması daha yaxşı olardı. O bu məğlubiyyətlər seriyasında bütün kollektivin məsuliyyət daşıdığını düşünür. Millinin qapıçısı deyir ki, onun yerinə İspaniya yığmasının qapıçısı Kasilyas olsaydı, qarşılaşma ən azı 0-4 hesabı ilə başa çatacaqdı. O, ancaq ikinci və beşinci qolda birbaşa özünü günahlandırır.
XS
SM
MD
LG