Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:05

«QHT-lər haqqında» qanuna ediləcək dəyişikliklər beynəlxalq standartlara uyğundur»


Əli Həsənov
«Əgər əvvəllər Azərbaycanda xarici QHT-lər istədikləri şəkildə fəaliyyət göstərə bilirdilərsə, bundan sonra bunu qanunda nəzərdə tutulan ölkələrarası müqaviləyə əsasən edəcəklər ki, bu da normaldır. Təklif olunan dəyişikliklər müasir dünya standartlarına cavab verir».

Bunu «Qeyri-hökumət təşkilatları haqqında» Qanuna təklif olunan dəyişikliklərə dair sualı cavablandıran Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov dəyişikliklərlə bağlı yaranan narahatlığı anlamadığını bildirib:

«Açığı deyim ki, bununla bağlı QHT-lərin narahatlığını anlaya bilmirəm. Mövcud QHT-lər üçün bu qanuna ediləcək dəyişikliklər heç bir problem yaratmır. Yəni mövcud QHT-lər qeydiyyatdan keçib, mövcud qanunvericiliyə uyğun olaraq, fəaliyyətlərini davam etdirir. Dəyişikliklərdə dövlətlərarası münasibətlərin gücləndirilməsi də əskini tapır. Ona görə də narahatlığa əsas yoxdur. Kimin konkret narazılığı və narahatlığı varsa, bununla bağlı söhbət apara bilərik».

Ə.Həsənov «Dini etiqad azadlığı haqqında» qanuna təklif edilən əlavə və dəyişiklərə də toxunub. Deyib ki, bütün dövlətlərdə dini təşkilatların fəaliyyəti tənzimlənir:

«Dünyanın elə bir dövləti yoxdur ki, dini təşkilatların fəaliyyəti tənzimlənməsin. Amma insanların öz dini etiqad azadlığını ifadə etməsi, mərasimlərdə iştirakı tam sərbəstdir. Qanuna dəyişikliklərin də buna heç bir aidiyyəti yoxdur. Dəyişikliklərdə yalnız dini fəaliyyətin müəyyən çərçivəyə salınması, nizamlanması və müəyyən qayda-qanun çərçivəsində aparılması nəzərdə tutulur ki, bunda da qeyri-adi heç nə yoxdur». / APA /
XS
SM
MD
LG