Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:26

BMT müşahidəçiləri Gürcüstanın separatçı regionlarından çıxır


BMT-nin Gürcüstandakı missiyasının vaxtı uzadılmadı
BMT-nin Gürcüstandakı missiyasının vaxtı uzadılmadı
Rusiya BMT-də müşahidəçilərin vaxtının uzadılması barədə qərar layihəsinə veto qoyub. Gürcüstan «artıq şahid qalmır» deyir.

BMT-nin Gürcüstanın separatçı regionlarında – Abxaziya və Cənubi Osetiyada atəşkəsə nəzarət edən müşahidəçiləri bölgədən çıxarılır. Bu missiyanın vaxtı formal olaraq iyunun 15-də başa çatıb.

Bu barədə Avstriya, Xorvatiya, Fransa, Almaniya, Türkiyə, Britaniya və ABŞ BMT-yə qərar layihəsi təqdim etmişdilər. Həmin layihədə nəzərdə tutulurdu ki, missiyanın gələcəyi ilə bağlı Rusiya ilə danışıqlar gedən müddətdə BMT-nin Gürcüstandakı missiyasının vaxtı uzadılsın.

İyunun 16-da BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u həmin qərarı müdafiə edib. Amma Rusiyanın veto qoyması qərarın qəbulunu dayandırıb. Artıq BMT-nin Baş katibi Ban Ki Mun müşahidəçilərin regiondan çıxarılması üçün göstəriş verib.

1993-cü ildən bəri Gürcüstanın separatçı bölgələri ilə atəşkəsin qorunmasına BMT-nin 131 hərbi və 20 polis zabitindən ibarət müşahidəçi missiyası nəzarət edirdi.

Bu bölgədə atəşkəsin qorunmasına Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının – ATƏT-in müşahidəçiləri də nəzarət edir. Amma Rusiyanın etirazları ilə onların regiondan çıxaması gözlənir.

Beləliklə, bundan sonra Rusiyanın himayə etdiyi separatçılarla Gürcüstan hərbçiləri arasında baş verənləri yalnız bir neçə beynəlxalq insan haqları təşkilatının nümayəndəsi izləyə biləcək.

Gürcüstanın BMT-dəki səfiri Aleksander Lomaya iyunun 16-da bildirib ki, heç olmasa, Human Rights Watch və Amnesty İnternational öz müşahidələrini davam etdirsinlər.

Ötən ilin avqustunda Rusiya ilə qısamüddətli müharibədən sonra – oktyabr ayında Avropa Birliyi də regiona 200 nəfərlik müşahidəçi yerləşdirib. Amma Rusiyanın etirazı ilə həmin müşahidəçilər separatçı regionlarda yox, Gürcüstan hərbçilərinin nəzarətində olan ərazilərə yerləşə biliblər.

Gürcüstan Rusiyanın bu hərəkətini onun bölgədə öz hərəkətlərinə şahid olacaq bir kiməsni istəməməsi kimi izah edib.

Moskva isə öz veto qərarını müdafiə edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, qərarın qəbulu mümkün deyildi, çünki orada Gürcüstanın ərazi bütövlüyü barədə öhdəliklər var idi.
XS
SM
MD
LG