Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:58

«Türkiyə-Ermənistan yaxınlaşmasından Azərbaycan udacaq»


Riçard Giraqosyan
Riçard Giraqosyan
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon iyunun 16-da Dövlət Departamentində Amerikanın növbəti illərdəki xarici siyasət kursuna aydınlıq gətirib. Qordon çıxışında Türkiyə-Ermənistan yaxınlaşması, Dağlıq Qarabağ münaqişəsinin həlli və region ölkələrindəki demokratiyadan danışıb. F.Qordonun açıqlamalarındakı fikirləri ABŞ-ın Erməni Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan «Azadlıq» radiosu üçün dəyərləndirib:

- Bildiyiniz kimi, ABŞ-ın Dövlət katibinin yardımçısı Filip Qordon xarici siyasətlə bağlı hesabatında bir daha ölkəsinin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan proseslərini bir arada görməməsi və fərqli proseslər olmasıyla bağlı mövqeyini təkrarlayıb. Bu fikirlər ilin əvvəlində daha ağlabatan görünürdü. Çünki Türkiyə və Ermənistan arasında «yol xəritəsi» imzalanmışdı, aktiv danışıqlar gedirdi. Ancaq indi bu proseslərin ABŞ administrasiyasının istədiyi kimi inkişaf etməsi inandırıcı görünürmü? Xüsusən də, Türkiyənin Baş naziri Ərdoğanın Bakı səfərində verdiyi açıqlamalardan sonra.

- Əslində, yox. Çünki indi hadisələrin başqa cür inkişafını görürük. Türkiyənin Xarici İşlər naziri Davutoğlu Vaşinqtonda olanda daha mülayim mövqe nümayiş etdirdi. Və burda iki maraqlı proses gedir. Özü də təkcə Türkiyə-Ermənistan münasibətlərində yox, həm də Dağlıq Qarabağ probleminin həll olunmaması üzündən Azərbaycanın mövqeyində.

Birincisi odur ki, Dağlıq Qarabağ məsələsi Türkiyə-Ermənistan danışıqlarına birbaşa bağlı olmasa da, bu proseslər yanaşı gedir. Bu, sözsüz ki, çox vacibdir. Ancaq bütün tərəflər - Türkiyə, Ermənistan və Azərbaycan da həyəcanla Dağlıq Qarabağla bağlı hansısa inkişafı gözləyirlər ki, məsələn, Türkiyə, bundan sonra sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası prosesində irəli gedə bilsin.

Azərbaycan üçün vacib olan ikinci proses isə budur ki, Türkiyə və Ermənistan arasında razılaşmaların imzalanması halında Ankaranın regionda nüfuzu və təsiri artacaq, bunun da Azərbaycana xeyri var.

Odur ki, mən düşünürəm ki, bu məsələlər üzündən Ankara və Bakının münasibətlərində yaranan müəyyən gərginlik, hadisələrin ən xoşagəlməz hissəsi artıq arxada qalıb. Hesab edirəm ki, Azərbaycan indi özünü daha rahat hiss edir. Çünki anlayır ki, Türkiyə və Ermənistanın münasibətlərindəki hər hansı irəliləmələr heç bir halda Azərbaycanın təklənməsinə yönəlməyəcək.

- Filip Qordonun danışdığımız hesabatında həm də belə bir fikir var ki, Dövlət Departamenti Azərbaycan, Ermənistan, Belarus kimi ölkələrdə demokratik yoldan geri çəkilmələrin qarşısını almaq və prosesləri tərsinə çevirmək yolları haqda da düşünür. ABŞ-ın nə Ermənistanı, nə də Azərbaycanı böyük mənada itirmək istəməməsini nəzərə alanda, Birləşmiş Ştatlar bu ölkələrdə demokratiyayla bağlı məqsədlərinə necə çata bilər?


- Burda maraqlı olan bir şey var ki, ötən ilin avqustundakı Rusiya-Gürcüstan savaşından sonra biz Ermənistan və Azərbaycanda sabitlik tələbinin ön plana çıxdığını görürük. Hər iki ölkədə sabitlik üçünsə demokratiya lazımdır və bu, avtoritar idarəetmə üsuluyla mümkün deyil. Amerikanınsa indi bundan ötrü Bakı və ya Yerevana təsir imkanları məhduddur. Amma mən düşünürəm ki, Türkiyənin regionda aktivləşməsi hər iki ölkədə demokratiyanın da irəliləməsinə səbəb ola bilər. Başqa sözlə, artıq Azərbaycan və Ermənistan hakimiyyətindən bu yolda addımlar atmasıyla bağlı gözləntilər həmişəkindən daha çoxdur. Amerikada Barak Obamanın prezident seçilməsindən sonra, biz bu məsələlərə başqa cür baxışın şahidi oluruq. Ermənistanda və Azərbaycanda jurnalistlərə hücumlara və demokratiyanın boğulmasına barmaqarası baxmırlar. Və biz görürük ki, demokratiya məsələsi ABŞ-ın «Minilliyin çağırışı» planı çərçivəsində Ermənistana etdiyi yardımların dayandırılmasına da səbəb ola bilir. Bu, onu göstərir ki, Amerika artıq yalnız sözlə hədələmir, sözdən işə də keçir. Və bu, həm də onu göstərir ki, demokratiyanı boğmaq qarşılıqsız qalmayacaq, əvəzini ödəmək lazım gələcək.
XS
SM
MD
LG