Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Məxfi olduğu iddia olunan məktub İranı yenidən qarışdırdı


İmam Xomeyni meydanı və meydana aparan küçələr yüz minlərlə Musəvi tərəfdarıyla dolub
İmam Xomeyni meydanı və meydana aparan küçələr yüz minlərlə Musəvi tərəfdarıyla dolub
Tehranda Musəvinin tərəfdarları yenə də mitinq keçirirlər. İrandakı xarici informasiya agentliklərinin yaydığı məlumata görə, şəhərin mərkəzindəki ən böyük meydanlardan biri – İmam Xomeyni meydanı və meydana aparan küçələr yüz minlərlə Musəvi tərəfdarıyla dolub. Musəvinin günün əvvəlindəki çağırışana əməl edən tərəfdarları qara libaslar geyiblər. Qollarında isə yaşıl sarğılar olub.

Musəvi özü də aksiyaya qatılacağını bəyan etmişdi. Yerli vaxtla saat 6-da Musəvi aksiyaya qoşulub və bütün tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

XARİCİ JURNALİSTLƏRİN HƏYATI ÖZ ƏLLƏRİNDƏDİR

Artıq bu həftənin əvvəlindən İrandakı dövlət qurumları, Daxili İşlər Nazirliyi xarici mediaya küçə aksiyalarını və qanunsuz aksiyaları işıqlandırmağı qadağan etmişdilər. Dünəndən isə dini liderə sadiqliyi ilə seçilən Bəsic könüllü yarımhərbi birləşməsi daha sərt xəbərdarlıq edib. Deyib ki, xarici jurnalistlərin həyatı öz əllərindədir. Bu cür sərt xəbərdarlıqlar üzündən və İran dövlətinin ölkədən informasiya çıxarılmasına əngəllər yaratması üzündən İrandan bəzən ziddiyyətli, gecikən xəbərlər də gəlir.

Məsələn, İran dövlət televiziyası bazar günündən bu yana başlanan aksiyalarda 8 nəfərin həlak olduğunu deyir, bir sıra Qərb agentlikləri bu rəqəmin 15 olduğunu bildirir. İranın özündən xəbər verənlər isə, ölənlərin saylarının dəfələrlə çox ola biləcəyini iddia edirlər.

Əslində, bugünkü mitinq də bu hadisələrdə ölənləri yad etmək, onlara və saxtalaşdırılan seçkiyə yas tutmaq adıyla təşkil olunub.

«BİZ SEÇKİ İSTƏYİRİK!»

Musəvinin seçki rəmzi olan yaşıl rəngi nəzərdə tutan aksiya iştirakçıları İmam Xomeyni meydanına kimi səssiz gəliblər, amma meydana çatanda şüarlar səsləndiriblər. Əhmədinejada və ölkənin ali dini lideri Xameneyiyə xitabən «Yaşıl dalğa heç vaxt durmayacaq!», «Biz seçki istəyirik!», «Mənim yaşıl seçki kartım sən adını üstünə yazandan sonra qaraldı!», «Biz lal-kar-kor ola bilərik, amma əsla axmaq deyilik!», «Diktatora ölüm!» və s. şüarlar səsləndirilib.

Aksiyaçılar bu cür şüarlarla ölkənin faktiki rəhbəri, ali dini lider Ayətulla Əli Xameneyinin dövlət qəzetləri vasitəsilə camaatı milli birliyə çağırmasına münasibət bildiriblər. Xameneyi sabah özü Tehran məscidlərinin birində cümə namazında moizə edəcək.

İrandakı ekspertlərin fikrincə, bu, çoxdandır belə işlərdən kənarda qalan Xameneyinin ciddi narahat olmasını göstərir. Elə Xameneyinin adından yayılan müraciətdə də vurğulanır ki, gözəl seçki atmosferinin islama qarşı yönəlməsinə imkan verməyin. Çünki hər iki tərəfdəkilər islam inqilabının ardıcıllarıdır.

Bu cür açıqlamalarla yanaşı İranda kütləvi həbslər də davam edir. Həbs edilənlərin dəqiq sayı bilinmir. Amma Ettelaat, gizli polis servisinin dünən müxalifətçi siyasətçi İbrahim Yəzidi xəstəxana palatasından da apardıqları bildirilir. Yazidi İran inqilabı vaxtı hərəkatın rəhbərlərindən idi və ilk hökumətdə Xarici İşlər naziri postunu tutmuşdu.

MUSƏVİ VƏ KƏRRUBİ MÜHAFİZLƏR ŞURASININ İCLASINA DƏVƏT OLUNUB

Bu arada İranın Mühafizlər Şurası da bəyanat yayıb ki, seçkidəki saxtakarlıqlarla bağlı namizədlərin göndərdiyi 646 şikayətin hamısını diqqətlə araşdıracaqlar.

Mühafizlər Şurasının sözçüsü Abbasəli Kədxudayi deyib ki, onlar prezidentliyə namizədlər Musəvi və Kərrubiylə də görüşməyə hazırdırlar və hər ikisini şənbə günü keçirəcəkləri toplantıya dəvət edirlər.

İranın qanunverici orqanı olan Ekspertlər Şurası da seçkini müzakirə edib. Amma Mahmud Əhmədinejadın əleyhdarı və Musəvini dəstəkləyən keçmiş prezident Rəfsəncaninin rəhbərlik etdiyi bu şura sadəcə seçkidə 85 faiz əhalinin iştirakını yüksək qiymətləndirib. Nəticələrlə bağlı isə heç nə deməyib. Şuranın bu açıqlamasından sonra Rəfsəncaninin iki övladına ölkədən çıxmaq qadağan olunub.

ORTAYA ÇIXAN SƏNƏD ALƏMİ QARIŞDIRIB

Rəsmi nəticələrə görə, Əhmədinejadın 63 faiz səs yığdığı bildirilirdi, Musəvinin isə 34 faiz. Amma dünəndən İranda seçkinin nəticələriylə bağlı yayılan bir sənəd aləmi lap qarışdırıb.

İranın Daxili İşlər naziri Sadiq Maqsudinin ali dini lider Xameneyiyə yazdığı iddia olunan məxfi məktubdan söhbət gedir. Məktubun fotosurətləri bu dəqiqə İranda Musəvi tərəfdarlarının hamısının əllərində var.

19 MİLYON ADAM MUSƏVİYƏ, 13 MİLYON KƏRRUBİYƏ, CƏMİ 5.5 MİLYON İSƏ ƏHMƏDİNEJADA SƏS VERİB

Məktubun üzərindəki tarix 13 iyunu göstərir, seçkidən sonrakı günü. «Ali liderin diqqətinə» sözləriylə başlayan məktubda daha sonra bildirilir ki, sizin 10-cu prezident seçkilərinin nəticəsiylə bağlı narahatlığınız və Əhmədinejadın prezident seçilməsiylə bağlı verdiyiniz tapşırıq yerinə yetirilib: «Ancaq heç kəsə açıqlamadığımız seçkinin əsl nəticələrini sizin diqqətinizə çatdırmaq istəyirəm».

Daxili İşlər nazirinin yazdığı iddia olunan həmin məktubdakı rəqəmlərə görə, əslində, seçkidə 19 milyon adam Musəviyə, 13 milyon Kərrubiyə, cəmi 5.5 milyon isə Əhmədinejada səs verib.

Həmin məktub haqda rəsmilər heç bir açıqlama vermirlər. Amma kimsə bu məktubun saxta ya həqiqi olmasıyla bağlı araşdırma aparmır da. İrandakı Əhmədinejad əleyhdarları üçün bu, hakimiyyətin seçkinin uduzmasının artıq faktoloji əsası kimi qəbul olunur.
XS
SM
MD
LG