Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:02

Azərbaycanda sosial yardım 800 min adamı əhatə edir


Hazırda Azərbaycanda 180 minə yaxın ailə, 800 mindən çox ailə üzvü ünvanlı sosial yardım alır
Hazırda Azərbaycanda 180 minə yaxın ailə, 800 mindən çox ailə üzvü ünvanlı sosial yardım alır
«Bir il çalışdım, mənə ünvanlı sosial yardım vermədilər. Axırda prezident İlham Əliyev və Mehriban Əliyevaya məktub yazdım. İcra hakimiyyətinə müraciət etdim, ondan sonra verdilər. Amma mənimlə o vaxtdan çalışanlar indi də gedib-gəlirlər, hələ də ala bilmirlər».

Bu 2 uşağını tək böyüdən Lənkəran sakini Rəsmiyyə Şükürovanın fikirləridir. O hesab edir ki, yardımı verənlər pulunu kəsirlər. Çünki əvvəl 65 manat alırdı, indi isə 60 manat verirlər.

«ÜNVANLI SOSİAL YARDIMLARIN VERİLMƏSİ MEXANİZMİNİN TƏKMİLLƏŞDİRİLMƏYƏ EHTİYACI VAR»

«Sağlam Həyat Mədəniyyəti» İctimai Birliyinin rəhbəri Əhməd Qəşəmoğlu isə hesab edir ki, ünvanlı sosial yardımların verilməsi mexanizminin təkmilləşdirilməyə ehtiyacı var. Təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə pilot rayonunda apardıqları sosioloji sorğunun nəticələrinə əsasən bu qərara gəlib. Masallı, Quba və daha 2 rayondakı araşdırmalardan bəlli olub ki, mövcud tələblər bir çox çətin vəziyyətdə olan ailələrin bu yardımlardan kənarda qalmasına səbəb olur:

«Torpağı var, amma acından ölür. Yerlərdə 3-4 uşağı olan qadınlar var ki, ailə başçısı qoyub çıxıb gedib. Ünvanlı sosial yardım almaq üçün həmin ailə başçısını tapmaq problemə çevrilib».

Əhməd Qəşəmoğlu deyir ki, ağır vəziyyətdə olanların geniş mənzili və ya heç bir gəlir gətirməyən avtomobilinin olması, onları yardımdan kənarda qoyur. Belə çıxır ki, vətəndaş ya bu mənzili və avtomobili satmalı ya da saxtakarlıq etməlidir. Onun fikrincə yardımın verilməsi mexanizmində ailədə azyaşlı məktəblilərin sayı, ailə başçısının olmaması, ağır xəstəsi olanlar, evi yararsız vəziyyətə düşənlər fərqləndirilməlidir.

Bundan başqa, işsizlərin lap elə öz təsərrüfatında dolanışığını təmin etmək üçün ciddi mexanizmlər, yaxud yüngül şərtlərlə kreditlərin verilməsi variantları işlənib hazırlanmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yoxsulluq problemləri və ünvanlı sosial yardım şöbəsinin əməkdaşı Babək Hüseynov isə deyir ki, prosesin təkmilləşdirməsi ilə bağlı bəzi mexanizmlər işlənilir. Torpaqdan götürülən gəlirlərin hesablanması çətin mexanizmdir. Buna baxmayaraq, onlar ünvanlı sosial yardımın verilməsi məsələsində bu hesablamaların ən yüngülünü istifadə edirlər.

«ƏGƏR VƏTƏNDAŞ NƏQLİYYAT VASİTƏSİNI SAXLAYA BİLİRSƏ, DEMƏLİ, ONUN BUNA İMKANI VAR»

Babək Hüseynov deyir ki, əmək qabiliyyəti olan adamın sadəcə işsiz olduğu üçün yardım alması qətiyyən mümkün deyil. Çünki vətəndaşlara ixtisasları üzrə iş axtarılması, əgər iş tapa bilmirsə, onlara müəyyən statusun və müavinətlərin verilməsi ilə məşğul olan rayon məşğulluq idarələri var. İşsiz adamlar ora müraciət etməlidirlər. Müraciətin nəticəsindən asılı olaraq sonra onlara ünvanlı sosial yardım verilməsi məsələsinə baxıla bilər:

«Əmlakının, evinin olması vətəndaşın yardım almamasına səbəb ola bilməz. Çünki əmlakın qiymətləndirilməsi sırf vizual xarakter daşıyır. Bir tək əmlakdan nəqliyyat vasitəsinin olması nəzərə alınır ki, bunun da səbəbi var. Çünki nəqliyyat vasitəsini saxlamaq üçün xeyli vəsait tələb olunur. Əgər vətəndaş nəqliyyat vasitəsini saxlaya bilirsə, deməli, onun buna imkanı var. O ki qaldı ailə başçısının ailəni qoyub getməsinə, sonradan məlum olurdu ki, bu məlumat düz deyil. Əvvəl bu barədə tələb sərt qoyulurdu. Amma artıq buna ehtiyac qalmayıb».

Babək Hüseynovun sözlərinə görə, bütün problemlərin həllini ünvanlı sosial yardımda axtarmaq da düz deyil. Onun fikrincə, sosial problemlərin həlli üçün bütünlükdə cəmiyyət inkişaf etməlidir.

ƏGƏR ŞƏFFAFLIQ OLMASA HEÇ BİR TƏKMİLLƏŞMƏNİN XEYRİ OLMAYACAQ

Ünvanlı sosial yardımların verilməsi ilə bağlı araşdırmalar aparan bəzi mütəxəssislər isə hesab edirlər ki, hər bir mexanizm zaman-zaman təkmilləşdirilməlidir. Amma məsələ bununla bitmir. Əgər bütün bu proseslərin həyata keçirilməsi zamanı şəffaflıq təmin edilməsə, heç bir təkmilləşmənin xeyri olmayacaq. İqtisadçı ekspert Rövşən Ağayev də əsas problemin qanun və mexanizmdən daha çox, onu həyata keçirən şəxslərdə olduğunu düşünür:

«Sistem elə işləməlidir ki, yardımı almalı olanlar alsın, almalı olmayanları isə sistem özü kənarda qoysun. Hökumət birinci bunu etməlidir. Etməyəcəksə, deməli, səmimi cəhd yoxdur».

Yaxın günlərdə ünvanlı sosial yardımın verilməsinin üç illiyi qeyd olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, aradan keçən müddət ərzində yardımların liberallaşdırılması istiqamətində mövcud qanun və qaydalara bir sıra dəyişikliklər edilib. Sənədlərin siyahısı iki dəfə azaldılıb. Hazırda Azərbaycanda 180 minə yaxın ailə, 800 mindən çox ailə üzvü ünvanlı sosial yardım alır. Ailə üzrə ünvanlı sosial yardımın məbləği orta hesabla 98 manatdır.

Rövşən Ağayev isə hesab edir ki, bu məbləğ yetərli deyil. Ölkədəki yoxsulluq həddi və işsizlərin sayı dəqiq müəyyənləşdirilməlidir. Elə ona uyğun da vətəndaşlara yardımlar verilməlidir.
XS
SM
MD
LG