Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:39

Müharibə Gürcüstanda turizmi sarsıdıb


Acarıstan rəsmiləri mehmanxana və restoran sahiblərini qiymətlərinə yenidən baxmağa çağırıb. Ancaq çağırış nəticəsiz qalıb
Acarıstan rəsmiləri mehmanxana və restoran sahiblərini qiymətlərinə yenidən baxmağa çağırıb. Ancaq çağırış nəticəsiz qalıb
Ötən ilin avqust ayındakı müharibə və iqtisadi böhran nəticəsində ən çox Gürcüstanın turizm biznesi zərər çəkib. Bir sıra araşdırmaların nəticələri bunu deməyə əsas verir. Bu cür araşdırmalardan birini Gənc iqtisadçılar Assosiasiyası keçirib. Həmin qurumun sədri Ani Katamadze deyir ki, turizm şirkətlərinin 70 faizi ciddi çətinliklərlə üzləşib.

«Turizm şirkətlərinin 45 faizi deyir ki, onların satışı 80 faiz azalıb, bəziləri isə tamamilə işləmir».

MÜXALİFƏT TURİZMƏ MANE OLUR?..

Təxminən eyni vəziyyət barədə turizm şirkətlərinin nümayəndələri də danışır. «World tur» şirkətindən İrina Diasamidze :

«Ötən illə müqayisədə istirahət edənlərin sayı əlbəttə azdır. Bu cür şərait nəinki bizdə, digərlərində də hakimdir. Bu il xarici turistlərin sayı azdır, indi daha çox daxili turizmlə bağlı işlər görürük».

Tanınmış gürcü biznesmen Temur Çkonia xarici turistlərin sayının azlığından şikayətlənir və buna görə müxalifətin etiraz çıxışlarını günahlandırır. O, Kabuletidə dəniz kənarında 5 ulduzlu mehmanxana açıb:

«Təəssüflər olsun ki, xaricdə Gürcüstanın turizm sektoru və mehmanxanalarını təbliğ edən tur -agentliklərdən hələ ki, xəbər yoxdur».

Ona görə də aprel ayının əvvəllərində keçirilən turizm sərgisində əsasən Gürcüstan şirkətləri iştirak edib və ölkə daxilində səyahət və istirahət təklif ediblər.

Sərgi təşkilatçılarından - «Ekspo Corciya» şirkətinin meneceri Nino Qamrekelinin sözlərinə görə, turizm şirkətləri ilə müzakirələrdən sonra daha çox yerli turizmə yönəlik işlər görülüb.

«Sərgi daha çox daxili turizm üçün nəzərdə tutulmuşdu, buna görə də yerli ziyarətçilərin daha çox marağına səbəb olub. Bu xarici şirkətlərin kurortlarını zəif reklam etməsi nəticəsində oldu. Ümumiyyətlə götürdükdə turist dinamikası çox zəifdir».

Xarici turistlərin sayının az olmasına baxmayaraq, Gürcüstan mehmanxanalarının əksəriyyəti xidmət haqqını artırıb. Bunun nəticəsində Gürcüstanın dəniz kənarı və dağ kurortlarında qiymətlər yerli əhali üçün bir az da əlçatmaz olub. Bu səbəbdən yay istirahəti və səyahəti sevənlər Türkiyəyə üstünlük verirlər. Belələrinin arasında həmsöhbətim Nino da var.

«Türkiyədə istirahət daha komfortludur. Ucuz başa gəlir, xidmət isə yüksəkdir. Gürcüstan kurortları ilə müqayisədə Türkiyədə istirahət daha yaxşı təşkil olunub».

XORVATİYA KİMİ

Qiymətlər və digər çətinliklər barədə Acarıstanın turizm departamentinin rəhbəri Temur Diasamidze danışır: «Müharibədən sonra ölkə öz imicini düzəltmək üçün Xorvatiya kimi milyonlarla dollar pul sərf etməlidir. Artıq heç kim xatırlamır ki, Xorvatiyanı bombalayıblar. Bu, əlbəttə daxili gərginlikdir. Yerdə qalan isə uzun illərdir bizi narahat edən yüksək qiymətlərdir».

Acarıstan rəsmiləri mehmanxana və restoran sahiblərini qiymətlərinə yenidən baxmağa çağırıb. Ancaq çağırış nəticəsiz qalıb. Bu il Acarıstanda 300 mindən artıq turistin gələcəyi gözlənilir. Bu isə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır. Gənc iqtisadçılar assosiasiyanın fikrincə siyasi sabitlik şəraitində 2007-ci ilin göstəricilərinə nail olmaq üçün Gürcüstanın turizm biznesinə azı 4 il tələb olunur.
XS
SM
MD
LG