Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:51

«Hakim elitada sülh sazişinə qarşı çıxanlar ola bilər»


Tomas de Vaal
«İlham Əliyevin son dedikləri – axır illərdə Azərbaycan rəhbərliyindən eşitdiklərimizdən fərqli fikirlərdir – fərqli mövqedir. Xüsusən də İlham Əliyevin bir müddət qabaq bildirdiyi o fikir ki, o, ermənilərin Qarabağla əlaqə üçün dəhliz istəməsini başa düşülən sayır.

Bura iki ölkənin ziyalılarının Bakı, Yerevan və Qarabağa etdikləri son səfəri də əlavə etsək, belə nəticə çıxarmaq olar ki, konfliktlə bağlı yaranmış ab-havada dəyişiklik baş verir».

Bunu tanınmış britaniyalı jurnalist, «Qara bağ» kitabının müəllifi Tomas de Vaal İlham Əliyevin Rusiya televiziyasına verdiyi son iki müsahibənin onda yaratdığı təəssüratı Azadlıq Radiosu ilə bölüşərkən deyib.

«Amma - bu ab-hava dəyişikliyi sülh sazişinin bağlanması üçün kifayət edəcəkmi? – bax bu ayrı bir sualdır. Amma ovqatın dəyişməsi problemin həlli prosesində yeni bir faktordur».

- Əliyevlə Sarkisyan bir müddət qabaq Rusiyanın təşəbbüsü ilə münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə də imzalayıblar. Sizcə Rusiya istəsə, Qarabağ problemini həll edə bilərmi?

- Rusiya bunu tək edə bilməz. Çünki bu konflikt yalnız azərbaycanlılar və ermənilər tərəfindən çözülə bilər. Amma biz onu da görürük ki, Rusiya keçən ilki Cənubi Osetiya müharibəsindən sonra öz imicini yaxşılaşdırmaq istəyir, Ermənistan və xüsusilə Azərbaycanla əlaqələrini daha da sıxlaşdırmağa çalışır. Azərbaycanla Rusiya arasında bu yaxınlarda bağlanan qaz müqaviləsi də bu baxımdan çox əhəmiyyətlidir.

Azərbaycanın indi Rusiyayla yaxşı əlaqələri var. Bundan başqa məncə, Rusiya Qarabağ məsələsində Türkiyə ilə və müəyyən mənada Amerika ilə koordinasiya olunan addımlar atır. Xüsusən Moskva və Ankaranın bu məsələdə bir-biriylə əlaqəli hərəkət etməsi də problemin həllində yeni bir faktordur.

- Liderlər öz yerində, bəs Azərbaycan və erməni xalqları sülhə hazırdılarmı?

- Məncə ən vacib məsələ elə budur və məncə bunun cavabı odur ki, yəqin ki, hazır deyillər. Məncə bu, liderlərin günahıdır ki, onlar çox məxfi və dar formatda danışıqlar aparırlar.

Bir tərəfdən onlar ortaya çıxan yeni ideyalar haqda öz xalqlarına məlumat vermirlər, öz ictimaiyyətləri qarşısında çıxış edəndə ifrat millətçi bəyanatlar verirlər, o biri tərəfdən isə qərar verirlər ki, danışıqlarda tonu dəyişsinlər. Halbuki onlar irəli getdikləri vaxt, ictimaiyyət keçmişdə qalır. Məncə bu ən böyük problemdir.

- Sizcə, mümkün sazişə Azərbaycanda və Ermənistanda hansı reaksiyalar ola bilər?

- Ermənistanda kütləvi etirazlar ola bilər. Vaxtilə Levon Ter-Petrosyanın hakimiyyətdən getməsinə onun sülh sazişi bağlamaq istəyi səbəb olub. Azərbaycanda isə vaxtilə üç yüksək vəzifəli şəxs – Tofiq Zülfüqarov, Eldar Namazov və Vəfa Quluzadə Qarabağ danışıqlarındakı bir sıra məqamlara etiraz olaraq istefa vermişdilər.

Ola bilər ki, Ermənistanda etirazlar daha nümayişkaranə, Azərbaycanda isə daha məhdud çərçivədə baş versin, amma sülh sazişinə qarşı çıxanların, güzəştlərə etiraz edənlərin olacağını güman etmək olar.

- Amma bəziləri düşünür ki, Azərbaycanda müxalifət çox zəifdir...

- Düzdü. Amma yaddan çıxarmaq olmaz ki, Heydər Əliyev oğlundan daha güclü fiqur idi, amma o bu məsələdə böyük güzəştlərə gedə bilmədi. Bundan başqa Dağlıq Qarabağı da yaddan çıxarmaq olmaz.

Onlar danışıqlar prosesində iştirak etməsələr də, elə edə bilərlər ki, sülh sazişi baş tutmasın. Azərbaycana gəldikdə, düzdü, hakimiyyət necə deyərlər, küçələrə tam nəzarət edir. Amma əgər sülh sazişinin əleyhinə çıxan olarsa, bu əsasən hakim komanda içində baş verə bilər. Bu elə bir məsələdir ki, ölkələrdəki etirazlar problemə çevrilə və sülh sazişinin üstündən xətt çəkə bilər.

- Gözləmək olarmı ki, 2009-cu il Qarabağ probleminin həllində dönüş ili olacaq?

- Mən də bunu istərdim. Amma bu məsələyə mən bir az skeptik yanaşıram. Çünki əvvəllər də elə məqamlar olub ki, bizə deyiblər ki, artıq münaqişənin həlli çox yaxındadır. Məncə, bu barədə prezidentlərin öz xalqlarına dedikləri vacibdir, nəinki Rusiya televiziyasına. Əgər Azərbaycanda və Ermənistanda prezidentlər öz ölkələrinin televiziyalarına güzəştlər haqda danışsalar, bax onda konfliktin həllində dönüşün yaxınlaşması haqda fikir söyləmək olar.
XS
SM
MD
LG