Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:13

Erməni politoloq: «Sülh danışıqlarında ciddi dönüş gözləmirəm»


Riçard Girakosyan
Riçard Girakosyan

"Mən Qarabağ danışıqlarında hər hansı ciddi dönüş gözləmirəm. Tərəflər arasında fikir ayrılıqları və ziddiyyətlər çox dərindir. Və mən düşünmürəm ki, Bakı, Yerevan və Moskva problemin həllinə doğrudan da hazırdılar”.

Bunu Yerevanda yerləşən Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Girakosyan Azadlıq Radiosuna müsahibəsində deyir.

“Hesab edirəm ki, əvvəla tərəflər ciddi güzəştlərə getməkdən çox uzaqdırlar. Eyni zamanda Ermənistan və Azərbaycan hakimiyyətlərinin legitimliklə bağlı problemləri var.

Bu isə o deməkdir ki, nə Azərbaycan, nə də Ermənistan rəhbərliyi sülh sazişi imzalamaqla risqə gedə bilərlər.

Çünki onlar xalq arasında çox populyar deyillər, yalnız böyük dəstəklərinin olması bu sazişin xalqlar tərəfindən qəbul edilməsinə şərait yarada bilərdi”.

Ermənistan və Azərbaycan prezidentlərinin iyulun ortalarında baş tutacaq Moskva görüşü ərəfəsində tərəflərin sülhə çox yaxın olması haqda proqnozlar səslənməyə başlayıb.

Elə Azərbaycan prezidenti İlham Əliyev də Rusiya televiziyasına verdiyi son müsahibələrdə bildirib ki, Ermənistana Qarabağla əlaqə üçün dəhliz verilməsi məsələsini effektiv şəkildə həll etmək olar, Qarabağ ətrafındakı bütün rayonların sülh sazişi imzalanacağı halda 5 il ərzində Azərbaycana qaytarılması mümkündür.

- Məncə, İlham Əliyevin açıqladıqları Minsk qrupunun bir müddətdi üzərində işlədiyi məsələlərdir.

Bu bir tərəfdən Metyu Brayza və başqa rəsmilərin Qarabağ danışıqları və Türkiyə-Ermənistan dialoqunun paralel proseslər şəkilndə cərəyan etməsi haqda optimizmini təsdiqləyir. Eyni zamanda optimizm və Moskva görüşünə ümidlər cənab Əliyevin bu fikirlərində öz təsdiqini tapır.

Rusiya və Azərbaycan prezidentləri Bakıda görüşərkən. 29 iyun 2009

Ən mühüm məsələ isə odur ki, bir yandan Rusiya prezidenti Medvedev Bakıya son səfəri zamanı Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və güman ki erməniyönlü siyasətindən uzaqlaşmaq istəyini göstərdi. Amma o biri yandan bu səfər bir faktın da aşkara çıxmasına şərait yaratdı - münaqişənin həllinə mane olan ən real problem, məsələlərin kökündə dayanan problem elə Rusiyanın özüdür.

İndiyəcən Rusiya status-kvonun qorunub saxlanmasına, konfliktin donmuş vəziyyətdə qalmasına çalışırdı. Ona görə də ermənilər və azərbaycanlılar üçün əsas sual odur ki, Rusiya münaqişənin həlli üçün tərəfləri görüşdürmək səylərində nə dərəcədə səmimidir.

- Bəziləri düşünür ki, Azərbaycanın Rusiyayla bağladığı qaz sazişi dolayısı ilə Qarabağ danışıqları ilə də bağlı ola bilər. O mənada ki, Bakı Moskvanın Qarabağ məsələsində səylərini artırması müqabilində ona qarşılıqlı güzəşt edir...

- Yox, məncə bu daha çox Türkiyə-Ermənistan diplomatiyası ilə əlaqədardır. Bu onu göstərir ki, Bakı Ankara və Yerevan arasında hər hansı razılaşmanın nəticəsində izolyasiya olunmasını istəmir, nümayiş etdirir ki, regionda strateji əhəmiyyəti böyükdür və Türkiyə onu inkar edə bilməz. Bununla həm də Rusiyaya xatırladılır ki, Azərbaycanın regionda qüdrəti artan bir güc mərkəzidir.

- Xalq diplomatiyasının, ziyalıların Yerevana, Bakıya, Qarabağa səfər etməsinin səmərəsi haqda nə düşünürsüz?

- Əlbəttə mən bunu alqışlayıram. Bu, Azərbaycan və Rusiya səfirlərinin qoşulduğu “ikinci zolaq diplomatiyası” – xalq diplomatiyasına aid ilk səfər deyil.

Açığı mən hesab edirəm ki, Bakıdan, Yerevandan və Qarabağdan olan insanların görüşməsi, onlar arasında inamın yaranması prosesə ancaq kömək edə bilər.

Xankəndi 2008-ci il.
Amma məsələ burasındadı ki, indiyəcən problemin həllinə mane olan əsas amil xalqlar arasında əlaqələrin yaradılmaması olmayıb. Əsas maneə danışıqlar masasının üstündə olanlar olub. Ona görə də liderlər işlərini ancaq səfirləri görüşdürməklə bitmiş saymamalıdırlar, daha çox iş görülməlidir.

- Sizcə, həmin ziyalılar öz xalqlarının, heç olmasa onun böyük hissəsinin mövqeyini ifadə edirlərmi?


- Mən düşünmürəm ki, onlar xalqı, yaxud ictimai fikri təmsil edirlər.

Onlar hökumətləri təmsil edirlər – nəsə bir yenilik etmək istəyən hökumətlərini. Məncə, Azərbaycanda və Ermənistanda ictimai rəyi sülhə hazırlamaq üçün çox az iş görülüb.

Eynilə Türkiyədə ictimai rəy Ermənistanla bağlana biləcək sazişə hazırlanmayıb. Demokratiya və legitimliklə bağlı problemlər münaqişənin həlli qarşısında əsas maneədir.

- Hamı Ermənistan və Azərbaycan haqda mümkün saziş haqda danışır. Dağlıq Qarabağdakı rejim iki ölkə arasında bağlana bilən sazişin həyata keçməsinə mane ola bilərmi?

- Açığı ən əsas məsələlərdən biri elə budur. Əgər İrlandiya, yaxud Fələstin konfliktlərinə baxsaq, görərik ki, konflikt zonasındakı əhalinin danışıqlara cəlb edilməsi vacibdir.

Dağlıq Qarabağ əhalisinin təmsilçiləri danışıqlarda iştirak etməlidir. Əgər bu olmasa real təhlükə var ki, Dağlıq Qarabağdakılar onların razılıqları olmadan Ermənistan və Azərbaycan arasında bağlanan sazişə etiraz edə bilərlər.

- Amma Ermənistan prezidenti Sarkisyanın dolayısı ilə elə Dağlıq Qarabağdakı rejimi təmsil etdiyini də deyənlər var...

- Bu artıq belə deyil. Düzdü, Sarkisyan da, ondan əvvəlki prezident Koçaryan da Qarabağdandırlar və Qarabağın rəhbərliyindən Ermənistan prezidentliyinə yüksəliblər. Amma Ermənistan və Dağlıq Qarabağ arasında fikir ayrılıqları da var ki, Dağlıq Qarabağın xarici siyasətini həyata keçirmək səlahiyyəti kimdədir.
XS
SM
MD
LG