Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:40

Restoranda ictimai söhbət etmək olmaz?


Adnan Hacızadə və Emin Millinin müdafiəsinə həsr edilən forum
Adnan Hacızadə və Emin Millinin müdafiəsinə həsr edilən forum
«MÜBARİZƏ DAVAM EDƏCƏK»

- Ruslan Bəşirli getdi, indi də Adnanla Emin gedir. Neyləyək bu, bizim taleyimizdir. Yəqin ki, burda hökumətin qulağı var. Mən demək istəyirəm ki, mübarizə davam edəcək.

Müsavat Partiyasının Divan üzvü Hikmət Hacızadə bunu iyulun 8-i polisin saxladığı - «Ol» Gənclər Hərəkatının fəalı Adnan Hacızadənin və «An» Sosial Şəbəkəsinin yaradıcısı Emin Millinin müdafiəsinə həsr edilən forumda dedi. Adnan Hacızadə Hikmət Hacızadənin oğludur.

RESTORANDA İCTİMAİ SÖHBƏT ETMƏK OLMAZ

Şahidlərdən Orxan Qafarlı deyir ki, iyulun 8-də 7 gənc «Lebanese» barında oturub ictimai söhbət edirmişlər. İdmançı geyimində olan iki şəxs onların söhbətinə müdaxilə edərək Adnan Hacızadə ilə Emin Millini döyməyə başlayıblar. Araya girib restoranda sakitliyi bərpa ediblər. Adnan Hacızadənin burnu sınıb, Emin Milli isə həm başından, həm də ayağından xəsarət alıb. Sonra gənclər qərara alıblar ki, polisə gedib hadisəylə bağlı şikayət etsinlər. Orxan Qafarlı deyir ki, Səbail rayon 9 saylı Polis Bölməsində ifadə verdikdən sonra hər iki idmançı formalı şəxs onlardan üzr istəyib:

- Sonradan gördük ki, idmançı formada olan bu iki şəxsi arxa qapıdan azadlığa buraxdılar. Müstəntiq dedi ki, Adnan şübhəli şəxs qismində burda qalmalıdır. Emin dedi ki, o da Adnanla qalmaq istəyir. Müstəntiq razılaşdı.

HƏMİN DALĞA, HƏMİN KOORDİNAT

Forum iştirakçılarından Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı dedi ki, əslində, saxlanan hər iki gənc vətəndaş cəmiyyətində öz fəallıqları ilə seçilirlər. Onların belə bir təxribatla üzləşmələri sırf siyasi fəaliyyətləri ilə bağlıdır:

- Bu, Qənimət Zahidin xuliqanlıqda ittiham edilərək həbs edilməsi ilə eynidir. Mən istəyirəm ki, bu, xüsusi olaraq qeyd edilsin.

DİN-DƏN FƏRQLİ DƏYƏRLƏNDİRMƏ

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə deyir ki, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Üstəlik, o, bu hadisənin siyasiləşdirilməsini də düzgün saymır. Sadiq Gözəlov idmançı formasında olan iki şəxsin sərbəst buraxılmasını isə belə dəyərləndirir:

- Bu 5-6 gənc həmin barda oturublarmış. Gərginlik yaradırmışlar, söyüş söyürmüşlər. Qonşu stolda da iki nəfər oturubmuş. Bunlardan sakit olmalarını istəyiblər. Bu 5-6 gənc də onları söyməyə, döyməyə başlayıblar.

Adnan Hacızadə ilə Emin Millinin müdafiəsinə həsr edilən forumda isə prezident İlham Əliyevə müraciət qəbul edildi. Müraciətdə prezidentin insan haqlarının qorunmasına görə məsuliyyət daşıdığı qeyd edilir və ondan həbs edilən gənclərin dərhal azadlığa buraxılması istənilirdi.

ATALAR VƏ OĞULLAR…

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə dedi ki, hakimiyyət bütün istiqamətdə vətəndaş cəmiyyətlərinə hücuma keçib. Konkret bu halda isə hədəf gənc fəallar seçilib:

- Biz öz övladlarımızla bir yerdəyik. Övladlarımıza dəyən zərbələri biz də qarşılamağa hazırıq. Bir daha hamıya xatırlatmaq istəyirəm. Əgər rejimin azadlıqlara qarşı hücumunu dayandırmaq istəyiriksə, birlikdə mübarizə aparmalıyıq.

Forumda ABŞ və Norveç səfirliklərinin nümayəndələri və Almaniyanın Azərbaycandakı səfiri Peer Stankina da iştirak edirdi. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Dmitri Taraxovski dedi ki, bu hadisə ədalətli şəkildə araşdırılmalı və əsl təqsirkarlar cəzalandırılmalıdır:

- Biz bu hadisədən çox təəssüflənirik. Bu, Azərbaycanın təkcə üzərinə götürdüyü demokratik prinsiplərə yox, həm də ümumbəşəri insani dəyərlərə ziddir. Zərər çəkiblər. Ancaq onlara ilkin tibbi yardım göstərilməyib.

Almaniyanın Azərbaycandakı səfiri Peer Stankina isə dedi ki, iyulun 10-u onun təmsil etdiyi ölkənin ombudsmanı Azərbaycana səfərə gəlməlidir. Emin Milli isə bu səfər ərzində ombudsmanın tərcüməçisi olmalıdır. Səfir ümid etdiyini bildirdi ki, gənclər tezliklə azad edilib öz işlərinə qayıdacaqlar.
XS
SM
MD
LG